Ölüm hədəsi, oğurlanan əsərlərin sirri, yurda son səfər... – <span style="color:red;">YENİ LAYİHƏ
06 iyul 2019 11:00 (UTC +04:00)

Ölüm hədəsi, oğurlanan əsərlərin sirri, yurda son səfər... – YENİ LAYİHƏ

Lent.az-ın “Şəhid ziyalılarımız” layihəsi davam edir. “Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getmir söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlara həsr olunub. Layihənin ilk qəhrəmanı Xudu Məmmədov olub. Budəfəki “Şəhid ziyalı”mız Fərman Kərimzadədir. 
 
Bütün fəaliyyətinin kökündə, son ucunda yurduna qovuşmaq arzusu, yanğısı dururdu. Fərman Kərimzadə təpədən-dırnağa kökə, milliliyə bağlı adam idi. Bütün əsərlərində də əsas xətt vətən - Azərbaycandır. Bir ömür boyu kökləndiyi bayatısı vardı, indi muğam üstündə xanəndələr oxuyur. 
 
Vedinin yanı dağlar...
Ürəyi, canı dağlar 
Burda bir el var idi 
Siz deyin, hanı, dağlar?! 
 
İnsanın hansı tarixdə, hansı dövrdə doğulması taleyinə təsir göstərərmiş. Qəhrəmanımız 1937-ci ildə dünyaya gəlib. Əlacı olsaydı, gəlməzdi yəqin. Dünyadan xəbəri olan kəs yəqin gəlməz dünyaya.  O da ola 1937-ci ildə, repressiyanın tüğyan etdiyi il. 
 
“Xudafərin körpüsü”, “Çaldıran döyüşü” deyən kimi adı yada düşən yazıçı Fərman Kərimzadədən söhbət açıram. 1937-ci il martın 3-də Qərbi Azərbaycanın indi erməni işğalında olan Vedi mahalının Böyük Vedi kəndində anadan olub. Atası İsmayıl Şeyx Əlioğlu sırf kommunist imiş. Sovet ideologiyasının qatı daşıyıcısı. O vaxt desəydilər ki, Sovet hökuməti dağılacaq, şəksiz adamı dəlixanaya saldırardı.  Hüquq işçisi imiş həm də. Yeri gəlmişkən, bir detalı deyim, sonra unudaram. Fərman Kərimzadə evlənəndən sonra bir dəfə gəlinini Teodor Drayzerin “Kerri bacı” əsərini oxuyan görən qayınata kitabı onun əlindən alıb, Marks və Engelsin həyatı ilə bağlı hekayələr toplusunu gətirib verib ki, bunu oxu. Saf kişi olub,  qulluq etdiyi dövlətə sədaqət də o saflıqdan irəli gəlir. 
 
Fərmanın anası Qəmər isə təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman da, digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb. 
 
Ailədə üç qardaş, iki bacı olublar. Oğlanların kiçiyi Fərman Kərimzadədir. Böyük qardaşı Rəşid 1945-ci ilə qədər vuruşub, qələbəni yaşayıb, sağ-salamat qayıdıb vətənə. İkinci qardaş - Telman oxumuş, ziyalı adam idi. Əkiz bacılar Sara ilə Zəhra hər ikisi müəllimə olublar. Qaçqınlıq həyatı yaşayan bu ailənin uşaqları təhsildən yayınmayıblar. 
 
1948-ci ildə, Fərmanın 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Gəlib Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar. 
 
Yazılarından birində yazır ki, Beyləqandan ayağımda qaloşla Bakıya üz tutdum, oxumaq üçün. Orta məktəbdə hamı onu yaxşı rəsm çəkən bilirmiş. Deyirmişlər ki, sən rəssam olacaqsan. Söz Fərmanın beynində o qədər özünə yer edib ki, gəlib Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Çəkdiyi rəsmlərə baxıb, köks ötürərmiş. Hamı o rəsmlərdən zövq alsa da Fərman içində nə isə bir sıxıntı hiss edirmiş. Elə bil nə isə çatmır, özünü tam ifadə etmədiyindən nigaran qalırmış. Rəssamlığı başa vurub, 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib. Ona qədər artıq başqa bir istedadı özünü büruzə vermişdi. Rəssamlıqda oxuyanda ilk hekayələri qəzetlərdə çap olunmağa başlamışdı. 
 
Orta məktəbə sığmadığını hiss etdiyindən dəvət aldığı "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi kimi işə başlayır. Sonralar həmin redaksiyada şöbə müdiri, məsul katib işləyib (1962-1965). 
 
Burda da özünə yer tapa bilməyib, Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir. Bu təhsil onunla ömrü boyu yoldaş olub. Ömrünün sonuna kimi müxtəlif filmlərin ssenarisini yazıb. Yazıçılığı ilə bərabər, ssenari müəllifi  kimi fəaliyyət göstərib.
 
Fərman Kərimzadə ikinci dəfə Bakıya artıq qaloşla oxumağa deyil, ailəsi ilə birgə işləməyə gəlib. “41 nömrəli ayaqqabı” əsəri və “Sonuncu eksponat” kitabı çap olunandan sonra artıq imzası tanınmışdı. Onu Bakıya redaksiyalarda işə dəvət edirdilər. Üç yaşında bir qızları vardı, ikinci uşaq isə yenicə dünyaya gəlmişdi. Ali təhsilli həkim olan xanımı Fərmanı Bakıya redaksiyada işləməyə getməsi üçün dilə tuturdu. Köçürlər Bakıya. Hə, bu ağıllı qadının yazıçının həyatına necə daxil olmasını da danışım. 
 
Kasıb olduğundan qızı ona verməyiblər
 
Bakıda tanış olublar. Xalidə Tibb Universitetində təhsil alırmış. Fərman Tibb Universitetinə bir kəndçisi, orta məktəb yoldaşı olan qızın ziyarətinə gedib-gəlirmiş. Xalidəni də o zaman görüb və özü danışırmış ki, görən kimi vurulub. Heç ləngimədən, bir neçə günün içində elçilərini göndərib. Qız evi imkanlı olduğundan Xalidəni kasıb yazıçıya vermək istəməyiblər. Bəhanə gətiriblər ki, yemək bişirə bilmir, hələ uşaqdır. Fərman Kərimzadə məsələni dostu Məmməd Aslana açır. Məmməd Aslan deyir ki, gedək, mən qızın “hə”sini alacam. Şairin sinəsinə döyüb özünü öyməsi nəinki nəticə vermir, hətta əks nəticə verir. Elçilər evdən qovulur. Başqa yolu qalmadığını görən Fərman Kərimzadə maşın tutub, qızı götürüb qaçırır. Qız heç bir etiraz etməyib, sakitcə oturub maşına. Gözlərindən bircə damla yaş yanaqları boyu axıb... 
 
Ailə qurandan sonra çox əziyyət çəkirlər. Qızın ata-anası əslində haqlı idilər, bilirdilər ki, qız kasıb oğlanla maddi çətinlikdə yaşayacaq. Şıltaq varlı qızı hər şeyə dözürmüş, çünki ürəyini özü qaçmazdan əvvəl qaçırmışdı kasıb oğlana. Çox seviblər bir-birilərini. Çətinliyə birgə sinə gərmək yalnız güclü sevginin sayəsində ola bilər. Fərman şıltaq qızın hər nazına da ona görə dözürmüş ki, o qız hər şeyə rəğmən onunla əl-ələ verib çətinliyə qənşər gedə bilən həmin qızdır.  Və zamanı gələndə nişan üzüyünü satıb çörəyə verəcək qədər mərddir. 
 
Bakıya köçəndən sonra Fərman Kərimzadə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966-1970), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olub. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləyib. Bütün bunlar onun içindəki təlatümlərin nəticəsi idi. Adam yazırdı, yaradırdı, neçə-neçə tarixi romanların, kino ssenarilərin müəllifi idi, amma nə isə axtarışda idi yenə. Qəlbində bir yurd-yuva, doğma ocaq həsrəti olan yazıçı özünə necə yer tapa bilər ki… 
 
Altmışıncı illər nəsrinin görkəmli nümayəndələrindən biri idi Fərman Kərimzadə. Sənətkar uşaqlıqdan yurdundan deportasiya olunmaq kimi bir tarix yaşamışdı. Azərbaycanın tarixini, keçmişini gözəl bilirdi və gələcəyindən nigaran idi. Ona görə də yazdıqları hamısı əsil ədəbiyyat nümunələridir. Ədəbiyyat əslində elə həyatdır. Yazdıqlarının ruhunda həyatda yaşananlar olmasa, o, səmimi olmayacaq və oxunmayacaq. Fərman Kərimzadənin yaşadıqları onun ədəbiyyatı da gözəl bilməsinə gətirib çıxartmışdı. 
 
Sabir Rüstəmxanlı "Salam, Fərman" memuarında yazır: "Bütün ağlı, insanlığı, mənəvi gözəlliyi ilə Allah onu xoşbəxt yaratmışdı. Amma bu xoşbəxtliyin içində kənardan heç kəsin görmədiyi, duymadığı bir dərd vardı..."
 
Fərman Kərimzadə əslində yaşadıqlarını, xalqının düçar olduqlarını tarixi faktlarla qələmə alan yazıçı idi. Bir az da taleyi ilə yaradıcılığı bənzərdir. 100 ildir xalqının başına gətirilənlər onun yaradıcılığının əsas xəttidir. 
 
XX əsrdə ən faciəli tarixini yaşayan Vedi və vedililər dəfələrlə namərd, məkrli erməni fırıldağının qurbanı olub, deportasiyaya məruz qaldı. 1948-ci ildə başlanan deportasiyada onun da nəsli, el-obası sürgünlərə, haqsızlıqlara  düçar oldu. Fərman Kərimzadə bu taleyi yaşadı. Ancaq illər keçsə də Vedini unuda bilmədi. Ağrı dağının ağrıları iliyinə işlədi. 
 
Müharibə mövzusunda yazdığı hekayələrlə yanaşı, "Ölülər yalan danışmır", "Mis qazan", "Talada", "Ümid", "Xınalıq" və başqa hekayələrində, "Xallı maral", "Toy dəvətnaməsi" povestlərində də güclü və həyatidir. 
 
Qəmlonun qohumlarının ölüm təhdidi
 
1974-cü ildə, nəhayət, Bakıda müxtəlif yerlərdə kirayədə yaşayan ailəni Adil İsgəndərov sevindirir. Onun “Qarlı aşırım” romanı əsasında “Azərbaycanfilm” “Axırıncı aşırım” adlı möhtəşəm filmi 1971-ci ildə çəkib ərsəyə gətirmişdi. Fərman Kərimzadə kinostudiyanın ssenaristi idi artıq. Mütəmadi Adil İsgəndərovla birlikdə işləyirdilər. Kinostudiyanın işçilərinə ev veriləndə direktor Adil İsgəndərov ev siyahısına Fərman Kərimzadənin də adını salır ki, ssenarist kinostudiyaya yaxın olsun və daha da sıx işləsinlər. 
 
Söz “Axırıncı aşırım”dan düşmüşkən. Bu filmə görə Fərman Kərimzadənin başı çox çəkib. Qızı Yeganənin dediyinə görə, hədələyirmişlər “öldürəcəyik” deyə. Qəmlonun qohumları hətta başına pul qoyublar Fərman Kərimzadənin: “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəldi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış. Babamgil ona danışıblar, hadisələri bilib. Oradakı obrazlar kimlər idi? Qohumlar, yaxın adamlar. Xəlil obrazı atamın doğmaca dayısı oğlu idi. Nənəm ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirdi. Abbasqulu bəy atasının ən yaxın silahdaşı, qohumu, dostu idi. Kərbəlayi İsmayıl da uzaq adam deyildi”.  
 
Yazıçı adətən həyatı hadisələrdə qəhrəmanların adını olduğu kimi vermir, dəyişir. Fərman Kərimzadə isə romanlarında yalnız ədəbiyyatın deyil, tarixin də təəssübünü çəkib. Məsələn, Qəmbəralı imiş adı, Qəmlo deyirmişlər. Onu dəyişə də bilərdi ki, qohumları yazıçıya düşmən kəsilməsinlər, amma Fərman müəllim dəyişməyib.       
 
Nəsrəddin Tusi haqqında əsər yazıbmış. Yazıb bitirəndən sonra əsər yaşadığı evdən yoxa çıxıb. Andranik haqqında yazdığı əsər də eyni taleyi yaşayıb. Belə görünür ki, yazıçı ömür boyu nəzarət altında yaşayıb, yaşadıqları azmış kimi. Qızının danışdıqlarından: “Mən balaca idim, onda həyət evində qalırdıq. Gecə yatanda qapılar açıq qalmışdı. Birdən səs gəldi, ayıldım. Gördüm evdə tanımadığım bir qadın var. O qadının görünüşü hələ də yadımdadır. Tez anamı çağırdım, bu zaman qadın evdən qaçdı. Səhərə yaxın idi. Heç kim oyanmadı. Sabah bunu evdəkilərə danışanda mənə gülüb inanmadılar. Sonra məlum oldu ki, evdən əsər oğurlanıb”.  
 
Yuqoslaviya müharibəsi ilə bağlı daha bir roman 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.  
 
Yazmadığı gün olmazmış. Xüsusən gecələr yazırmış Fərman Kərimzadə. Onun işini yalnız ellilərinə yardıma gedərkən yarımçıq qoyması mümkün idi. “Çaldıran döyüşü”nü yazarkən, gördüm ki, otaqdan çıxmır, gecəni səhərəcən yatmayıb. Kabinetini qapısı bağlı, işıq yanırdı. İçəri girib çayını təzələdim. Qayıtdım ki, ata çayını iç. Çöndü, mənə qəribə şəkildə baxdı. Gözləri qan çanağı idi. O, məni nə gördü, nə də eşitdi”.
 
Vediyə son gediş  
 
1988-1989-cu illərdə Vedinin qara günləri yenidən başladı.  Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.
 
Vedinin adı çəkilən kimi Fərman Kərimzadənin gözündə yaş gilələnirdi. 
 
1988-ci il hadisələrində o vaxt hakimiyyətdə olan Ə. Vəzirov onu çağırıb deyir ki, sən o bölgədənsən, adamların yerləşdirilməsi ilə məşğul ol. Fərman Kərimzadə evdən pul aparıb camaata paylayırdı ki, yerləşincə, iş tapınca xərclikləri olsun. Qərbi Azərbaycandan köçəndə ermənilər onları tutmasın deyə qamışlıqda gizlənmişdilər insanlar. Fərman Kərimzadə hərbçilərlə birlikdə onlara kömək edirmiş. Vedililər o vaxt daha çox Tərtər rayonunda və ətraf rayonlarda yerləşdirilmişdi. Sonralar ermənilərin atəşindən qurtulmaq üçün Tərtərdən, Kəlbəcərdən həmin insanlar yenə qaçmalı oldular. Fərman Kərimzadə o ağır günlərdə onlara köməyə tələsəndə insult olmuşdu. 
 
Azadlıq hərəkatında iştirak edirdi. Azərbaycanın işğal altında olan tarixi torpaqlarını azad görmək istəyi onu bu yola gətirmişdi. Azad görmək üçün o hərəkatda onun da əməyi olsun, bəlkə də hadisələri tezləşdirsin, doğma Vedisinə özü də qayıtsın deyə. Bunu yalnız milli kimliyini, tarixini bilən adam edə bilər. Kimliyindən bixəbərlər heç vaxt vətənpərvər ola bilməz. Vətənpərvər adam idi Fərman Kərimzadə, çünki təpədən-dırnağa azərbaycanlı idi adam. Bunu bilmək üçün onu həyatda görməyə, tanımağa ehtiyac yoxdur. Bütün yaradıcılığı, fəaliyyəti sübutdur.  
 
Bir dəfə Naxçıvana toya gediblər ailəlikcə. Daha doğrusu, Fərman Kərimzadənin ikinci həyat yoldaşından olan qızının toyu imiş. 
 
Bu barədə danışmağın vaxtı çatdı, deyəsən. Fərman Kərimzadə bir dəfə işi ilə bağlı ailəsindən bir neçə aylıq uzaqda yaşayıb və orda evlənib. Bu xanımdan bir qızı da olub. Çox keçmədən ondan ayrılıb, qayıdıb evinə. Həmin müddət ərzində yalnız xanımının gözünə görünməmək üçün evinə gəlməzmiş, amma məktəbə uşaqlarının yanına gedirmiş. Evə qayıtmağı isə elə-belə səssizcə olub. Bir gün qapı açarla açılıb və ailənin böyüyü gəlib evə. Heç kim heç bir söz deməyib, Xalidə xanım onu gəldiyi kimi səssizliklə də bağışlayıb onu. Qadının böyüklüyü. 
 
Belə... 
 
Qızı Yeganə xanım danışır ki, bacısının toyuna gediblər Naxçıvana. 1986-cı ildə. Ordan da Vediyə baş çəkiblər: “Məni də apardı. Bir-bir ata-baba yurdumuzu bizə göstərdi. Dedi, ölüb qalmaq istəyirəm burda. Orda bir ağız oxudu da. “Apardı sellər Saranı” mahnısını... Elə bil ayrılıq ürəyinə dammışdı...”  Bu son görüşü olub onun doğma yurdu ilə. Sonra yalnız həmkəndlilərinin ordan çıxmasına yardıma gedib.    
 
1989-cu ilin martında Fərman Kərimzadə yenə həmyerlilərinə yardıma gedib. Tərtərdəki Vedililərin üstünü qara buludlar almışdı, həm də bütün qarabağlılar kimi. Atəş altında olan kəndlərdən adamları uzaqlaşdırırmışlar. Eyni kəndə yenidən qayıdanda görüb ki, bir qadın 5 uşağı ilə ortalıqda qalıb. Qadın bu qədd-qamətli, Koroğluya bənzər azərbaycanlı kişini görüb, ağlamağa başlayıb ki, mən küçələrdə qalmışam. Fərman Kərimzadəni elə bil ildırım vurub. Dönüb ətrafda başılovlu, yalnız öz ailəsini xilas etmək üçün çarpışan binəva kişilərə: “Kişi olun, bir qadını 5 uşaqla ortalıqda qoymusunuz?!” – deyə necə qışqırıbsa arxası üstdə yıxılıb. İnsult. 
 
“O zaman mənim 26 yaşım vardı. Anamla axır çərşənbədə şirniyyat bişirirdik. Birdən zəng gəldi ki, atanın təzyiqi qalxıb. Yaxın adamlar, qardaşım yığışıb Respublika Xəstəxanasından vertolyotla kəndə həkim apardı. Sən demə, atam keçinib, amma bizə deməyiblər. Yazıçılar İttifaqından Lida xanıma zəng edib dedi ki, “Yeganə, nəsə lazımdır?”, Dedim, yox, qayıtdı ki, “Allah rəhmət etsin”. Həmin an ayağım və dilim tutuldu. Qonşumuz Xumar xala məni atamın yazı otağına saldı, dedi, səsin çıxmasın, anan atanın meyiti gələnə kimi bilməsin, o da ölər”. 
 
Bütün fəaliyyətinin kökündə, son ucunda yurduna qovuşmaq arzusu, yanğısı dururdu. Fərman Kərimzadə təpədən-dırnağa kökə, milliliyə bağlı adam idi. Bütün əsərlərində də əsas xətt vətən - Azərbaycandır. Bir ömür boyu kökləndiyi bayatısı vardı, indi muğam üstündə xanəndələr oxuyur: 
 
Vedinin yanı dağlar...
Ürəyi, canı dağlar 
Burda bir el var idi 
Siz deyin, hanı, dağlar?! 
 
 
Ramilə Qurbanlı   
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7386
avatar

Oxşar yazılar