Telman Adıgözəlovun 60 illiyi olanda onun qəfil gedişindən sarsılan Ramiz Novruz "Həmin gün ölümün özü də sarsılmışdı. Bəlkə də, Əzrayıl utanırdı. Telman "Əzrayılı utandıran adam oldu". Ölüm ona yaraşmırdı" demişdi. Həqiqətən də, Telman Adıgözəlovun dünyadan qəfil gedişi hamını sarsıtdı. 2010-cu il aprelin 15-i, gözəl yaz səhəri bəd xəbərlə açıldı. Bu il Telman Adıgözəlovun vəfatından 5 il ötür. 5 ildir ki, şux, zarafatcıl bəzən isə qayğılı görməyə alışdığım Telman Adıgözəlovu yalnız lentlərin yaddaşından izləyirik.
Lent.az-ın məlumatına görə, report.az-ın "Ömrün Pərdəarxası" rubrikasının bu dəfəki qonağı xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlovdur. Onunla birlikdə atalı günlərini xatırlayırıq.
- Tural, bu il Telman müəllimin vəfatından 5 il ötür. Ağırdır bilirəm. Amma 5 il necə ötdü? Onun yoxluğu ailədə necə hiss edilir?
- İlk hiss darıxmaqdır. Atanın yoxluğu illər ötdükcə daha çox hiss edilir. Ailəcanlı olduğu üçün ehtiyaclarımızdan tutmuş, hər xırda problemə qədər atam həll edirdi. Onun yoxluğu ilə ailənin yükü, qayğısı yeganə oğul kimi mənim boynuma düşdü. Onsuz darıxırıq, çox darıxırıq. Onun nəsihətinə, məsləhətinə ehtiyacımız var. Ata olanda qərarlarımı onunla məsləhətləşib verirdim. İndi isə hər qərarımı özüm verirəm.
- Telman Adıgözəlov Balakəndə doğulub. Amma çoxları bilmir ki, Telman müəllim əslən ordubadlıdır. Uşaqlıq illərindən sizlərə nə danışıb? Necə uşaq olub?
- Atam Balakəndə anadan olub. Amma babalarım Ordubadın Vənənd kəndindəndir. Babam Ordubaddan köçüb Balakəndə məskunlaşıb. SSRİ dövründə onları zorla köçürüblər. Balakəndə yaşadıqları məhəllə "ordubadlılar məhəlləsi" adlanıb. Bir əmim var. Atam uşaq olanda qolunda yara əmələ gəlib. Həkimlər ailəyə məsləhət görüblər ki, "uşağın qolunda yaranan bu yara getdikcə dərinləşəcək və qol çürüməyə başlayacaq. Ona görə də, uşağı Balakəndən aparın. İqlimi dəyişsə qolu sağalar". Həqiqətən də, belə olub. Balakənin havası rütubətli olduğuna görə babam ailəsi ilə birlikdə Bakıya köçüb. Balakəni tanıyanlar bilir. Orada məscid var. Həmin məscidin qarşısındakı məhəllədə yaşayıblar. İndi həmin küçəyə atamın adı verilib. Yaşadığı evə xatirə lövhəsi də, vurulub. Atamla Balakəndə olanda məni bir zamanlar yaşadığı evə aparıb. Atam uşaqlıq xatirələrini yada salanda həyətlərində olan itdən danışardı. Uşaq olanda bir itləri var imiş. Atam hara gedirmişsə, it onu qoruyurmuş. Günlərin birində qonşu çörəyin içinə iynə qoyub itə atır. Həmin çörəyi yeyən it ölür. Bu hadisə atama yaman təsir edir. 5-6 yaşı var imiş. Oturub ağlayır. Atamın həssas qəlbi var idi. Tez kövrələrdi.
- Telman Adıgözəlov iyulun 17-də doğulub. Yadımdadır, hər dəfə ad günü münasibətilə onu təbrik edəndə fəxrlə "Bu gün həm də, Şah İsmayıl Xətainin ad günüdür" deyərdi. Millətini və milli kimliyini sevən bir adam idi, Telman müəllim.
- Siz ad gününü dediz, yadıma düşdü: atam ad günündə yaman kövrəlirdi. Çox həssas olduğu üçün yaşının üstünə bir yaş da, gələndə qəmli olurdu. Ona görə yox ki, qocalırdı. Nəsə ad günündə qəribə kövrəklik yaşayırdı. Milli mənsubiyyətini çox sevirdi. Türklüyü ilə fəxr edirdi. Tarixi çox oxuyurdu. Ona görə də, evimizdə tarixi kitablar çoxdur. Ümumiyyətlə mütaliə etməyi sevirdi. Milli məsələlərdə çox həssas idi.
- Ananızla tanışlığı, ailə qurması necə olub?
- Anam da Balakənlidir. Elə uşaqlıqdan qonşu olublar. O vaxtdan da, gediş-gəlişləri olub. Atam danışardı ki, dayılarınla uşaqlıq dostu idim. Həmişə bir yerdə oynayardıq. Elə o vaxtdan anamı sevib, bəyənib. Uşaqlıq məhəbbəti olub. Sonralar rayona gedəndə yenidən görüşüblər və ailə qurmağa qərar veriblər.
- Telman müəllim sadə, mehriban, mədəni insan idi. Ailədə necəydi? Sizinlə rəftarı, ünsiyyəti necə qurmuşdu?
- Elə sizin tanıdığınız kimi idi. Mehriban, səmimi, ailəcanlı. Evi, ailəni çox sevirdi. Bizimlə oturub söhbət edərdi, həmişə başa salmağa, düzgün ünsiyyət qurmağa çalışardı. Bacımı və məni heç vaxt danlamayıb, ağır söz deməyib. Hər zaman öyüd-nəsihət verib, başa salıb. Amma tamaşadan gələndə yorğun olurdu. Az danışardı. Bütün enerjisini səhnədə qoyub gəlirdi. Heç kimlə danışmasa da, mənimlə həmişə söhbət edərdi. Günümün necə keçdiyini, nə ilə məşğul olduğumu soruşardı. Lap kiçik yaşlarımdan mənimlə uşaq kimi rəftar etməzdi. Mənə dost kimi baxırdı. Yadımdadır məni aktyor dostları ilə görüşə gedəndə özü ilə aparardı. Bulvarda bir çayxana var idi. Bütün aktyorlar ora yığışardı. Mən də kənardan oturub onlara qulaq asırdım. Söhbətləri mənə maraqlı gəlirdi. Teatrdan, kinodan, sənətdən, hər şeydən danışardılar.
- Kimlər iştirak edirdi o söhbətlərdə?
- Milli Dram Teatrının aktyorları Ramiz Novruz, Sabir Məmmədov, Səyavuş Aslan,... çox aktyorlar olurdu. Söhbətlərini elə maraqla dinləyirdim ki, heç səsim də çıxmırdı.
- Heç onların yanında olanda fikrinizdən keçmirdi ki, bəlkə mən də aktyor olum?
- Yox, belə fikrim olmayıb. Heç həvəsim yox idi bu sənətə. Atamın sənətini sevirdim, amma aktyor olmaq istəməmişəm.
- Aktyor olmaq istəsəydiz Telman müəllim razı olardı?
- Razı olardı. O məni sərbəst böyüdüb. Qadağalar qoymazdı. Əgər məndə belə bir həvəsin, istedadın olduğunu görsəydi, mane olmazdı. Əksinə, kömək edərdi. Seçimi hər zaman mənim öhdəmə buraxırdı.
- Siz əsgərlikdən qayıdandan qısa müddət sonra atanız dünyasını dəyişdi...
- 6 aydan sonra. Sizə deyim ki, əsgərlikdə olanda yanıma tez-tez gəlməyini istəmirdim. Belə şeyləri xoşlamıram. Sıxılırdım. Yanıma cəmi iki dəfə gəlib. Birinci dəfə andiçmə mərasimində gəlmişdi. Orada çıxış da, etdi. İkinci dəfə isə hansısa bayram idi. Yenə yanıma gəldi. Çox gəlməyini istəmirdim. Bir dəfə də, güclü qar yağmışdı. Yadıma gəlir mənə yun corab və isti köynək gətirmişdi (gülür). Ata ürəyidir də. Elə düşünürmüş ki, mənə soyuq olar. Amma gətirdiklərini götürmədim. Dedim ki, hamı necə, mən də elə. Qaytardım hamısını. Amma sonradan peşman oldum ki, gərək geri qaytarmayaydım. Nə bilim o an bunu düşünmədim.
- Dostlarından söhbət açılanda ilk olaraq yada Ramiz Novruz düşür. Ən yaxın dostunun Ramiz Novruz olduğunu bilirəm...
- Hə, Ramiz Novruz ən yaxın dostu idi. Həm də Ramiz müəllimin ailəsi ilə yaxınıq. Atam dünyasını dəyişəndən sonra da, Ramiz müəllim bizi unutmur. Bayramlarda zəngləşirik, xüsusi günlərdə görüşürük. Atamın məzarını ziyarət edir. Elə bu yaxınlarda anamın ad günü idi. Ramiz Novruzun həyat yoldaşı zəng etmişdi. Anamı təbrik etdi. Ramiz müəllim dedi ki, "Mən unutmuşdum. Xanımın yadına düşdü". Tamaşalarına da dəvət edir. Düzdür, vaxt tapıb gedə bilmirik. Amma əlaqələrimiz var.
- Bəs, xanım aktrisalardan?
- Xanım aktrisalar əsasən anamla həmsöhbət olurlar. Kübra Əliyeva anamla yaxındır. Sonra Afaq Bəşirqızının adını çəkə bilərəm. Anama zəng edir, bacımın və mənim toyumda da iştirak edib.
- Telman müəllim sizin toyunuzu görə bilmədi...
- Hə, ona qismət olmadı. Atam dünyasını dəyişəndən sonra bacım da, mən də ailə qurduq. Şükür Allaha hər ikimiz xoşbəxtik. Artıq ailəmizdə balaca Telman Adıgözəlov var. Onun adını oğlum yaşadır. Atam apreldə dünyasını dəyişdi. Oğlum da apreldə dünyaya gəldi. Həm də atama çox oxşayır.
- Telman müəllimin hamıya əl tutduğunu eşitmişəm. Hətta özünə görə heç kimə ağız açmağı sevməyən Telman Adıgözəlov dostlarının xahişlərini məmnuniyyətlə yerinə yetirərmiş...
- Həqiqətən də eləydi. Özünə qarşı həssas deyildi. Amma başqasının bir probleminin olduğunu bilsəydi özünü oda-közə vururdu. Dostlarına, qohumlara, tanışlara hətta qonşulara qarşı çox həssas, çox diqqətli idi. Kimin nə dərdi olsa kömək etməyə çalışırdı. Başımız azca ağrıyanda tez həkim çağırardı. Bütün dostlarına qarşı belə idi. Amma özünə qarşı diqqətli deyildi. Bir əhvalatı deyim. Köhnə evimizdə yaşayanda bir qonşumuz var idi. Çernobıl əlili idi. Onun ev problemi var idi. Atam ona kömək etdi, onun üçün xahişə getdi. Həmin kişini evlə təmin etdilər. Onda hələ mən balaca idim. Aradan çox uzun illər keçdi. Keçmiş qonşumuz Rusiyaya köçdü. Atam rəhmətə gedəndə eşidib, bilet alıb Bakıya gəlmişdi. Deyirdi ki, onun yaxşılığını unuda bilməzdim. Atamın belə yaxşılıqları çox olub. Yaxşılıq etməkdən yorulmurdu.
- Bəs, özünün hansı qayğıları var idi?
- Özümüz yaxşı dolanırdıq. Atam toylara, el şənliklərinə gedirdi. Ailəni dolandırırdı. Korluq çəkmirdik. Heç kimə ağız açmazdı. Əziyyət çəkərdi, hər işi özü görərdi. Kiminsə qarşısında əyilməyi sevməzdi.
- Rəhmətlik Telman müəllim geyim-kecimi çox sevirdi. Paltara pul xərcləməyi xoşlayardı. Amma ölümündən sonra bəzi söhbətlər gəzirdi ki, guya Telman Adıgözəlovun 1000 manatı olmayıb ki, dişlərini düzəltdirsin. Mən bunun belə olmadığını bilirəm. Amma sizin dilinizdən eşitmək istəyirəm...
- Hə, o yazını mən də oxumuşdum. Nə yaxşı toxundunuz. Bilirsiz, belə fikirlər yaymaq yanlışdır. Atam pal-paltara o qədər pul xərcləyirdi. Çox bahalı geyimlər alardı. Yəni üst-başına bu qədər pul xərcləyən adamın 1000 manatı yox idi ki, dişlərini düzəltsin? Sözsüz ki, var idi. Sadəcə, atam yaman qorxurdu. Bir dəfə stomatoloqa getmişdi. Ona iynə vurmuşdular. İynə ona düşməmişdi deyə, şok keçirmişdi. O hadisədən sonra diş həkiminə getmək istəmirdi. Qorxurdu ki, yenə əvvəlki hadisə baş verər. Həm də, bacım gələcəyin stomatoloqu olacaqdı. Ona görə də, atam həmişə deyirdi ki, "Qızım təhsilini bitirib işə başlasın, dişlərimi düzəltməyi ona həvalə edəcəm". Təəssüf ki, bacımın çalışan günlərini görmək ona qismət olmadı.
- Telman müəllimin vəfatından sonra geyimlərinin aqibəti necə oldu? Yadigar kimi nəyi saxlamısınız?
- Geyimləri çox idi. Dünyasını dəyişəndən sonra geyimlərinin çox hissəsini ehtiyacı olan adamlara payladıq. Amma bir hissəsini saxlamışıq. Əsasən qalstuklarını saxlamışıq. Qalstukları çox idi. Hansı ölkəyə gedirdi, oradan qalstuklar alardı. Çox sevirdi qalstuk taxmağı. Qalstuk, kəmər və ayaqqabıya çox pul xərcləyirdi. Bahalı markalardan geyinməyi sevirdi.
- Eşitdiyimə görə, Telman müəllimin xəstəliyi ilə bağlı yanlış diaqnoz qoyulub?
- Vəfatından bir müddət əvvəl sinəsində olan ağrılarla bağlı həkimə müraciət etmişdi. Həkim "ürəyində heç nə yoxdur. Səndə osteoxondroz var. Bu ağrılar duzlaşmanın işarəsidir" demişdi. Uzun müddət bununla bağlı müalicə aldı. Sonradan məlum oldu ki, o ağrıların səbəbi ürəyinin infarkt olması imiş. Bir dəfə gizli infarkt keçirmişdi. Əgər vaxtında düzgün diaqnoz qoyulsaydı, dərmanlarını vaxtı-vaxtında qəbul etsəydi, bəlkə də belə olmazdı. Dünyasını dəyişdiyi gün adi günlərdən biriydi. Kimin ağlına gələrdi ki, belə hadisə olar. Amma vəfatından iki gün əvvəl Fatmayı kəndinə getmişdi. Orada bir qonşu var, sonralar mənə danışdı ki, onunla görüşüb, söhbət edib və ayrılanda da, ona əl edib. Maşın gözdən uzaqlaşıb, itənə qədər əlini maşının şüşəsindən bayıra çıxarıb sağollaşıb. O kişi danışırdı ki, "heç vaxt belə etməzdi. Həmin gün Telman müəllimin bu hərəkətindən nəsə səksəndim". Amma ailədə heç nə hiss etməmişdik. Bizim üçün də adi gün idi.
- Telman müəllim Fatmayı kəndində dəfn olunub. Heç vida mərasimi də olmadı?
- Hə, vida mərasimi də etmədilər. O zaman mənim 23 yaşım var idi. Belə işlər necə olur bilmirdim. Bunu səlahiyyəti olan adamlar etməliydilər. Amma etmədilər. O vaxt Yaşar Nuri etirazını bildirmişdi ki, "Telmana qarşı bu soyuqluq elə bizim hamımıza aiddir". Dostları etiraz etmişdilər, amma belə alındı. İndi isə çox gecdir. Sizə deyim ki, atamın telefonuna nə qədər zənglər gəlirdi. Ölümünə heç kim inanmırdı. Azərbaycanın bütün bölgələrindən, xaricdə yaşayan azərbaycanlılar o qədər zəng edirdilər ki, onu hamı sevirdi.
- Məzarını ailə üzvlərindən başqa kimlər ziyarət edir?
- Dostları, tələbələri məzarını ziyarət edirlər. Bir neçə dəfə müxtəlif rayonlardan avtobuslarla qəbri üstünə gələnlər olub.
- Zahirən atanıza çox bənzəyirsiz. Bəs, xasiyyətiniz necə atanıza oxşayır?
- Zahirən ola bilər. Amma xarakterim fərqlidir. Atam çox ünsiyyətcil idi. Bu xarakter onun sənətindən də irəli gəlirdi. Atam hamı ilə rahatlıqla ünsiyyət qura bilirdi. Danışıb, gülməyi, zarafat etməyi çox sevirdi. Bir misal çəkim. Hər il Balakənə gedəndə bütün qonşulara baş çəkirdi. Yuxarı ərazilərdə avar kəndləri var idi. Həmin kəndlərdə yaşayan dostlarının yanına gedərdi. Belə şeylərdən zövq alırdı. Rayona 3 günlük də getsə, mütləq qonşulara, dostlara baş çəkərdi. Yorulmazdı. Mən fərqliyəm. Xasiyyətim atama çox bənzəmir.
- Telman müəllim hər bölgənin ləhcəsi ilə danışa bilirdi. Ona görə də bütün bölgələr onu doğma bilib, sevirdilər. Sevimli obrazı hansı idi?
- Həqiqətən də, onu bütün bölgələr sevirdi. Bütün obrazları ona əziz idi. Həmişə deyərdi ki, ifa etdiyim obrazları sevməsəm oynaya bilmərəm. Amma həyatının sonunda faciəli obraz ifa etmək istəyirdi. Tragikomediya. Bu ona qismət olmadı. Ümumiyyətlə tragikomediyanı sevirdi.
- Bəs, sizin ən çox sevdiyiniz obrazı hansıdır?
- "Evləri köndələn yar", "Yaşıl eynəkli adam" və "Yarımştat" tamaşalarında olan rollarını çox sevirəm. Hər dəfə nümayiş ediləndə maraqla tamaşa edirəm.
- Tural, Telman müəllim pal-paltardan başqa daha nələri sevirdi? Xüsusi sevimli əşyası vardımı?
- Xəncər-bıçaq kolleksiyası var idi. Bıçaqları yığmağı çox sevirdi. Həm özü alırdı, həm də hədiyyə verirdilər. Xarici ölkələrə qastrollara gedəndə mütləq nəsə alıb gətirərdi. Bir də fanar yığmağı çox sevirdi (Gülür). Heç bilmirəm niyə bu qədər alırdı. Xoşu gəlirdi. Mən balaca olanda iki fanar almışdı. Göy rəngdə olanı mənə, qırmızı rəngdə olanı bacıma. Sonralar hara gedirdi, fanar alırdı. Deyirdi ki, "Birdən elə yerə düşərsiz ki, qaranlıq olar, onda mütləq lazımınız olacaq"(Gülür). Bir də günəş enerjisi ilə çalışan telefon adaptoru almışdı. Qeyri-adi əşyaları yığıb saxlayırdı. Maraqlı xasiyyətləri var idi.
- Atanız sağ olsaydı ondan nəyi soruşardız, nəyi etməsini xahiş edərdiz?
- Yaş ötdükcə bir həqiqəti dərk edirsən. Valideynin xeyir-duasını, halallığını almaq lazımdır. Mən də onun halallığını almaq istəyərdim. Valideynlərin borcundan çıxmaq olmur. Onu düşünəndə ilk ağlıma gələn bu olur.