Ağgülün müharibəsi – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ
20 fevral 2013 13:31 (UTC +04:00)

Ağgülün müharibəsi – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ

IV YAZI

 

Kəlbəcərin yeddi dolamasını üzü Taxtaya qalxırdıq. Soltan dayı qarşımıza gəldi və ilk sözü bu oldu ki, Ağgül azarlayıb. Ağgül inəyimizin adıdır. Anam ona “Şves” inək deyirdi. İndi bilirəm ki, bu, İsveçrə (Şvetsariya) cinsi demək imiş. Heç kəs bilmirdi bunu. Çünki o zaman bu cins Azərbaycana gəlmişdi ya gəlməmişdi, bilmirəm, amma bizim tərəkəmələrdə yüz faiz yox idi, sadəcə, sözbaz olan tərəkəmələr uzun, enli və çox süd verən inəklərinə belə ad qoyurdular, bu da bir tərəfdən əzizləmə mənasını verirdi.

 

Ağgülün əmcəyinin bir kor idi, buna baxmayaraq, bir sağıma südü bir vedrəni doldururdu.

 

Anam Ağgülün azarlamasını eşidib, gözlərinin bir yumub, beş tökdü, amma Soltan dayı inəyin sağalmağı üçün bir çıxış yolu qoymadı.

 

Soltan dayı dərədəki İstisu sanatoriyasına gedirdi ki, oradan istisu alsın, arvadı Məleykə xalanın mədəsi xəstə idi.

 

Əvvəl arandan binələrimiz gedirdi, yəni yüngül qab-qacaq, dəyə tikmək üçün beş-altı çubuq və başqa xırda-mırda şeylər. İmişlidən dağdakı yurd yerlərimizə getmək üçün  yeddi dəfə binələr əylənərdi – Beyləqanın Haramı düzü, Qubadlı, Cəbrayıl, Çay, Daş körpü, Mıxtökən, Laçında Minkənd və sair yerlər. Hər yurdda üç, ya dörd gün dayanardıq.

 

Soltan dayı o bəd xəbəri verəndə dəyələrimiz artıq sonuncu yurd yerimizdə toxtamışdı, arxadan ağır evlərimiz gedirdi. Qaz-51 və ya Qaz-53 yük maşınlarının banına ağırlığımız yüklənirdi. Bura daxil idi mitil yığılmış fərməşlər, neft qabları, un kisələri, iri çubuqlar, qablar, ləyənlər və fərməşlərin üstündə ailə üzvləri, arvadlar və uşaqlar əyləşərdi. Maşınlar yurd yerlərinə çatanda çobanlar bir-birilərinə təbrik edib deyirdilər ki, gözün aydın olsun, arvad gəlib.

 

İndi biz yeddi dolamanı çıxırdıq. Soltan dayı qanımızı elə qaraltı ki, Taxtaya necə gəlməyimizdən xəbərimiz olmadı. Taxtada şəhərdən istirahətə gələnlərin çadırları, yeməkxanalar, içində aşıqları, kabab iyi, çal-çağır, peraşki satanların səsi, gödək don geyinmiş şəhər qızlarının voleybol oynamaları, nalbəndlərin fıştırığı, hind filmlərinin şəkillərini satan oğlanların hind musiqilərini yamsılamaları, daha nə bilim nələr və bizə qəribə gələn çox şeylər Taxtanı başına götürmüşdü. Maşının üstündən, çubuqların  arasından utana-utana baxırdıq bu mənzərəyə. Peraşki yeməkdən doymurduq, kabab-zad istəmirdik, çünki biz ilk dəfədi peraşki görürdük. Burdan maşınlar iki istiqamətə ayrılır, biri Qara xaç yolu - Murad təpəsinə, Çaxmaq qayaya, Sarı yerə, Qırmızı təpəyə gedən yol, biri də Soltan Heydər yolu - Gəlin qayasına, Bağırsaq dərəsinə, Ceyran bulağına, Dəli dağa, Sarımsaqlıya, Çalbayıra, Əyriburuna, Süleyman və Lilpar bulaqlarına, Əyri qara, gedən yol. İndi biz gedirik Soltan Heydər yolu ilə Lilpar bulağına…

 

Anam ağlayır, hey öz-özünə deyirdi: “Görəsən Ağgül niyə azarlayıb?”

 

Anam Ağgülə çoxlu nəğmələr qoşub. Hər dəfə sağanda onları oxuyur. İnək də xoşhallanır, südü çox verir və anamdan başqa heç kəsi sağmağa qoymur.

 

Bir dəfə qışlaqda Ağgülün balası öldü… Balası üçün hey mələyirdi Ağgül. Anam dözmürdü, gözünün yaşını saxlaya bilmirdi… Yeriyəndə əmcəyindən süd tökülürdü, çünki Ağgülün yelini çox böyük idi.

 

Ağsaqqal kişilər yığıldı ki, gəlin anası ölmüş bir buzovu Ağgülə övladlığa verək, südü  qurumasın. Ancaq necə? Bunu Ağgül götürərmi, qəbul eləyərmi? Əlbəttə, yox. Kişilər Ağgülün ölmüş balasının dərisini soyub başqa bir buzovun belinə sərdilər, üstünə duz səpdilər ki, Ağgül yalayar, ağzı şirin olar, balası hesab eləyib razılaşar. Ağgül buzovu  iylədi və buynuzları ilə itələdi. Anamı yenə ağlamaq tutdu, Ağgülün vəfasına “əhsən” dedi. Başqa fermadan bir kişi gəlib, başqa cür əlac qıldı. O, “qalın bir örkən gətirin” - dedi, - örkəni sabunlayın - dedi. Sonra örkəni Ağgülün təninə saldılar, örkən xeyli gedəndən sonra burmağa başladılar, inək ağrıdan qıvrılırdı. Sonra örkəni bura-bura çıxartdılar. İnək elə bilirdi ki, doğur. Bu ağrı doğmağının ağrısına oxşayırdı. Örkəni çıxardan kimi yad buzovu Ağgülün altına buraxdılar. Ağgül buzovu yalamağa başladı, elə bildi ki, indicə doğub və buzovu övladlığa götürdü. Ağgülün aldanmağına anam çox ağlayırdı, “Ağgülümü niyə aldadırsınız” – dedi.

 

Təəccübləndim ki, ilahi, insanın əməlinə bir bax, hətta təbiətin işinə müdaxilə edir. Bilirdim oğursaq, yəni anası ölmüş quzuları başqa qoyunlara təliyirlər quzunun təninə duz səpib, qoyunun təninə sürtürlər, bu ağrı verir, qoyun bu ağrı hiss ilə doğduğunu zənn edib, quzunu yalayır.

 

Soltan dayı “Ağgül azarlayıb” deyən kimi anam sürücüyə “maşını tez sür” – dedi.

 

Çatdıq yurda, maşından düşən kimi anam Ağgülün yanına gəldi, kürəyini qaşıdı. Ağgül  güclə ayağa qalxdı, çünki bildi ki, anam gəlib. Amma yenə yıxıldı. Anam atama “bəlkə Ağgülü vurmusan?” – dedi, - Bəlkə Sarımsaqlı dağında zəhərli ot yeyib? – dedi. Atam dedi, “vallah bilmirəm, elə axşamdan burtağlayıb (azarlayıb – Q.N.)”. Anamın göstərişi  ilə Ağgülün boğazına yarım vedrə ağartı tökdülər, sonra onu qovdular, inək qaçdıqca böyrünə gərməşov ağacla vurdular, inək qaçdı, atam qovdu. Əvvəl dedilər, yəqin dabaq xəstəliyidir. Anam “yox” - dedi. Dedilər, qarayaradı, anam yenə razılaşmadı. Dedilər,  qaraciyərində kəpənək qurdu var, anam dedi, qəti yox… Anam dedi ki, duz gətirin yalasın, dağ otlarının duzu yoxdur, Ağgül duzdan yaladı, sudan içdi. Anam o biri inəkləri Ağgülə qurban dedi. Boynunu qucaqlayıb, nəğməsini oxudu, yelinini sığalladı, sinəsini qaşıdı, bir-iki gənə vardı, onu təmizlədi. Sonra yenə oxudu:

 

Ağgülüm hey,

Ay dağlarda ağ gülüm hey,

Naxırda uzun boylum hey,

Uzaqdan gələndə yüyürənim hey

Çirkli yerlərdə yatmayanım hey,

Çirkli yerlərdə otlamayanım hey

Özgə arvadları sağmağa qoymayanım hey

Quzum hey

Balam heyy

Evim heyy

 

Anam oxuduqca inək xoşhallanırdı. Anam atama dedi ki, Ağgül mənim xiffətimi çəkib.  İnək get-gedə yaxşılaşdı. Ağgülün çoxlu balası vardı, böyümüşdülər, onların da balaları vardı. Anam onlara “Ağgül balası” deyirdi.

 

Aylar, günlər yaman namərddi, bir-birinin dabanını basa-basa ötürdülər. Biz də arandan yaylağa, yaylaqda arana köçməkdə idik.

 

Günlərin bir günü anam xəstələndi. Dərdinin dərmanı tapılmadı, dünyasını dəyişdi. Bir ildən sonra atamı evləndirdim. Bacılarım mənə “etibarsız” dedi.

 

Ağgül yenicə doğmuşdu, balasını duz kimi yalayırdı, anamdan xəbəri yox idi. Analığım   Ağgülü sağmaq istədi, qoymadı, təpiklə vurdu, nə qədər elədilər, heç kəsi yaxına qoymadı. Bu dəfə Ağgülü aldada bilmədilər. Axırda atam analığımın gözünün qabağında  Ağgülü ağacla o ki var döyəclədi, inək yenə yumşalmadı, analığım inəyi sağıb, məharətini göstərmək istəyirdi. Ağgül anamı gəzirdi, nəğməsini istəyirdi. Yenə atam inəyi döydü, axırda inəyin ayaqları titrəməyə başladı. Anam yadıma düşdü, məni ağlamaq tutdu.

 

Bu o zaman idi ki, daha dağa gedə bilmirdik, yaylaqlarımız ermənilərin əlində idi. Ağgül  qəşəng, göy dadlı otlara həsrətdi. Saman, ya da düşəndə preslənmiş quru ot yeyir. Bir az arıqlayıb, atam o qədər döyüb ki, axsayır, amma yenə o qadını sağmağa qoymur.

 

Bir gün Ağgül xəstələndi, heç nə yemədi, yelini əriməyə başladı. Taqətdən düşürdü. Daha ona qurban deyən yoxdur. Anam bir dəfə onun nəğməsini oxusaydı, bəlkə də sağalardı. Hanı anam?

 

Atam dedi ki, inək öləcək, gərək aparıb ət kombinatına verək, orda inəkləri kəsib kolbasa düzəldirlər. Ancaq xəstə inəyi götürərlərmi?

 

Səhər Ağgülü zorla Qaz-53 maşının banına mindirdik. Balası mələyirdi, elə bil analığım sevinirdi. Ağgül getmək istəmirdi, fermamız və balası gözdən itənə kimi mələdi. Sonra gördüyü yerləri tanımadı deyə, heç başını yuxarı qaldırmadı da.

 

Ağgülü ət kombinatının direktoru ilə yarı qiymətə razılaşdıq. Dedilər, indi kəsəcəklər. Atamı maraq götürdü, dedi, qoy kəssinlər, görək dərdi nədir? Həm də onun çəkisini bilmək bizə lazım idi. Çəkəndən sonra pulumuzu verəcəkdilər.

 

Ağgülü dar bir yerə gətirdilər, qaçmaq mümkün deyildi, qorxusundan gözləri dörd olmuşdu. Anam yadıma düşdü, yenə məni ağlamaq tutdu. Atam da ağladı. Ağgülün alnının ortasına yüksək gərginlikli elektrik cərəyanı verib, öldürdülər. Sonra ayağından bağlayıb yuxarı qaldırdılar, haça bir dəmirdən asdılar. Dərisini soydular. Ağgülün mədəsindən iki dənə 5 sm uzunluqda məftil çıxdı. Məftil mədəni deşib şişirtmişdi. Ağgülü məftil öldürmüşdü. Pres və ya məftillə bağlanmış saman yeyəndə udmuşdu. Atam məftilləri əl dəsmalına büküb götürdü. Doyunca Ağgülü ağladıq.

 

Ağgülü müharibə öldürmüşdü. Məftil müharibə idi. Müharibə olmasaydı, Ağgül aranda nə gəzirdi, samanı niyə yeyirdi? 

 

Ağgülün çəkisi 650 kilo gəldi, hesablayıb pulumuzu verdilər. Dərisini götürüb qayıtdıq fermaya. Balası qabağımıza yüyürdü, xeyli mələdi.

 

Atam dəsmala bükülmüş məftilləri analığıma verib, “sandığa qoy” - dedi. 

 

Çölə çıxanda nə görsək yaxşıdır? Buzov Ağgülün duzlanmış  dərisinin üstə yatmışdı. Çənəsini dərinin üstə qoymuşdu.

 

Bu hadisə 1993-cü ildə baş verdi. 2009-cu ildə atam dünyasını dəyişdi. Analığım bir gün məftili çölə atmaq istəyəndə qoymadım. Məftili evimə gətirdim, indiyə kimi bizdə durur...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar