Bu gün Xalq artisti Rasim Balayevin 66 yaşı tamam olur. Lent.az-ın xəbərinə görə, Dövlət mükafatı laureatı Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olub.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən R.Balayev ilk dəfə “Ulduzlar sönmür” filmində kiçik bir rola çəkilib.
Oynadığı “Nəsimi”, “Babək” və “Sönmüş ocaqların işıqları” filmlərindəki rolları ilə tamaşaçı sevgisini qazanıb.
Rasim Balayev “Azadlıq! Bu şirin söz”, “Sənin ilk saatın”, “Gəncəbasardan olan qisasçı”, “Əlində ildırım olan atlı”, “Sevincin qiyməti”, “Atları yəhərləmək vaxtıdır”, “Cin mikrorayonda”, “Köhnə liman”, “Əclaf”, “Lətifə”, “Doğma sahillər”, “Tələ”, “Şahid”, “Zirzəmi”, “Yarasa”, “Cavid ömrü”, “Sübhün səfiri” və başqa filmlərdə rol alıb.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. Bir sıra orden və medallarla təltif olunub.