Rafael Dadaşov: “Səhnədə hər tərəf-müqabilimə vurulmuşam”
24 fevral 2014 09:37 (UTC +04:00)

Rafael Dadaşov: “Səhnədə hər tərəf-müqabilimə vurulmuşam”

“Bəzən gücüm çatmayıb ki, uşaqlarımı daha da yüksəkliyə qaldırım. Bunu həm maddi, həm mənəvi tərəfdən edə bilmədim. Elə sirlər var ki, açmamışam. Bəzən döydüyüm qapılar bağlı qalıb. Edə bilmədiklərim üçün gecələrim də yuxusuz keçib. Elə hey düşünmüşəm ki, niyə mən övladlarım üçün istədikləri hər şeyi edə bilmirəm. Uşaqlarıma da çox şeyi danışmamışam ki,   deməsinlər atamızın gücü çatmadı. Düzdür, bacardığım nə varsa, etmişəm. Hətta yeri gəlib onlar üçün paltar da yumuşam, yemək də bişirmişəm. Amma elə vacib amillər olub ki, bacarmamışam”. Bu fikirləri APA TV-də yayımlanan “Kimsən sən” proqramının qonağı olan xalq artisti Rafael Dadaşov deyib.
 
Aktyor söhbətə öz adının tarixçəsi ilə başlayıb: “Hər şeyin düşər-düşməzi var. Elə adın da. İnsana ad qoyanda düşünülməlidir ki, o gələcəkdə utanc hissi verməsin. Mən anama sual verərdim ki, adımı niyə Rafael qoyub. Axı o zamanlar biz Avropadan çox uzaqda idik. Anam dedi ki, Rafael adını ona italiyalı rəssam sevdirib. Həmin rəssam Rafael Santi bir rəsm çəkmişdi. O zamandan sevmişdi bu adı və oğlu olunca bu adı ona verəcəyinə əmin idi. Adımı da qoyanda bəlkə də anam hiss etmişdi ki, bu, sənətə yaraşan addır. Özüm ata olanda uşaqlarıma ad qoymaqda çox düşündüm. Gərək adın gözəl mənası olsun. Adam öz adı ilə fəxr edəndə, naxışı da olur”.
 
 
Rafael Dadaşov özünü kinli adam hesab etmir: “Mən kinli adam deyiləm. Mənə olunan pisliyi unutmasam da, eyni cavabı vermirəm. Yeri gələndə sadəcə sözlə cavabını verib oturduram yerində. Amma heç vaxt pislik etmərəm. Bir misal da var ki, pisliyə yaxşılıq et. Mən bu atalar sözünü düzgün hesab etmirəm. Hər halda özüm də atayam və hər hansı sözü deyəcək gücdə hiss edirəm özümü. Pisliyə yaxşılıq etmək qeyri-səmimilikdir. Mən amma deyərdim ki, pisliyə qarşı pislik etmə. Yəni düşmə o adamın yanına, onun tayı olma”.
 
Məhəbbətdən söz açan sənətkar sevgini cənnətlə belə müqayisə edib: “Sevgi naməlum vəziyyətdir. Sevgidə qürur olmamalıdır. Sevgi elə bir vəziyyətdir ki, nə aşağısı, nə də yuxarısı var. Hər iki tərəf eyni yerdədir. Sevgidə tam bərabərlikdir. Burada hər iki nəfər həm qul, həm də ağadır. Küsmək, barışmaq, addım atmaq kimi məsələlər isə məişətə aiddir, sevgiyə yox. Sevgi naməlum vəziyyətdir.  Hərdən cənnətə də çevrilir. Ancaq bütün hallarda bilməliyik ki, kişi güclü məxluqdur. Yükün ağır hissəsi də onun çiyninə düşməlidir. Amma bu fiziki cəhətdəndir. Qadınlar o qədər güclüdür ki, onların yükünü hər kişi çəkə bilməz”.
 
Aktyor iddia edir ki, sevmədən obraza girmək mümkün deyil: “Səhnədə sevməsəm, oynaya bilmərəm. Səhnədə hər tərəf-müqabilimə məhz səhnədə vurulmuşam. Səhnədən enəndən sonra, tamaşa qurtararkən hər şey bitib. Amma obraza o qədər daxil olmuşam ki, rol xətrinə deyil, həqiqətən sevmişəm sanki. Tamaşaçılar da həyatda sevdiyimə inanıblar. O qədər ürəkdən oynamışam. Ümumiyyətlə, mənim saysız obrazlarım olub. Hər biri də bir-birindən dəyərli və üstün idi. Obrazlarımı saysam, görünər ki, bu, bütün aktyorların arzusu ola bilər. Ancaq ürəyimdə qalan rol da olub. Düzdür, azdır, amma var”.
 
Rafael Dadaşov tamaşaçılardan heç kimə şər atmamağı xahiş edib: “ “Bəzi tamaşaçılara demək istəyirəm ki, heç kimə heç vaxt şər atmasınlar. Mən demirəm ki, bizi tərifləyin. Amma pisləməyin də. Çalışın, bizi qaralamayın. Belə söhbətlər adamın qol-qanadını sındırır. Biz sənətkarıq və ömrümüzü sizə sərf edirik. Deyirlər ki, almaz ləkə götürməz. Biz almaz deyilik, amma bilin ki, nə qədər qaralasanız da, ləkə götürməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1252
avatar

Oxşar yazılar