Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni təyinat olub.
İdarədən Lent.az-az-a verilən məlumata görə, Qoruq İdarəsinin "Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsi"nin rəisi vəzifəsində çalışmış Tural Novruzov həmin İdarənin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub.
Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili almış və fərqlənmə ilə bitirmişdir. 2006-2008-ci illərdə Londonda biznes menecment üzrə müxtəlif təhsillər almış, 2008-2009-cu illərdə ‘‘Diplomatic Academy of London’’ təqaüdünü qazanaraq Londonda Westminster Universitetində Diplomatiya üzrə magistr təhsili almışdır. 2016- cı ildə Cambridge Univeristetinə qəbul olmuş və biznesin idarə edilməsi üzrə (MBA) magistr təhsili almışdır. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində ‘‘Şəhərsalmanın təbiətə əsaslanan həllərlə idarə olunmasında innovasiya’’ peşəkar inkişaf proqramını bitirmişdir.
Tural Novruzov 2008-ci ildən Londonda ‘‘Blackstone Group’’ şirkətində daşınmaz əmlak aktivlərinin idarə edilməsi üzrə çalışmışdır. Daha sonra ‘‘Gilan Holdinq’’də daşınmaz əmlak aktivlərinin idarə edilməsinə rəhbərlik etmişdir. 2019-cu ildən Beynəlxalq şəhərsalma və layihələndirmə şirkəti olan ‘‘Vasconi Architetctes’’ şirkətinin Azərbaycan üzrə rəhbəri olmuş, Gəncə şəhərinin baş planının hazırlanmasını icra etmişdir. 2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik etmişdir.