Həkimlər dünyada ilk dəfə "Alyaskapox" virusundan insanın ölümünü araşdırır, adına həm də "Alyaska çiçək"i deyilən xəstəliyi öyrənirlər. Amerika mediası həyəcan təbili çalır və yeni pandemiyadan qorxur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu xəstəlikdən ABŞ-ın Kenai yarımadasında virusa yoluxmuş bir sakin yanvar ayında dünyasını dəyişib, lakin bu məlumat yalnız indi açıqlanıb.
Qeyd edilib ki, kişi tərəfindən qidalanan sahibsiz pişik infeksiyanın daşıyıcısına çevrilə bilərdi. Alyaska Xalq Sağlamlığı Departamentinin məlumatına görə, bu, Alyaska çiçək xəstəliyindən ölümün yeddinci hadisəsidir. 2015-ci ildə Alyaskada bir insanda çiçək xəstəliyinə bənzər virus aşkar edilib. Qadının çiynində çiçək xəstəliyinə xas olan qırmızı ləkə əmələ gəlib. Təhlillər göstərib ki, xəstəliyin əvvəllər məlum olmayan törədicisi çiçək virusları ailəsinə aiddir. Daha bir Alyaska sakini 2020-ci ildə eyni patogenə yoluxub və 2021-ci ildə bir uşaq da daxil olmaqla daha iki xəstədə virus təsdiqlənib. Elm adamları, Alyaska çiçəyi xəstəsi olan digər üç xəstədə siçanları ovlayan pişiklərin olduğunu aşkar ediblər. Daha sonra eyni virus siçanlarda da aşkar edilib.
Xəstələr arasında əlamətlərə qızdırma, əllərdə səpgilər və genişlənmiş limfa düyünləri daxildir. Epidemioloq doktor Culiya Rokersin sözlərinə görə, heyvanlar ilk növbədə virusa yoluxurlar. O, virusun insandan insana keçməsinə dair heç bir dəlil olmadığını vurğulayıb.
Eyni zamanda, rusiyalı virusoloq Anatoli Altşteynin sözlərinə görə, bu virus heyvanlardan insanlara keçsə də, yüngül formadadır və iz qoymadan keçir. O, aydınlaşdırıb ki, Alyaska çiçəyi insanların uzun müddət məruz qaldığı ortopoxviruslardan biridir. Viroloq əlavə edib ki, bunlara variola virusu, vaksiniya virusu, inək çiçəyi və meymun çiçəyi virusu da daxildir.
Bu infeksiyadan birinci şəxsin ölməsinə münasibət bildirən ekspert qeyd edib ki, xəstə yaşlıdır və xroniki xəstəlikləri var. Onun fikrincə, onda Alyaska çiçək xəstəliyi diaqnozu qoyulsa da, ölümün səbəbi başqa bir patoloji ola bilərdi. O, əmindir ki, virusla bağlı kifayət qədər məlumat olmasa da, ciddi risklər yoxdur.