Şaumyanın qurbanı, Stalinin sevimlisi – Ölümündən 33 il ötür...
09 iyun 2022 17:22 (UTC +04:00)

Şaumyanın qurbanı, Stalinin sevimlisi – Ölümündən 33 il ötür...

O bəlkə də Qarabağ hadisələrində ilk qurbanlarımızdan biri sayılmalıdır. Daha doğrusu Şaumyanın ölümünə səbəb olduğu son azərbaycanlı, erməni təxribatının qurbanı olan ən məşhur azərbaycanlı da o idi. Bu gün böyük sənətkarımız Rəşid Behbudovun anım günüdür. Rəşid Behbudov 9 iyun 1989-cu ildə Moskvada xəstəxanada müəmmalı şəkildə həyatını itirib. Ölümü hələ də müəmmalarla doludur. Mərhum sənətkarın ölümündən öncə yaşanmış bir hadisə  şübhələrə əsas verir.

1988-ci ildə Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov çox qəribə bir faktın üstünü açır. Komandasına tərcüməçilik edən hindistanlı Kəlküttədən keçən zaman SSRİ-dən olan Şaumyanın  10 il öncə burada basdırıldığını deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan Rəşid Behbudov çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.

1988-1989-cu illərdə Dağlıq Qarabağ problemli başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçova irad bildirir və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bu hadisədən sonra onu deputatlıqdan kənarlaşdırırlar. Elə həmin il Moskvada xəstələnib xəstəxanaya yatırılan Rəşid Behbudov xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Xəstəliyi çox ağır olmasa da, “rutin” müayinə üçün gəlmiş tibb bacısı otağına girib çıxdıqdan sonra sənətkarın öldüyünü bildirir.  

Bu məlumat müğənninin ölümü ilə bağlı  çəkilmiş "Ölümdən 24 saat əvvəl"  sənədli filmində yer alıb. Bu kaset rus-erməni işbirliyinin və Şaumyanın güllələnməməsinin bir sübutu idi.  Rəşid Behbudovun Hindistan səfəri ilə bağlı yazdığı "Uzaq Hindistanda" adlı kitabda bu məqamlara yer verilmədi.

Rəşid Behbudov keçmiş SSRİ-nin bütün respublikalarında, eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri, Hindistan, Çin, Finlandiya, İran, İraq, Türkiyə, Çili, Argentina, Misir, Efiopiya və digər ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdu. O yerlərə səsini aparan, nəğmələrini ərməğan edən Rəşid Vətənə ürəyi dolu sevgilərlə qayıdırdı. O, qürbətdə də Azərbaycandan oxuyurdu, Vətənə dönəndə də. Amma ürəyi vətənlə döyünən, əsl azərbaycanlının doğum  və ölüm yeri Azərbaycan olmadı. Tiflisdə doğuldu, Moskvada dünyadan köçdü.

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Qazax rayonunun Yuxarı Salahlı  kəndinin Vəkilovlar nəslinin qızıydı.

Yaradıcılıq yolu çətin olmamışdı. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində çəkildiyi baş rol ona böyük uğur qazandırdı. Bu  filmə baxan Stalin baş rol ifaçıları Leyla Bədəlbəyli və Rəşid Behbudovu Azərbaycanın ən gözəl və ən yaraşıqlı insanları adlandırmışdı. 1945-ci ildə film efirə çıxır, 1946-cı ildə Rəşid Behbudov roluna görə "Stalin mükafatı" ilə təltif olunur.

Rәşid Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdı. Öz dövrünün, demək olar, bütün mümkün mükafat, fəxri ad, orden və medalları ilə təltif olunmuşdu. SSRİ-nin Xalq artisti, SSRİ-nin və Azərbaycanın Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı. Ermənilər sağlığında onu öz sənətkarları kimi dünyaya təqdim etmək üçün müxtəlif planlar cızırdılar. Amma Rəşid iliyinə qədər azərbaycanlı idi.

Rəşid Behbudov məktəb yaradan , yeniliklərə açıq və özü yeniliklər yaradan şəxsiyyət idi. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etdi və ömrünün sonunadək onun solisti oldu.  Onunla birlikdə çalışan sənətkarların hamısı Rəşid Behbudovun  bir qədər qısqanc adam olduğunu da deyirlər. Mahnı teatrında çalışan müğənnilərə filmlərdə çəkilməyə, digər sənətkarlarla işləməyə, çox zaman toylara getməyə imkan verməzmiş. Onun bacısı oğlu mərhum Cəfər Behbudov da bu dünyadan dayısından incik köçmüşdü.

Lakin Rəşid Behbudovun bütün kaprizlərinin, sərtliyinin arxasında ortaya mükəmməl sənət əsərləri çıxarmaq istəyi dayanırdı. Xalq artisti Mübariz Tağıyevin dediyinə görə, o səhnədə həddindən artıq qəddar olurdu. Amma məşq qurtarandan sonra, dönürdü adi insana, hər şey yaddan çıxırdı.

Bu gün Bakıda Rəşid Behbudov küçəsi  sənətkarın adını daşıyan  Dövlət Mahnı Teatrına aparır. Teatrın önündə Rəşid Behbudovun heykəli qollarını açmış, sanki Azərbaycanı qucaqlayır. Xəzər sularında “Rəşid Behbudov” gəmisi onun mahnıların sədaları altında üzür, Rəşid ürəyinin sevgisini dalğalara pıçıldayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7179
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar