"Sağlam həyat tərzi” - bədəndə gedən patoloji proseslərin qarşısının alınması və sağlamlığın yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər prosesidir.
Ümumiyyətlə, araşdırmalara görə insan sağlamlığı asılıdır:
İnsanın həyat tərzi - 50 faiz
Bioloji amillər - 20 faiz
Xarici mühit amilləri - 20 faiz
Tibbi xidmət – 10 faiz
Həyat tərzi - insanların gündəlik həyatının xüsusiyyətlərini səciyyələndirən anlayışdır.
Sağlam həyat tərzi isə - sağlamlığın qorunmasına və möhkəmləndirilməsinə, iş qabiliyyətinin yüksək səviyyədə saxlanmasına, fəal uzunömürlülüyə nail olunmasına yönəldilən, elmi əsaslandırılmış sanitar-gigiyenik normativlərə əsaslanan gigiyenik davranış kimi səciyyələndirilir.
Lent.az xəbər verir ki, sağlam həyat tərzi əsasən 5 mərhələdən ibarətdir:
1. Düzgün qidalanma
2. Sağlam yuxu
3. Fiziki aktivlik
4. Pis vərdişlərdən qorunmaq
5. Emosional baxış
Sağlam həyat tərzinin təməli məhz düzgün qidalanma hesab olunur. Sağlam və düzgün qidalanma isə birbaşa insanın özündən asılıdır.
Bəs düzgün qidalanma necə olmalıdır ki, qəbul etdiyimiz qidaların istər keyfiyyəti, istərsə də miqdarı sağlamlığımıza mənfi təsir göstərməsin?
Bakı Baş Səhiyyə Mərkəzinin Zığ Sağlamlıq Mərkəzinin həkim-terapevti Nuranə İsabalayevanın sözlərinə görə, sağlamlıq baxımından düzgün qidalanma istənilən tibbi müalicədən daha üstündür. Hətta tibbi müalicə özü də düzgün qidalanmaya riayət edilmədikdə effektsizdir:
“Həkimlər hər zaman xəstələrlə işləyən zaman onların qidalanma rejiminə individual yanaşırlar. “Qidalanma zamanı hər kəs mütləq bu cür qidalanmalıdır”- deyə bir anlayış yoxdur. Ümumiyyətlə, qidaları yaxşı və ya pis qida kimi qruplaşdıra bilmərik. Araşdırsaq, hər bir qidada insan sağlamlığı üçün faydalı minerallar tapmaq mümkündür. Ümumiyyətlə, hər bir insanın qida rasionunda meyvə-tərəvəz, ət, balıq, yumurta kimi həyat üçün zəruri qidalar olmalıdır. Hətta bir zamanlar qida rasionunda kərə yağının istifadəsi məhdudlaşdırılmışdı, mütəxəssislər tərəfindən heyvansal qidaların ziyanlı olduğu iddia edilirdi. Lakin son araşdırmalar göstərir ki, kərə yağı insan orqanizmi üçün çox faydalıdır, normal insanlarda xolesterinin səviyyəsini qaldırmır. Hətta kərə yağı orqanizmdə tranzitor rolunu oynayaraq bir çox qidalı maddələrin daşınmasında köməkçi vasitə rolunu oynayır. Belə ki, kərə yağının insan orqanizmində hədsiz məhdudlaşdırılması alzeymer, oynaq xəstəliklərinin, sonsuzluğun statistikasının artmasına səbəb olmuşdur”.
Bitki yağlarının da qidalanmada çox mühüm rol oynadığını vurğulayan mütəxəssimiz bitki yağlarının daha çox qızardılmamış halda, salatlara əlavə etməyin daha məqəsədəuyğun olduğunu nəzərə çatdırdı:
“Qidalanmada mümkün qədər ağ ətə (məsələn, quş əti) və aşağı yağ tərkibli balıq ətinə üstünlük verilməlidir. Sənaye üsulu ilə emala məruz qalmış, bişmiş və qızardılmış trans yağlar ehtiva edən qida məhsullarının istehlakından çəkinmək lazımdır. Yeməklərin hazırlanmasında zülal tərkibli qidalara, təzə tərəvəzlərə üstünlük verilməlidir. Belə ki, onlar orqanizm tərəfindən yaxşı mənimsənilir. Həmçinin tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı aradan götürür. Zəif həzm olunan karbohidratlarla zəngin qida maddələrini isə (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və s.) ayrıca istehlak etmək lazımdır. Balıq yeməklərinin hazırlandıqdan sonra tez bir zamanda istehlak edilməsi tövsiyə olunur”.
N.İsabalayeva əvvəllər insanlar üçün düzgün qidalanmanın gün ərzində 4 hissəyə bölünərək qəbul edilməsi fikrinin mövcud olduğunu bildirsə də, bu rejimin hər bir insan üçün öz təsdiqini tapmadığını vurğuladı:
“Hər bir insanın xərclədiyi enerji ilə qəbul etdiyi enerji arasında balans olmalıdır. Bunun üçün hər kəsin qidalanma rejimində hansı qidanın nə vaxt, nə qədər, hansı tezlikdə qəbul edilməsini individual şəkildə müəyyən edirik”.
Həkim-terapevt onu da bildirdi ki, yetişkin orqanizmdən fərqli olaraq böyüyən orqanizmlərdə (uşaqlarda, yeniyetmələrdə) qidalanmada balanslaşdırma fərqli surətdə qurulmalıdır. Onların qida rasionuna tərkibində daha çox karbohidratlar olan, liflə zəngin, proteinli qidaların daxil edilməsi tövsiyə olunur:
“Qidalanma zamanı mayenin düzgün qəbul edilməsi də vacib şərtlərdən biridir. Xüsusən də boş mədəyə spirtli içki qəbul etmək olmaz. Bu halda içki qana asanlıqla və sürətlə sorulur ki, bu da öz növbəsində qaraciyər, böyrək və ürəyə mənfi təsir göstərir. Evdə hazırlanmış turşu və marinadların spirtli içki ilə yanaşı istehlakı da tövsiyə edilmir. Belə qidalar orqanizmdə mayenin uzun müddət qalmasına səbəb olur. Bu da toksinlərin bədəndən xaric olunmasının qarşısını alır”.
Mütəxəssisin sözlərinə görə, düzgün qidalanmanın ən mühüm şərtlərindən biri də asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 15 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur. Bu da artıq çəkinin yaranmasının qarşısını alır.
Beləliklə, sağlamlığınızın keşiyində dayanmaq düzgün qidalanmadan başlayır. Düzgün qidalanmanın qaydalarına riayət edin! Sağlam və xoşbəxt yaşayın!