Klassik ədəbiyyatımızda şairlərin fikir dərin mənalarla ifadə etməsi, bir kəlamla yüz söz demək qabiliyyəti hünər sayılırdı.
Bəzən şairlər fikri dərəcədə gizli və dərin ifadə edirdilər ki, anlamaq üçün xeyli araşdırma aparmaq lazım gəlirdi. Dərin məna kəsb edən misralar, bəndlər əsərə xüsusi gözəllik qatmaqla yanaşı, onların mənasını açmaq da böyük tarixi, dini, ədəbi bilgilər tələb edirdi. Bunu da qeyd edək ki, məhz belə qiymətli kəlamlara görə şairlərə böyük ənamlar verilir, şairlər arasında xüsusi hörmət sahibi olurdular.
Bu gün Lent.az daha bir şairin açılmamış sirrindən bəhs edəcək.
Dünya klassik ədəbiyyatının şah əsərlərindən sayılan Firdovsinin “Şahnamə” əsərindən bir misraya aydınlıq gətirəcəyik. Bu misra bütün dövrlər üçün keçərlidir.
Bu əli xınalı kaftardan həzər,
Min kişi öldürüb, yenisin gəzər.
İlk baxışda hansısa bir xanımdan bəhs edildiyini düşündünüz eləmi? Əslində şair “əli xınalı kaftar” deyəndə dünyanı nəzərdə tutur. Dünyanın, bəşəriyyətin yaşı bəlli deyil, amma o hər doğulan insan üçün yeni görünür. Əli xınalı yeni gəlin kimi görünsə də, dünya əslində kaftardır, qocalıb, qartıyıb. Min kişi öldürüb, yenisini gəzər dedikdə isə dünyaya aşiq olan insanlar nəzərdə tutulur. Yəni onu sevən milyonlarla insanın hamısı məhv olur gedir, həmişə gənc qalan , qocalmayan dünya isə özünə yeni aşiqlər seçir.