"Lalə" Qızlar Ansamblının sorağı bir zamanlar Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gələrdi. Bu ansambl Azərbaycan mədəniyyətinə milli ifaçılıq sənətinə çoxlu sayda gözəl sənətkarlar bəxş edib.
Lent.az-ın müsahibi 58 yaşlı ansamblın 88 yaşlı yaradıcısı, Xalq artisti Ceyran Haşımovadır
- Ceyran xanım, 58 il öncəyə, ansamblın yarandığı o günlərə səyahət edək. Qadın ifaçıların az olduğu bir dövrdə qızlardan ibarət ansambl yaratmaq asan olmazdı…
- 1952-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini əlaçı diplomu ilə bitirdiyimə görə, məni orada müəllim saxladılar. Ona qədər Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində tar çalırdım. Atam da tar çalan idi. 1964-cü ildə düşündüm ki, yalnız xanımlardan ibarət ansambl yaradım. İşə başladım. Axtarışları əsasən Asəf Zeynallı adına Musiqi Kollecində apardım və oradan kollektiv topladım. Beləcə, gözəl bir yolçuluğa başladıq. 25-30 il yoldaşlıq etdiyim qadınlar oldu. Müğənni Rəhilə Bəndəliyeva 43 ildir bizim ansamblda çalışır. Həyat yoldaşım rəhmətlik Mirhaşım Haşımov Asəf Zeynallı adına Musiqi Kollecində skripkadan dərs deyirdi. O, iş-gücünü atıb mənə dəstək oldu. 1965-ci ildə ansamblı tam formalaşdırandan sonra Dövlət Televiziya və Radio Komitəsinin sədri Ənvər Əlibəyliyə müraciət edib dedim ki, belə bir ansambl yaratmışam. 1966-cı ilin fevralın 22-də ilk dəfə radioda çıxış etdik. Elə həmin ilin martın 8-də qadınların bayramı münasibətilə ekrana çıxdıq. Martın 8-i həm mənim, həm ansamblımın doğum günü oldu. Həmin konsertdən sonra "Lalə"nin şanı-şöhrəti ellərə yayıldı. Sonralar Təranə Vəlizadə, Nisə Qasımova, Mahrux Muradova, Nəzakət Məmmədova, Kəmalə Rəhimova, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova və neçə-neçə istedadlı müğənnilər bizim ansamblda ilk addımlarını atdılar. "Lalə" Qızlar Ansamblı 1966-cı ildən 1971-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin nəzdində fəaliyyət göstərdi. Qastrollara çıxmaq üçün biz 1971-ci ildən Dövlət Filarmoniyasının nəzdinə keçdik. İlin əksər vaxtını qastrollarda, əsasən də xarici səfərlərdə keçirirdik. Zəhmətimə görə, 1987-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görüldüm.
- Bəs bu gün ansambl yaşayır?
- Efirlərə dəvət edəndə kiçik tərkibdə belə olsa, milli geyimlərini geyib gəlirlər, amma davamlı olaraq konsertlər, qastrollar yoxdur. Hamımız yaşlanmışıq. Yeni əməkdaşlar da qəbul etməmişik.
- O qədər qızın nazını, qayğısını çəkmək asan idi?
- Yox. Ailələr hamısı qızlarını mənə etibar eləmişdilər. Hamısı qadın. Adımızı təmiz saxlamalıydıq. Mən onlara həm ana, həm rəhbər idim. Üstlərində çox ciddi dayanırdım. Hətta çox zaman ansambldakı qızların anaları onlara söz keçirə bilməyəndə, mənimlə hədələyirdilər ki, özünü yığışdır, Ceyrana deyərəm. İnanın heç makiyaj eləmələrinə də icazə vermirdim.
- Ansamblın üzvləri, xüsusən solistlər çox gözəl xanımlar idilər. Çoxu da subay. Kişi pərəstişkarları problem yaradırdı?
- Məni ən çox Firuzə İbadova incidib. Onun qəribə cazibəsi var idi. Hara gedirdik, onun dalınca düşürdülər. Gözəl qız idi. Bir dəfə gördüm qastrol zamanı yatdığımız otağın pəncərəsinə daş atırlar. Bir cavan oğlan idi, gəlib ki Firuzə məni çağırıb. A bala, nə vaxt? Deyir konsertdə oxudu ki , “get, ay batandan sonra gəl, ay oğlan”. Xalq mahnısını dinləyib, gəlib, Firuzənin dalınca. Hər konsertdə tapşırırdım ki, Firuzə oxuyanda tamaşaçılara yox, mənə bax, üzünü mənə tut oxu. Firuzə İbadova səhnədə bütün sevgi mahnılarını mənə oxuyurdu (gülür). Biz hara gedirdiksə dəstəylə gəzirdik. Bir dəfə Ağcabədidə konsertdən sonra dedilər rayonun ikinci katibi gəlib səni görməyə. Bizim də adətimiz idi, kişi qonaqlarımız olanda tək qarşılamırdıq, bir neçə qız bir yerə toplaşırdıq ki, sonra söz-söhbət olmasın. Kişinin ürək sözləri var, qızlar da otaqdan çıxmır. Him-cim elədim, getmədilər. Axırda dedi “ Ceyran xanım, nə qədər ki, ətrafınızda bu qızlar var, siz də, sizi istəyənlər də bu dünyadan nakam gedəcəklər”. (gülür)
- Katib sizə eşq elan edirdi?
- Yəqin ki. Dedim mən kamımı çoxdan almışam. Qızların hamısından özüm qəşəng idim.
- Sizi yəqin ki, Zeynəb Xanlarovaya çox bənzədirdilər? Gənclik rəsmləriniz çox oxşayır...
- Hə, məni onunla çox qarışıq salıblar. Zeynəbi mənim əlimdən Ələkbər Tağıyev aldı. Zeynəb Asəf Zeynallıda mənim sinfimdə oxuyub. Yaman şuluq qız idi. Kollecdəki oğlanlar əlindən dad edirdilər, gəlib ondan mənə şikayətçi olurdular ki, müəllimə Zeynəb bizi vurdu, bizə söydü filan. Mən də təpinirdim ona. Əvvəl qara, quru bir qız idi, sonra çox gözəlləşdi. Saç düzümümüz, simamız çox bənzəyirdi deyə məni Zeynəb bilib yaxınlaşırdılar. Ələkbər Tağıyev onun küçəyə çıxmasına qadağa qoymuşdu. İstəyirdi ulduz olsun, adamlar arasında çox görünməsin. Düz edirdi, ulduzun bazarda nə işi var? Zeynəb ansamblda olmadı. Nisə Qasımovanı da mən yetişdirmişəm. Zeynəb də, Nisə də dağlı qızlarıydılar, dağlılar da bir-birlərini yaman “tutan” olurlar. Zeynəbin mahnılarını Nisə də oxuyurdu deyə Zeynəb tez-tez mənimlə Nisəni Ələkbər Tağıyevin evinə çağırırdı, mahnıları birlikdə məşq edirdilər. Hər mən ora gedəndə Ələkbərin qonşuluğundakı adamlar Zeynəb bilib mənim arxamca düşürdülər.
- Sizin qızlar da məşhur idilər, onlar bazara gedirdilər?
- Yox, əsla icazə vermirdim. Hara qastrola gedirdik, avtobusa soğan, kartof ət, yağ, qab-qacaq, qazan da yükləyirdik, özümüz getdiyimiz yerdə öz yeməyimizi bişirirdik. Çox sərt qaydalarım vardı. O qızların məsuliyyəti mənim üstümdə idi. Çox zaman onları istəmək üçün mənə elçi gəlirdilər.
- İlhamə Quliyeva da sizinlə olub bir dönəm…
- Bəli. Gəlirdi fors edirdi, qızlar da götürmürdü. Çox ədalı, özündən razı qız idi. Tükəzban xanımın qızıydı deyə özünü daha üstün hesab edirdi. Bir az işləyib çıxıb getdi. Amma məni eşidirdi. Vəfat etməzdən öncə efirdə “Lalə” ilə yaradıcılığa başladığını dedi. Çox müğənniləri də müşayiət etmişik. Flora xanım da bizimlə oxuyub.
- Bəs əvvəllər sizin ansamblın üzvü olmuş mərhum müğənni Nəzakət Məmmədova ilə niyə aranız möhkəm dəydi?
- Çünki Nəzakəti mən ortaya çıxardım. Amma o mənə çox üzüdönüklük elədi. Nəzakət də Asəf Zeynallıda tələbəm idi. Birinci kursda oxuyanda çağırdım onu səsini yoxladım. Heç demə özünün də çoxdankı arzusuymuş ansambla yazılmaq. O vaxtlar nişanlıydı. Evləndi, həddən ziyadə kasıb yaşayırdılar. Harasa qonaq filan gedəndə paltarını da mən verirdim. Hətta oğlu Ceyhun doğulanda adını mən qoydum. Uşaq arabasını, paltarlarını da biz aldıq. Bir dəfə ona bir boğça təzə pal-paltar verdim, dedim “çalış bu boğçanı həmişə saxla. Keçmişini unutma deyə”. Əri gəldi, xahiş etdi, mən kömək etdim, Opera Teatrında işə düzəldi, Leyli rolunu oynadı. İlk konsertində gözlədim ki, yetişdirməmdir mənə bilet göndərər. Göndərmədi. Leylidən sonra şöhrətləndi. Sonra Əhsən Dadaşovla, Baba Salahovla işləməyə başladı, bizim məşqlərə gəlmədi. Bir gün radioda şair Cəlal Bərgüşadın verilişinə çıxıb orda danışdı, söhbətdən elə çıxdı ki, onu ortaya Cəlal Bərgüşad çıxarıb, o kəşf edib. Cəlal Bərgüşad ona demişdi ki, sənin üçün hər şəraiti yaradacam, mənimlə işlə. Bunlar mənə çox toxundu. Bir gün məşqə gəldi, dedim çıx get, bir də məşqə gəlmə, mənimlə səninki qurtardı. Əməkdar artist adını almağında rolum olub. Məndən qabaq ad aldı. Mənim tanış etdiyim ailəvi dostumuzun sayəsində.
- Necə küsdünüzsə, yasına da getmədiniz…
- Getmədim. Əhd eləməmişdim ki, o ölsün mən yasına gedim. Moskvadan gətirdilər onun cənazəsini. O nəsildə kimin adını Nəzakət qoydularsa, bəxti gözəl olmadı, öldü. İndi ailəsindən heç kim sağ deyil. Mən onun üçün çox şey etdim, Nəzakət naxələf çıxdı. Təmənna güdmürdüm e... Ana məhəbbəti ən təmənnasız məhəbbətdir, amma hətta ana da övladından çəkdiyi zəhmət müqabilində hörmət sevgi gözləyir.
- Adını nəvəniz daşıyır, bəs sizdən sonra bu ansambla kim rəhbərlik edəcək? Varisiniz kim olacaq?
- Həyat heç kimə əbədi deyil, istəyərdim mən öləndən sonra bu ansambl yaşasın, yenilənsin, layiqli bir rəhbəri olsun, hər kim olsa da əvvəlki şöhrəti geri qaytara bilsin.