Bu gün keçmişdən indiyə təhsilə tarixi səyahət edəcəyik. Bilirsiniz necə?
18-ci əsrdən bu günə qədər qalan “Quran-i Kərim”i, ilk məktəb libaslarını, keçmişdəki qadınların məktəb anlarını təsvir edərək...
Hə, yəqin ki, çoxunuz artıq söhbətin haradan getdiyini, bu gün yolumuzun hara düşdüyünü təxmin etdiniz.
Bəli, bu gün Lent.az komandası Xalq Təhsil Muzeyində gəzdi. Sizlərlə birlikdə təhsil tarixini film kimi izləyəcəyik.
Qapının girişində bizi muzeyin direktoru Lalə Bayramova qarşılayır. Muzeyi gəzmədən öncə Lalə xanımla qısa bir söhbət aparırıq:
“Xalq Təhsil Muzeyi Xalq Komissarlar Sovetinin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən yaradılıb. Muzeydə əsasən görkəmli alimlərin, pedaqoqların, elm və dövlət xadimlərinin təhsilə verdiyi töhfələr eksponat kimi sərgilənir. Müxtəlif dövrlərin fotoşəkil, jurnal və dərs vəsaitləri saxlanılır”.
Lalə xanım deyir ki, ən qədim əşya “Quran-i Kərim” kitabıdır:
“Bura keçmiş SSRİ məkanında yaradılan ilk Xalq Təhsil Muzeyidir. Muzeydə saxlanan ən qədim əşya 18-ci əsrə aid olan “Quran-i Kərim” kitabıdır. Uzun illər bundan qabaq həmin Quran kitabını muzeyin işçisi olan bir xanıma qonşusu hədiyyə kimi verib. Həmin xanım da kitabı muzeydə eksponat kimi saxlanılması üçün bizə bağışladı”.
Lalə xanım artıq 52 ildir ki, burada çalışır. Necə deyərlər, bir növ muzey fədaisidir:
“Mən özüm də 1970-ci ildən burada çalışıram. 17 yaşım muzeydə tamam olub. Universitetdə oxuya-oxuya muzeydə çalışdım. İlk dəfə bələdçi kimi işləməyə başladım. Daha sonra elmi işçi, direktor müavini və ən sonda isə direktor vəzifəsinə yüksəldim. Artıq 52-ci ildir ki, muzeydə çalışıram. Bütün həyatım demək olar ki, muzeydə keçib”.
Lalə xanımdan muzey haqqında ilkin məlumatları əldə etdikdən sonra təhsilə səyahətimiz başlayır.
Təhsil tarixi ilə tanış olmaq üçün bizi Xalq Təhsil Muzeyinin direktor müavini Zülfiyyə xanım Şiriyeva müşayiət edir.
Lalə xanımın dediyi kimi, muzeyə girərkən ilk diqqət çəkən Quran kitabıdır.
Nə az, nə çox düz 18-ci əsrə aiddir.
“Burada saxlanılan ən qədim eksponat 18-ci əsrə aid olan “Quran-i Kərim” dir. O vaxt mədrəsələrdə şəriət dərslərinə üstünlük verilirdi. Ona görə də Qurandan dərslər keçirilirdi”.
Qapının girəcəyindəki sol divarda isə yerləşən tablo Vaqifin Şuşada açdığı məktəbdəki dərs prosesini təsvir edir:
“Bu girəcəkdə yerləşən tablo Vaqifin Şuşada açdığı məktəbdə dərs prosesi təsvir edilib. Vaqifi ictimai xadim, şair kimi tanıyırlar amma onun pedaqoji fəaliyyəti də vardı. Əslində bütün maarifçilərimiz müəllimdirlər”.
Muzeyin bu bölümündə qadın təhsilində bəhs edilir. Fotolar da Tağıyevin qızlar üçün açdırdığı gimnaziyadandır:
“Daha sonra qadınların özləri təhsil almağı təbliğ etdi. Bir ifadə var ki: Oğlan təhsil alanda bir fərd, qadın təhsil alanda isə bir nəsil təhsilli olur”.
Muzeyin ikinci salonunda keçmiş məktəb formalarını eksponatı ilə qarşılaşdıq. Məktəbli geyimləri arxiv materiallardan eskizini çıxararaq tikdirilib:
“Bu fotoda Nəşr Maarif Cəmiyyətinin açdığı məktəbdəki formadır. Elə tikdirdiyimiz formanı da buradan götürmüşük. Qızlar üçün bu forma isə Tağıyevin gimnaziyasındakı məktəbli geyimidir”.
Ənənəsi bu gün də davam edən Müəllimlər Qurultayının ilk yığıncağı da divardan asılan tabloda əks olunur:
“Bu fotoda isə ilk Müəllimlər Qurultayıdı. Çox gözəl bir hadisədir ki, indi də bu qurultay davam edir. Burada isə o vaxtın məktəb jurnallarıdır ki, təhsil xəbərlərini özündə əks-etdirirdi. İlk dərsliklərdi ərəb əlifbasında”.
Muzeydə şagirdlərin əl işləri eksponat kimi saxlanılır. Muzeyin 6 salonu var və eksponatlar isə salonda xronoloji ardıcıllıqla yerləşdirilib. Qədim dövrdən müasir dövrə qədər. Elə bu səbəbdən insan özünü bir növ tarixə səyahət yaşayır.
Maketlər, əyani tədris vəsaitləri eksponat kimi göstərilir ki, bir vaxtlar dərsin keyfiyyətini yaxşılaşdırmaq üçün əyaniliyə üstünlük verilirdi.
“Bunlar isə keçmişin əmək dərslərində istifadə edilən alətlərdir. Ən sonuncu salon isə müasir dövrün təhsilini təsvir edir. Həm Heydər Əliyev, həm də İlham Əliyevin təhsilimizə etdiyi töhfələr barədədir”.
Bəs, şagirdlər hazırladıqlarını eksponat kimi muzeyə necə verir? Bu proses necə baş tutur?
“Həmən şagird bizə sənədlə müraciət edir. Əgər tələblərə cavab verirsə, həmin sənəd aktlaşdırılır. Və şagirdin hazırladığı sənət əsəri eksponat kimi muzeydə saxlanılır” - deyir Zülfiyyə xanım.
O qeyd edir ki, bəzi universitetlər də tələblər pedaqogika fənnini bura gəlib tədris edirlər. Təhsilin pillələri ilə əyani olaraq tanış olurlar.
Muzeylər tarixi yaşadır, gələcək nəsillərə ötürülür. Eyni zamanda, muzeydə nümayiş olunanlar yalnız təhsil tarixinin bir qismidir. Qapalı kitabxanası var ki, ora tarix kimi qorunub saxlanılır. Necə deyərlər, bu görünənlər hələ təhsilin önüdür. Bir də bu tarixin arxası var ki, həmin tapıntılar gizli olaraq qorunur.
Muzeyin salonlarını yavaş-yavaş gəzib bitirdikdən sonra qapıya yaxınlaşanda bir maraqlı təşəbbüslə qarşılaşdıq.
Rəy dəftəri...
Deməli, muzeyi gəlib gəzən, tarixlə tanış olan hər kəs çıxışda öz təəssüratlarını bu dəftərə qeyd edirlər. Bizim də bu dəftərdə bir xatirəmiz olsun dedik və bir neçə cümlə ilə fikirlərimizi yekunlaşdırdıq.
Bu da belə... Təhsil tarixinə səyahət etmək və onunla tanış olmaq, necə deyərlər çox gözəl idi.