Xalq artisti Rasim Balayevin dediyi bir cümlə dilə-dişə düşüb. Xalq artisti "BBC Azərbaycan"a verdiyi müsahibədə “Mən niyə özümü bu kütləyə həsr etməliyəm?” deyib.
Müsahibənin qalan hissələri barədə söz deyilməsə də, bir bu cümlə Rasim Balayevi linc etməyə yetib. Sosial şəbəkələrdə onun haqqında az qala ölüm hökmü verilir.
Kütlə sözü niyə insanlara bu qədər toxunub? Rasim Balayevin yanlışları, xətaları və ya əksinə böyük sənətkar olması barədə söz demək istəmirəm. Biz istəsək də, istəməsək də kütlə deyilən bir reallıq var. Və o kütlə indi xalqın ziyalı kəsimindən daha güclü rol oynayır cəmiyyətin ümumi həyatında. Bir zamanlar ziyalılar, mədəniyyət xadimləri kütləni çəkib aparırdı, indi kütlə cəmiyyətin bütün təbəqələrini ardınca sürüyür. Sözün həqiqi mənasında sürüyür.
Kütlə psixozu bu gün medianın da üslubuna, yazı tərzinə, musiqimizə, kinomuza yön verir. Tək-tük adamların əsl sənətdən başı çıxır, az sayda insan yaxşı sənətkara qulaq asıb, qiymət verir. Meyxanaçılar, toy bazarı bütün günü çal-çağırdadır. Sosial şəbəkələrdə bizləri izləyən yad millətin nümayəndələri baxsalar haqqımızdı gələcəkləri rəy də bundan fərqli olmaz. Baxan nə görür? Orasını-burasını şişirdib, özünü əcaib şəklə salan xanımlar üzlərini yox, arxalarını göstərə-göstərə oxuyub rəqs edirlər, yüzlərlə narkomanın toplaşdığı məclislərdə də “yaxşı oğlan” olmaq davası gedir. Söyüş, dinləməyə belə utandıran açıq-saçıq ifadələr... O kütləni qazanc yeri kimi görənlər də dönüb olublar onlardan betər. Sosial şəbəkələrdə məşhurlaşan simalar olub xalqın sevimlisi, qəhrəmanı. Hər əlində telefon olan özünü bloger, yazar, jurnalist, aktyor, sənətkar hesab edir. Etməklə qalmır, inandırır. Kütlə budur. Ağlı olan uzaq dayanır, başını ağrıtmır, niyə özümü onlara həsr etməliyəm, niyə onların dilində saqqız olmalıyam deyir. Rasim Balayev kimi. Rasim Balayev artıq elə bir yaşdadır ki, kar adama nağıl oxumağın boş yerə kürək çəkmək olduğunu yaxşı bilir. Deyib və düşüb qana. Kütlə deyilən xalqın bütün təbəqələri demək deyil. Elə ətrafımızda şüuru pozuq, ağlı az, başqalarının təlqini ilə durub oturan, hər deyilənə inanan, cinayətkar ruhlu, ümumiyyətlə, ruhsuz azmı insanlar görürük?
Kütlə reallığı var. Bir də hər deyilən kəlməyə mütləq müxalif olub, ağıllı görünmək üçün, ya da elə sadəcə söz demək üçün danışanlar var. Kütlə bütün cəmiyyəti, mənəvi dəyərlərimizi qabağımıza qatıb böyük sürətlə uçurumun kənarına doğru gedir. Sonumuz xeyir ola.