[b]Ayrılıq üçün alqışlar[/b]
22 iyul 2014 16:26 (UTC +04:00)

[b]Ayrılıq üçün alqışlar[/b]

0

İyul ayının 19-da N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları və onların tamaşaçıları axşam saat 17.00-da bir araya gəlib, üzbəüz dayandılar ki, ayrılsınlar.

 

Xəfif bir hüzn vardı baxışlarda da, təbəssümlərdə də, alqışlarda da.

Ayrılmaq üçün görüşdüklərini bilənlərin baxışlarında, təbəssümlərində olduğu kimi bir hüzn.

 

Qəribə ayrılıq idi.

 

Elə qəribə də adı vardı ayrılığın: “Qəribə oğlan”.

 

Lənkəran teatrı özünün 123-cü mövsümünü bağlı elan etdiyi gündə İlyas Əfəndiyevin 100 illiyi münasibətilə məhz bu əsəri təqdim etdi lənkəranlılara.

 

Niyə 123-cü?

 

Bu rəqəmin doğurduğu suala teatrın gənc aktrisası, elə “Qəribə oğlan” tamaşasında da Kəmalə obrazını canlandıran Aynur Əhmədova belə cavab verdi:

- Son illər tarixçilərin dövlət səviyyəsində aparılmış araşdırmaları nəticəsində məlum olub ki, Lənkəranda teatrın tarixi 19-cu əsrə təsadüf edir. Burada ilk tamaşa 1891-ci ildə oynanılıb. Ötən əsrin 30-cu illərində də Lənkəranda teatr olub. Böyük Vətən Müharibəsi başlananda teatr bağlanıb. Əməkdar artistlər Kamil Nəcəfov, Qəni Vəliyev o illərin yetirmələri olublar. Beləcə fasilələrlə Lənkəranda teatrın tarixi artıq 123 ildir. Bu fakt Lənkəranın hər zaman mədəniyyət mərkəzi olmasını bir daha sübut edir. Məncə, fəxr ediləsi bir tarixdir.

 

***

 

Teatrın aparıcı aktyorlarından olan, əməkdar artist Təvəkkül Əliyev bu sözləri deyəndə hələ pərdə açılmamışdı:

 

- Sizləri həmişə bu zalda görmək istəyirəm. Bizi tamaşaçısız qoymayın!

 

Aktyor üçün tamaşaçıdan, onun alqışından daha yüksək heç nə yoxdur, inanıram.

Maddi dəyərlər olan pul, mənzil, fəxri ad və s. sadəcə yaşam tərzini yaxşıya doğru dəyişmək imkanı, məişət problemlərinin daha rahat həlli üçün nə qədər vacib olsa belə, zalda oturub maraqla tamaşa seyr edən və sonda şövqlə alqışlayan tamaşaçı sevgisinin yerini verə bilməz.

 

- Sizi ayrılıq münasibətilə təbrik edirəm!

 

Bu sözləri isə “Qəribə oğlan” tamaşasının quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov dedi.

 

***

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rəssamı Ramazan Ağayevdir. Tamaşa bitər-bitməz həmən pərdə arxasına min-bir həvəslə tələsən xanım isə lənkəranlı bəstəkar Zəminə Əliyevadır.

 

Adil Zeynalovun baxış bucağından gördüyümüz “Qəribə oğlan” tamaşasında əsas qəhrəmanları Respublikanın xalq artisti, səhnəmizin Kefli İsgəndəri Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov, Sücəddin Mirzəyev, aktyorlar Aynur Əhmədova, Səyad Əliyev, Zemfira Nəcəfova, Emin Fərzullayev, Miraslan Ağayev, Allahverən Babayev canlandırırdılar.

 

***

 

Tamaşa iki gəncin sevgisindən, xalqlar dostluğundan, mənəvi dəyərlərin daha üstün olmasından, pulun, sosial statusun saf sevgi qarşısında puç və əfsanə olmasından bəhs edirdi.

Tamaşa həm də sevdiyin adama qarşı dürüst olmağı aşılayırdı.

Məsələn, kasıb, intellektual gənc olan Valeh yüksək vəzifə tutan məmur qızı Kəmaləni sevir, amma onunla elə ilk söhbətindəcə bu həqiqəti üzünə deməyə bilmir: “ Sizin musiqi talantınız yoxdur!”

Sonra məlum olur ki, Kəmalə elə Valehi hər dəfə pəncərənin altında gördüyü zamanlarda məhz onun üçün ifa edirmiş pianoda.

 

Daha sonra bir kiçik psixoloji eksperimentin, milli mental dəyərlərimizi sınaq üçün pik nöqtələrdən olan epizodu izləyirik.

Belə ki, Kəmalə Valehə özü haqqında yalan danışır, əvvəllər qeyri-rəsmi evliliyi olmasından, sevgilisindən bəhs edir.

 

Valeh çox çətin anlar yaşayır və biz belə bir kiçik dialoqu izləyirik:

 

Kəmalə:

 

- Niyə əsəbiləşirsiz?

 

Valeh:

 

- Öz günahlarınız barədə elə danışırsız ki, elə bil bazarda alma alanda bir manat əskik vermisiz!

 

- Dovşan! – qız onu belə acılayır və küsür...

 

***

 

Tamaşa boyu ən çox Qabil Quliyevin oynadığı Dadaş obrazını görürük səhnədə.

Dadaş əsərin nüvəsidir, pulu, vəzifəsi ilə özünü ətrafındakı çevrədən ayıran, hər kəsə yuxarıdan aşağı baxan bir məmurdur. O, öz qızının kasıb bir aspiranta aşiq olmasını heç cür qəbul edə bilmir, Valehin elçilərini qapısından qovur, onları aşağılayan sözlərlə təhqir edir.

 

Dadaşın arvadı Mila isə ərinin hirsini soyutmağa, onu gənclərin izdivacına razı salmağa cəhdləri, bir də duzlu-məzəli davranışı ilə diqqəti çəkir.

 

- Dadaş, ölürəm də sənin piyanlığın üçün, bir dənə məni öp... – deyir içirdib qızını anlamaq üçün yumşaltmaq istədiyi ərinə.

 

***

 

Hər şey o zaman yönünü dəyişir ki, pansionata dincəlmək üçün gəlmiş yazıçı Nuratov gecə vaxtı pilləkəndə qeydlər edərkən, ona yaxınlaşan pansionat rəhbəri tamahkar Barsuka bu yalanı uydurur: Valehə Fransada dünyasını dəyişmiş qohumundan səkkiz milyon miras qalıb!”

 

Bir gecənin içindəcə uydurma bir milyonçuya dönən Valehin elçiləri də hörmətə minir, özü də, hələ onun Kəmaləyə olan sevgisi də.

 

Amma Valeh bu yalanı qəbul etmir, o özü Dadaşın qarşısına gələrək, milyonlar haqda söhbətin yalan olduğunu elan edir, elə bu andan da başlayaraq, Dadaşın fikirlərində təbəddülat yaranmağa başlayır, o, özünün kasıb gəncliyini, sonra necə pillə-pillə yüksəldiyini, indi hamıya yuxarıdan aşağı baxdığını düşünməyə başlayır, hamı nikah kəsməyə getdiyi zaman səhnədə tək qalıb söylədiyi monoloq isə tamaşaçını da kövrəldir, düşündürür, sevindirir...

 

- Əgər bütün həqiqətlər üzə deyilsə, həyatın müvazinəti pozular! – deyir bəstəkar Batır.

 

Amma məhz bu tamaşada, bu əsərdə həyatın müvazinəti Valehin, Kəmalənin, onların sevgisinin xeyrinə pozulur, yeni bir düzən başlanır.

 

***

 

Mən tamaşalar bitəndə, pərdə qapanıb, yenidən açıldığı zaman aktyorların səhnədə irəliləyib tamaşaçılara təzim etməsini hər görəndə xəfifcə qəhərlənirəm.

Bizim aktyorlarımız əsl sənət fədailəridirlər, əminəm.

Və teatrımız yaşasın, hər zaman onunla qürur duya bilək, istəyirəm.

 

- Bu, bir ayrılıq təntənəsidir, - dedi Qabil Quliyev, - yeni mövsümdə görüşənədək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2320

Oxşar yazılar