“İctimai Liderlər Platforması”nın üzvləri Ermənistanın növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozması haqqında ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Lent.az sözügedən müraciəti təqdim edir:
“Hörmətli prezidentlər,
Bildiyiniz kimi, sizin birbaşa təşəbbüsünüzlə Azərbaycanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatların humanitar atəşkəs zəminində dayandırılması haqqında oktyabrın 10-u, 18-i və 26-da Ermənistan və Azərbaycan arasında razılıq əldə olunub. Lakin təəsüflər olsun ki, sizin hər üç təşəbbüsünüzə işğalçı Ermənsitan tərəfindən məhəl qoyulmamış və atəşkəs rejimi bir neçə dəqiqədən sonra kobud şəkildə pozulub. Ermənistan hər atəşkəs razılaşmasından sonra təkcə Azərbaycanın hərbi mövqelərini deyil, həmçinin münaqişə zonasından çox uzaqda yerləşən şəhər və rayonlarını, orada yaşayan mülki əhalini hədəfə almış və raket atəşinə tutub.
Ən dəhşətlisi isə odur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə gecə vaxtı 3 dəfə Ermənistan tərəfindən atılan SCUD tipli ballistik raketlə vurulmuş və nəticədə uşaq və qadın olmaqla çoxlu sayda mülki şəxslər qətlə yetirilmiş və ciddi bədən xəsarəti alıb. Ermənistan atəşkəs rejimini pozan zaman təkcə ballistik raketlərdən deyil, eyni zamanda qadağan olunmuş kasetli bombalardan da istifadə edib. İndiyə kimi Ermənistanın törətdiyi bu kimi hərbi cinayətlər nəticəsində 65 mülki şəxs həlak olmuş və 297 nəfər yaralanmış, 3000-dən çox mülki obyektə ciddi zərər dəyib.
Ermənistan yenə də bu gün, yəni oktyabrın 26-da saat 8.00-da qüvvəyə minmiş 3-cü humanitar atəşkəs rejimini əvvəlki xislətinə uyğun olaraq kobud şəkildə pozmuş, Azərbaycanın hərbi mövqelərini və mülki əhalinin yaşadığı əraziləri raket və artilleriya atəşinə tutub. Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanın bu gün Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının atəşə tutulması işğalçı ölkənin münaqişənin coğrafiyasının süni şəkildə genişləndirilməsi istəyindən əl çəkmədiyini bir daha nümayiş etdirir.
Hörmətli prezidentlər,
Azərbaycan ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına, götürdüyü öhdəliklərə və əldə olunan razılaşmalara heç vaxt əməl etmədiyini çox yaxşı bilir. Zatən sizin tərəfinizdən münaqişənin sülh yolu ilə həlli üçün hazırlanan baza prinsiplərini rədd edən, bir neçə gün öncə “münaqişənin diplomatik həlli yoxdur” deyən Ermənistanın baş naziri N.Paşinyanın bu gün qüvvəyə minmiş anlaşmanı da pozacağına heç kim şübhə etmirdi.
Ermənistanın heç bir razılaşmaya və kollektiv şəkildə qəbul edilmiş norma və prinsiplərə əməl etməməsinin tək səbəbi onun indiyə kimi cəzasız qalmasıdır. Bu cəzasızlıq isə işğalçı ölkəni ruhlandırır və yeni cinayətlərə sövq edir.
Hesab edirik ki, Ermənistanın "cəzasızlıq limiti" başa çatmış və bəşəriyyət əleyhinə cinayətlər törətmiş işğalçı ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunması günün tələbinə çevrilib.
Sizi ATƏT-in Minsk Qrupunun həmsədr və BMT Təhlükəsizlik Şurasının daimi üzv ölkələrinin rəhbərləri olaraq beynəlxalq hüququn norma və prinsiplərinə, sizin çağırışlara əməl etməyən Ermənistana qarşı təsirli tədbirər görməyə çağırırıq.
Ümid edirik ki, siz, həmsədr ölkələr kimi Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qeyd-şərtsiz yerinə yetirilməsini və işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən çıxarılmasını tələb edəcək və beləliklə, regionda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verəcəksiniz”.