Serial həvəskarları üçün qorxu janrı hər zaman xüsusi maraq doğurub. Son illərdə bu janrda həm mistik hadisələri, həm psixoloji gərginliyi, həm də cinayət hekayələrini əhatə edən bir sıra uğurlu ekran işləri çəkilib. Onlardan bir çoxu maraqlı süjeti və yaratdığı gərgin atmosferlə tamaşaçıların yaddaşında qalıb.
Lent.az gecələr yuxunuzu qaçıra biləcək 8 qorxu serialını təqdim edir.
"Tezliklə dəhşətli bir şey baş verəcək" (Something very bad is going to happen)
Toyuna cəmi bir həftə qalan qız ətrafında qəribə hadisələrin baş verdiyini hiss etməyə başlayır. Hər şey yaxınlaşmaqda olan dəhşətli hadisədən xəbər verir. “Netflix”də yayımlanan serial qısa müddətdə qorxu janrını sevənlərin diqqətini çəkib.
"Qorxunc qeydlər" (The creep tapes)
Bir kişi elanlar vasitəsilə tanış olduğu yad insanlarla görüşlərini kameraya çəkir. Hər yeni görüş əvvəlkindən daha qorxulu istiqamət alır. Tapılmış videogörüntü hadisələri daha real və narahatedici göstərir.
"Şər" (Evil)
Kilsə üçün çalışan araşdırmaçı ilə psixoloq elm və dinlə izah edilməsi çətin olan müəmmalı işləri araşdırırlar. Hadisələr irəlilədikcə reallıqla fövqəltəbii dünya arasındakı sərhəd getdikcə itir.
"Ono: Derriyə xoş gəlmisiniz" (IT: Welcome to derry)
Serial məşhur “IT” hekayəsindəki hadisələrdən əvvəl Derridə yaşanan dəhşətlərdən bəhs edir. Tamaşaçı şəhəri bürüyən qaranlığın necə başladığını görür.
"Amerika qorxu hekayəsi: Sığınacaq" (American horror story: Asylum)
Serialın ikinci mövsümündə hadisələr psixiatriya xəstəxanasında cərəyan edir. Qəddar təcrübələr, dini fanatizm və izahı mümkün olmayan hadisələr mövsümü serialın ən qorxulu hissələrindən birinə çevirib.
"Blay əmlakının xəyalları" (The haunting of bly manor)
Gənc tərbiyəçi iki uşağa baxmaq üçün köhnə ingilis malikanəsinə gəlir. Çox keçmədən evdə fövqəltəbii qüvvələrin olduğunu anlayır. Ekran işi qorxu ilə yanaşı, dramatik və kədərli hekayəsi ilə də seçilir.
"Beytslərin motelləri" (Bates motel)
“Psycho” filminin öncül hekayəsi olan serial Norman Beytsin necə təhlükəli şəxsə çevrildiyini göstərir. Burada əsas qorxu baş qəhrəmanın psixoloji dünyasından qaynaqlanır.
"Arxiv 81" (Archive 81)
Köhnə lentlərin bərpası ilə məşğul olan bir mütəxəssis 30 il əvvəl yoxa çıxmış sənədli film müəllifinin çəkilişlərini bərpa etmək tapşırığı alır. Lentləri araşdırdıqca keçmişlə indiki zaman arasında qorxunc əlaqənin olduğunu aşkar edir.