Vaqif Mustafazadə. Bu adı tələffüz edirsən və dərhal musiqi eşidirsən... Bu heyrətamiz musiqiçinin ürəyindən gələn və istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda yaşamağa, müxtəlif nəsillərə mənsub insanları ruhlandırmağa və sevindirməyə davam edən musiqi. Bu da Vaqif Mustafazadə fenomenidir.
Dünyaşöhrətli azərbaycanlı pianoçu, bəstəkar, XX əsrin ən görkəmli cazmenlərindən biri, caz-muğam janrının banisi 1940-cı il martın 16-da Bakıda tibb xidməti, Azərbaycan xalq musiqisi müəllimi ailəsində anadan olub.
Lent.az xəbər verir ki, əfsanəvi musiqiçinin doğum günü ərəfəsində AZƏRTAC Vaqif Mustafazadənin ev-muzeyində olub. Divarları səmimiyyət və sevgi ilə dolu olan rahat, işıqlı mənzildə bizi bəstəkarın doğması, muzeyin direktoru, həmçinin Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun təsisçisi və rəhbəri Afaq Əliyeva qarşıladı.
- Afaq xanım, Vaqif Mustafazadə necə insan, necə qardaş olub?
- Vaqif dahi idi. O, çox mehriban, parlaq adam idi, insanları sevirdi, onlarla heyrətamiz davranırdı. Onun ruhu, ürəyi musiqisində əks olunur. O, çox gözəl qardaş idi. Uşaqlıqdan aramızda bir növ qarşılıqlı cazibə, məhəbbət var idi və görünür, taleyin hökmü ilə belə oldu ki, Azərbaycanda onun işlərinə indi mən rəhbərlik edirəm.
- Siz həm də Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun təsisçisi və rəhbərisiniz. Bu fondun fəaliyyəti haqqında danışın.
- Fond 1997-ci ildə Vaqif Mustafazadənin anası - xalam Zivər Əliyevanın bu ev-muzeyi ilə bağlı mənə vəsiyyətnamə verməsindən sonra yaradılıb. Vaqifin yaradıcılığı üzərində rəsmən işləyə bilmək üçün fondu qeydiyyatdan keçirmək qərarına gəldim. Fond artıq 28 ildir fəaliyyət göstərir. İyirmi səkkiz ildir ki, Vaqifin işləri ilə məşğul oluram. Fondun fəaliyyətinə Vaqif Mustafazadənin əsərlərindən ibarət musiqi albomları və notlar toplularının nəşri, təkcə Azərbaycanda deyil, xaricdə də ona həsr olunmuş musiqi gecələrinin, festivalların və tədbirlərin keçirilməsi daxildir.
- Afaq xanım, bu ev muzey olanadək necə idi?
- Vaqifin sağlığında bura kommunal mənzil olub. Təbii ki, burada yaşamaq çox çətin idi... Lakin Vaqifin vəfatından demək olar üç il əvvəl Ulu Öndərimiz Heydər Əlirza oğlu ona “Torqovı”da mənzil verdi. Vaqif xoşbəxt idi. Özünə royal aldı, məşq edə, işləyə bildi. Orada məşqlər keçirilirdi və ümumiyyətlə, onun üçün çox yaxşı dövr idi. Buraya isə Vaqifin sağlığında olduğu kimi, qonaqlar məmnuniyyətlə gəlməkdə davam edirlər - o, çox qonaqpərvər, çox səxavətli insan idi...
- Bəs bugünkü ziyarətçiləriniz kimlərdir?
- Buraya çoxlu insan gəlir, o cümlədən turistlər, Rusiya, Almaniya, Türkiyədən gələnlər... Eyni zamanda, təbii ki, çox sayda gənclər, Vaqifin yaradıcılığını bilən və sevən gənclər.
- Vaqif Mustafazadənin Azərbaycan üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- O, bizim bir çox dahi bəstəkar və musiqiçilərimizlə eyni səviyyədə dayaır. Amma V.Mustafazadə dünyada da tanınır! Onun adı dünya musiqiçilər ensiklopediyasına daxil edilib. Yeri gəlmişkən, onun qızı Əzizə Mustafazadə də orada yer alır.
Təbii, hamı bilir ki, 1978-ci ildə Monakoda Beynəlxalq Caz Bəstələri Müsabiqəsi keçirilib. Orada dünyanın ən məşhur musiqiçiləri iştirak edirdilər. Bu müsabiqədə azərbaycanlı pianoçu-bəstəkarın “Əzizəni gözləyərkən” bəstəsi qalib gəldi, Vaqif isə Qran-pri – ağ royal qalibi oldu. Bu, yəqin ki, hər şeyi deyir.
- Çox təəssüf ki, belə dahi insan dünyasını belə tez dəyişdi…
- Yəqin ki, belə dahi insanlar, sadəcə olaraq, tez yanırlar. Onlar çox enerji verirlər. Vaqif qısa ömründə o qədər əsərlər yaratdı ki. O, musiqini çox sevirdi, cazı çox sevirdi. Bütün bunlar - bu sevgi, hər şeyə tələsməsi əlbəttə ki, onun, sadəcə, yanmasına səbəb oldu ...
- Afaq xanım, sizcə, onun musiqisinin özünəməxsusluğu nədən ibarətdir? Axı, o, indiyə qədər populyar olaraq qalır. Bunu necə izah edə bilərsiniz?
- Məsələ burasındadır ki, Vaqif Mustafazadə alətin başına əyləşib ifa etməyə başlayanda beyni ürəyinə impulslar ötürən musiqiçidir və ürəyi təbii olaraq onları əllərinə ötürürdü. O, çox mütərəqqi musiqiçi idi, heyrətamiz improvizə edirdi. Bu, Allah vergisidir. Mən indiyədək heç bir pianoçuda belə bir səs eşitməmişəm.