Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız da var? Fərqi yoxdur, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.
Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan "Haran ağrıyır?" rubrikasında növbəti məqaləni təqdim edir:
“Haran ağrıyır?” da bu dəfə mədə ağrısından qastroenteroloq Anar Salayev danışacaq. Mədə niyə ağrıyır? Hansı ağrıları mədə ağrısı kimi tanıyırıq və bu ağrılardan necə azad ola bilərik?
Anar Salayev
Həkim qeyd edir ki, həddən artıq çox yemək, yanlış qida vərdişləri, qida allergiyası, stress, mövsümi və xarici amillər, tütün, spirtli içkilər və kofein qəbulu mədə ağrısına səbəb ola bilər.
Bundan əlavə qastrit, mədə xorası və reflüks xəstəliyi, şişlər, mədə xərçəngi, virus və bakterial infeksiyalar, qəbizlik və artıq çəki də mədəni narahat edir.
Orqanizmin hormonal balansının pozulması (məsələn hamiləlikdə) mədə ağrısına səbəb olur.
Qastroenteroloq Anar Salayev bildirir ki, bəzən ağızdan udulan əşyalar (düymə, sümük qırıntıları, diş protezi), orqanizmdə formalaşan daşlar (öd daşı və s.), ürəkdə olan ağrılar özünü mədə ağrısı kimi “təqdim” edir.
Qida qəbulundan sonra başlayan, hərəkət zamanı şiddətlənən, gecə yuxudan oyadan ağrılar insanı narahat edir.
Həkim xəfif və keçici ağrılar zamanı uzanıb bir qədər dincəlmək, pəhriz, mədə turşuluğu əleyhinə siroplar, bol ilıq su qəbulu, spirtli və kafeinli içkilərdən, tütündən imtina etmək məsləhət görür.
Razyana, çobanyastığı, reyhan dəmləməsi, sodalı-limonlu ilıq su, aloe suyu, kələm suyu, bundan əlavə qərənfil, nanə, darçın kimi təbii bitkilər ilkin ağrılar zamanı faydalı ola bilər. Əgər, bunları 1-2 gün edən zaman ağrılar şiddətlənərsə, hətta səbəbi bilinməyən xəfif ağrılar olarsa, mütləq ixtisaslı həkimə müraciət edilməlidir.