"Polkovnik dostum qızını köçürəndə "vağzalı" əvəzinə "Cənab leytenant"ı səsləndirdi” – Şahin Musaoğlu ilə MÜSAHİBƏ
04 iyul 2023 17:33 (UTC +04:00)

"Polkovnik dostum qızını köçürəndə "vağzalı" əvəzinə "Cənab leytenant"ı səsləndirdi” – Şahin Musaoğlu ilə MÜSAHİBƏ

Şair, bəstəkar, həkim Şahin Musaoğlu Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Soyadınız Əbilovdur, bəs, Musaoğlu təxəllüsü nə zaman yarandı?

- “İgid əsgər, möhkəm dayan” mahnısı yaranan vaxtlar idi. Elə o vaxta qədər daim şeirlər yazırdım. Yazdığım şeirlər müxtəlif jurnallarda, qəzetlərdə çıxırdı. Amma heç fikirləşmirdim ki, nə vaxtsa bir yazar, bəstəkar olaram. Çünki mən həkim olacağımı düşünürdüm. “İgid əsgər, möhkəm dayan” mahnısı yaradıcılığımın fundamenti oldu. Bir sözlə, bu böyük sənətə, musiqiyə ədəbiyyata bu mahnıyla gəldim və özümə Musaoğlu təxəllüsünü götürdüm. 

- Demək, istiqamət yazı-pozu imiş, amma böyüyəndə həkimliyi seçmisiniz, valideynlərin iradəsi ilə?

- Gözümü açandan evdə həkim görmüşəm. Ana tərəfdən babam, dayım, xalam, anam hamısı həkimdi. Atam isə müəllim olub. Amma atam musiqini sevərdi, hərdən bir şeirlər də yazardı. Hər kəsə məlumdur ki, SRRİ hakimiyyəti dövründə musiqi təhsili almaq prestij sayılırdı. Kəndimizdə mədəniyyət evi var idi. Həmin mədəniyyət evində tar dərslərinə gedirdim. Bu atamın çox xoşuna gəlirdi. 

- Bəs, “İgid əsgər, möhkəm dayan” mahnısı kimə həsr edilib?

- “İgid əsgər, möhkəm dayan” mahnısı yazılanda kiməsə həsr edilməmişdi. Milli Qəhrəman Yusif Mirzəyev nəzərdə tutulmamışdı. Sadəcə Yusif bu mahnını çox sevirdi. Yusif Mirzəyev briqada komandirinin müavini idi. O, öz əsgərlərinə bu mahnını öyrədib. Arxa cəbhədə əsgərlər “İgid əsgər, möhkəm dayan” mahnısının sədaları altında marş gedirdilər. Yusif şəhid olandan sonra isə bu mahnı onun ruhuna ithaf olundu. Yusiflə müharibədən əvvəl dostumun sayəsində tanış olmuşdum. Sabir bağında çay içmişdik. Həmin vaxtlarda Yusif heç müharibəyə getməmişdi. Xalq Təsərrüfatı Universitetini bitirmişdi. Mağaza müdiri işləyirdi. 

- Yeri gəlmişkən məşhur mahnılarınızdan biri də "Cənab leytenant"dır. Bəs, bu mahnı da kiməsə həsr olunmayıb?

Xeyr. Amma bu mahnı ilə bağlı maraqlı bir fakt danışım. Bir dostum, sərhəd qoşunlarının polkovniki vardı. O, qızını gəlin köçürəndə "vağzalı" əvəzinə "Cənab leytenant" mahnısını səsləndirmişdi. Qeyd edim ki, bəy də leytenant deyil.

- Müdafiə Nazirliyi ilə əməkdaşlığınız necə baş tutmuşdu?

- 1991-1994-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi. Yaralıların valideynləri, yaxınları Müdafiə Nazirliyinin, baş qərargahın, tibb idarəsinin, respublikanın şəhər, rayon xəstəxanalarının qapısı qarşısında saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman bu məqsədlə operativ qərargah yaradıldı. Mən həmin qərargaha rəhbərlik etdim. Biz o dönəm ilk hərbi tibbi arxivi yaratdıq...

Sonralar yaradıcılıq əlaqələri məni Müdafiə Nazirliyinin “Hərbi sənədli filmlər kino – tele studiyası”- na gətirib çıxardıb. Mən orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə birlikdə çalışdım. Bununla yanaşı həm də Müdafiə Nazirliyi HET (Hərbi Elmi Tədqiqatlar) idarəsi ilə əməkdaşlıq edirdim. “Hərbi bilik” jurnalı, “Azərbaycan ordusu” qəzetlərində yazılarla, reportajlarla çıxış edirdim.

- Konkret olaraq hər hansı bir müğənniyə mahnı yazmaq istəmisinizmi?

- Bu, yaradıcılıq prosesidir. Mahnı yazılmamışdan öncə bu barədə heç fikir formalaşmır. Mahnı yazılıb bitdikdən sonra mahnını kimin daha yaxşı oxuması ilə bağlı bu sahənin mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Bir sözlə, mahnı yazılana qədər heç özün də bilmirsən ki, bu necə mahnı olacaq? Amma konkret hər hansı bir səsə uyğun heç bir mahnı yazmamışam. 

- Bəs, Şəmistan Əlizamanlı ilə əməkdaşlığa niyə son qoydunuz?

- Sadəcə yollarımız ayrıldı. Müdafiə Nazirliyindəki işimdən ayrıldım. Bir müddət sonra isə Şəmistan da ayrıldı. Mən özüm kənara çəkildim. Düşünürdüm ki, yəqin ki, artıq mənə ehtiyac yoxdur. Çünki konkret olaraq Müdafiə Nazirliyinin öz rəqs ansamblı, öz musiqi kollektivləri var. Artıq mən musiqidən çox uzaqlaşmışdım. Ta ki, 2015-2016-cı illərə qədər. Azərbaycan Yazıçılar Birliyi Hərbi Vətənpərvərlik Komissiyasına rəhbərlik etməyə başladım. Həmin zamanlarda yenidən yazmağa başladım.

- İndiyə kimi yazdığınız mahnılardan qonorar almısınızmı?

- Hərbi təyyarəçilərimiz üçün mahnı yazmışdım. Müdafiə Nazirliyinin ərsəyə gətirdiyi filmdə səsləndrilmişdi. Buna görə qonorar almışdım. Milli Təhlükəsizlik Nazirliyimizin 80 illik yubileyinə həsr olunmuş himn hazırlamağımı istəyirdilər. Amma vaxt çox az idi. Bu öhdəliyi öz üzərimə götürmədim. Amma onlar elə hesab elədilər ki, mən qonorara görə imtina etdim. Halbuki əvvəlcədən mənə qonorar təklif eləmişdilər. 

- “Musiqi ruhun qidasıdır” deyirlər. Sizcə, bu ifadə sadəcə pafosdan ibarətdir?

- Sözsüz, hər şeyin başında ruh dayanır. Bəli, tamamilə doğru məsələ belədir, ruh məsələsidir. Musiqi elə bir sənət növüdür ki, onun dili, dini və irqi yoxdur. Bəşəriyyətin ortaq dili, musiqidir. Musiqi səsin şəklidir. Mənə elə gəlir mənə sanki mesaj var. 

- Orqanların içərisində ən həssası ürəkdir. Bəs, siz bu barədə nə düşünürsünüz?

- Elm adamları hələ də bu günə qədər ürəyi sona qədər tədqiq eləyə bilməyiblər. Ürək sanki bir motor kimi saçımızın ucundan tutmuş barmaqlarımızın ucuna qədər qanı ötürür. Bir gün alimlər ən təmiz qanın hansı orqana getməsi ilə bağlı tədqiqatlar aparırlar. Nəticələrə görə, orqanizmin ən təmiz qanı beyinə və ən çirkli qanı isə dalağa gedir. Daha sonralar tədqiqatları bir qədər də artırıblar. Hamilə qadınlarda ən təmiz qan isə uşaqlığa gedir. Elm hələ də bunun səbəbini açıqlaya bilmir. Yəni ürək təkcə motor deyilmiş, ürək həm də eyni zamanda elə beyin imiş.

- İxtisasca həkimsiniz, amma bəstəkarlıqla da məşğul olursunuz. Bəs, bu iki işi bir yerdə görmək sizə hansı çətinlikləri yaşadıb?

- Mənim ən böyük problemim budur. Mən həkiməm və başqa sahədə də fəaliyyət göstərəndə digər insanlarda da qısqanclıq yaranır. Çoxu deyirdi “sən həkimsən, get həkimliyini elə”. Ümumiyyətlə fərqlənmək rahat bir iş deyil. 

- 60 yaş sizin üçün nə ifadə edir?

- Sanki içimdə bir qeyri müəyyənlik var. Ruhən də, cismən də 60 yaşı qəbul edə bilmirəm. Hələ də elə bilirəm ki, 50-li yaşlardayam. Yəni həyat doğrudan da bir dağa bənzəyir. İnsan o dağa dırmaşdıqca, təngnəfəs olur, dizləri taqətdən düşür. Hətta bununla bağlı sırf 60 yaşım üçün olmasa da bir şeir yazmışam.

Mən bu günə dünənimdən başladım

Ümidimlə güvənimlə başladım. 

Hər yeni il bir yaş qoydu çiynimə, 

Uzun yola öz özümdən başladım. 


Davam deyib yolu yoldan öyrəndim, 

Gülü güldən, kolu koldan öyrəndim 

Yaranışım bir ilahi kəlmədən, 

Yaradanın hökmü ondan öyrəndim, 


Həyat ki, var dağa bənzər, əzizim 

Dırmandıqca səni üzər, əzizim. 

Yorularsan amma gözün dincələr

Seyr etdikcə ruhun süzər, əzizim. 


Kim deyir ki, yaşa dolan, qocalır?

Arzusundan yoxsul olan qocalır. 

Qəlbi sevən, gözəllikdən zövq alan

Arif insan yaşlandıqca ucalır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10377
avatar

Oxşar yazılar