Rəssam Əyyub Məmmədov
24 yanvar 2021 11:08 (UTC +04:00)

Rəssam Əyyub Məmmədov

Dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən rəssam

Bu gün 24 yanvar Azərbaycanın məşhur rəssamı, əməkdar incəsənət xadimi Əyyub Məmmədovun anadan olduğunun 100 illiyidir (1921-1994). Ə. Məmmədov Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi idi. Onun parlaq bədii temperamenti, özünəməxsus yaradıcılıq dəsti-xətti və fərdi üslubu var idi. Onun yaradıcılığı mövzu və janr müxtəlifliyi ilə diqqəti cəlb edirdi. Rəssam tərəfindən yaradılan tematik kətanlar, portretlər, mənzərələr, onun həsəd aparan iş bacarığı və hərtərəfli istedadının bəhrəsidir. Ə. Məmmədovun palitrasında doğma Azərbaycana, Azərbaycan xalqının zövq və estetik təsəvvürlərinə uyğun əlvan və şən boyalar üstünlük təşkil edirdilər. Əyyub Məmmədovun əsərləri müxtəlif muzey və rəsm qalereyalarının bəzəyidir.

Əyyub Məmmədov 24 yanvar 1921-ci ildə Bakıda, fəhlə ailəsində anadan olmuşdur. 1936-cı ildə yeddi illik məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Rəssamlıq Məktəbində tələbə ikən, 1940-cı ildə xüsusi fənlər üzrə pedaqoq təyin olunmuşdur. 22 yaşında bu müəssisənin direktoru olan sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov xatirələrində belə qeyd edirdi: “Biz 1940-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini ən yaxşı diplom işi ilə bitirən on səkkiz yaşlı Əyyub Məmmədovu müəllim təyin etmək qərarına gəldik.”

1941-ci ildə məktəbi bitirdikdən sonra cavan rəssam Respublika üzrə rəssamlıq sərgilərində iştirak edir, eyni zamanda rəssamlıq məktəbində xüsusi fənnlər üzrə rəssam kimi işləməyə davam edərək, 1942-ci ildə Qırmızı Ordunun sıralarına səfərbər edilir. Qafqaz cəbhəsində alman işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. “II dərəcəli Vətən müharibəsi” ordeni, “Qafqazın müdafiəsi”, “Almaniya üzərində qələbə” medalları ilə təltif olunmuşdur. 

1945-ci ildə müharibədən qayıtdıqdan sonra Ə. Məmmədov öz yaradıcılığını davam etdirmişdir. 1946-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilmişdir. Həmin ildə də V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş və 1952-ci ildə Q.Q. Ryajskinin emalatxanası üzrə bitirmişdir. 1949-cu ildə Ə. Məmmədov Moskva Rəssamlar Birliyinin üzvü qəbul olumuşdur. Surikov İnstitutunda S.V. Gerasimov və Q.Q. Ryajskiy kimi tanınmış SSRİ və rus rəngkarları, D.K. Moçalskiy, P.V. Malkov, K.M. Maksimov kimi professorlardan aldığı təhsil cavan rəssamın fərdi yaradıcılığının formalaşmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, akademik İ.E. Qrabar öz məqalələrinin birində hələ gənc rəngkar olan Ə. Məmmədovu “dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən” gözəl rəssam adlandırmışdır.

Təhsil aldığı illərdə Məmmədov Bakıda və Moskvada sərgilənən bir sıra əsərlər yaratmışdır. Onun ilk böyük uğuru “Azərbaycan və Özbəkistan pambıqçılarının təcrübə mübadiləsi” (1952-ci il) adlanan diplom işi olmuşdur. Müəllif sonu görünməyən pambıq sahəsinin fonunda iki qardaş xalqın nümayəndələrini böyük istiqanlıqla təsvir etmişdir. Milli tipajın, geyimlərin, mənzərənin sədaqəti, kompozisiya quruluşunun yetkinliyi, işıq və hava ilə tamamlanmış koloritin ifadəliyi sayəsində əsər uğur qazanmışdır. “Azərbaycan və Özbəkistan pambıqçılarının təcrübə mübadiləsi” əsərini rəngkarın ilk uğuru kimi qəbul etmək olar. Çünki, bu əsər sayəsində rəssam məşhurluq və böyük şöhrət qazanmışdır.

Ə. Məmmədov insan üzünün hər detalını heyrətləndirici dəqiqliklə çatdıran gözəl portret ustası olmuşdur. Onun bir çox əsərlərində nəinki Azərbaycanın, eləcə də digər ölkələrin tarixi şəxsiyyətləri əks olunmuşdur. Lakin, dahi sərkərdələr, tanınmış mesenatlar və yazıçılarla yanaşı Ə. Məmmədov fəhlə və kəndlilərin təsvirlərinə də böyük yer verirdi. Məşhur çoban Q. Bağırovun portreti 1959-cu ildə Nyu-Yorkda SSRİ sərgisində nümayiş olunmuşdur. Özünün maraqlı portretlərinin birində rəssam müdriklik və həyat eşqilə dolu 150 yaşlı kəndli Mahmud Eyvazovun portretinin canlandırmışdır.

Bundan başqa, vətənin azadlığına görə canlarından keçən sadə əsgər və dənizçilərin obrazları, Böyük Vətən müharibəsinə həsr olunmuş bir çox əsərləri də var idi. Həzi Aslanov, Mehdi Hüseynzadənin portretləri, “Sükut” əsəri onlardan bəziləridir. Təsadüfi deyil ki, tanınmış SSRİ və rus rəssamı, pedaqoqu Sergey Konenkov onun haqqında yazırdı: “Əyyubun yaradıcılığı sayəsində bizim incəsənət əməyin bütün sərtliyini lakonik monumental formada əks etdirən gözəl rəngkar qazanmışdır”.

Ə. Məmmədov Azərbaycanın şəhər və kəndlərini, çay və göllərini təsvir etməyi sevirdi. O, tez-tez Azərbaycanın müxtəlif rayonlarında olurdu və bu səbəbdən, Azərbaycan kənd həyatına çox gözəl bələd idi. Rəssam tərəfindən ölkənin müxtəlif yerlərində görülən səhnələr – obrazlar, kənd əhalisinin məişəti və əməyi, mənzərələr onun bir çox əsərlərinin mövzusu olmuşdur. Rəssam doğma təbiətə, kənd həyatına olan sevgisini öz uzun və məhsuldar yaradıcılığının sonuna qədər qoruyub saxlaya bilmişdir. Ona görə də, təəccüblü deyil ki, o, son janr əsərlərini verilmiş mövzuya həsr etmişdir.

“Kürün sahilində”, “Keçmiş əsrin xatirəsi”, “Pirasura kəndi”, “Şəfəq” və digər mənzərələr təbiətin anlarının müxtəlifliyi ilə heyran edir. Kətan üzərində canlanan günbatan, gündoğan, dəniz müxtəlif havalarda, yaz çölləri, dağlar incə əhval-ruhiyyəni çatdırır, təmiz hava ilə doldurulmuş, sanki işıq saçırlar. O, çox gözəl kolorit ustası olmuşdur. Onun mənzərələrində poeziya, lirika üstünlük  təşkil edir, ustadın əhval-ruhiyyəsini, qəlbinin vəziyyətini əks etdirir. 

Ə. Məmmədov yaradıcılığında xüsusi yeri doğma Abşerona vermişdir. “Abşeron qarı”, gözəl “Abşeron sahili”, isti “Abşeron axşamı” və digər əsərləri Azərbaycanın bu guşəsinin gözəlliyini  tamaşaçıya çatdırırdılar.  

Rəssamın yaradıcılığının böyük hissəsi – tarixi mövzuda əsərlərdir. Geniş istedada malik Ə. Məmmədov tarixi çox gözəl bilirdi. Yaradıcılıq maraqları dairəsinə Azərbaycanın mədəniyyəti,  incəsənəti və tarixi daxil idi. Təsadüfi deyil ki, o, tarixi mövzuda mürəkkəb, maraqlı əsərlər yaratmışdır. “Avtropatla Makedoniyalı İsgəndərin görüşü”, “Azərbaycanlıların Bağdada köçürülməsi” onlardan bəziləridir.

Rəssamın ədəbiyyata olan sevgisi onun ruhunu oxşayan dahi Azərbaycan şairlərinin, yazıçılarının həyat səhifələrinə müraciət etməyə vadar etmişdir. Bu cür əsərlərə “Əmir Xosrov Dəhləvi”, “Xaqaninin həbsi”, “Nizami Gəncəvi şəhərin fonunda”, “H. Cavid, A. Şaiq, S. Hüseyn və Ə. Cavad Bakı Dənizkənarı bulvarında” aiddir. 

Ə. Məmmədov öz məhsuldar fəaliyyətinin bir hissəsini də pedaqoqika təşkil edirdi. Pedaqoji fəaliyyətin 40 ili ərzində o, onun yaradıcılıq prinsiplərinə riayət və davam edən böyük sayda Azərbaycan rəssamlarını ərsəyə gətirmişdir. On ildən çox Azərbaycan Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışmışdır (1965-1975).

1953-cü ildən ömrünün sonuna qədər o, Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin üzvü, Böyük Vətən müharibəsi qaziləri komissiyasının sədri, Bədii şuranın rəssamlıq bölməsi üzrə sədr müavini olmuşdur. Təsviri incəsənətin inkişafında xidmətlərinə görə 1959-cu ildə “Fəxri nişan” ordeni ilə təltif edilmişdir. 1963-cü ildə “SSRİ Azərbaycan Əməkdar incəsənət” fəxri adına layiq görülmüşdür.

 

Nərgiz Rzayeva, sənətşünas

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6171
avatar

Oxşar yazılar