Düz 50 il radiodan onun mülayim, ürəyəyatan səsi eşidilib, bu səsin sədaları altında böyümüş nəsillər yetişib. İnsanlar onun üzünü görmədən seviblər. Yanından ötüb keçəndə çox zaman tanımasalar da, səsini eşidincə doğmalaşıblar.
Lent.az-ın müsahibi əfsanəvi diktor, Xalq artisti Eldost Bayramlıdır
- Eldost müəllim, mikrofon arxasında keçən 50 il sizə nə qazandırdı? Ömrün 76-cı ilində geriyə nəzər salarkən yaşanan ömürdən məmnunsunuzmu?
- Çox məmnunam. Yaradanımın mənə yazdığı taledən çox razıyam. 50 il əsl insan həyatı yaşamışam. Viktor Hüqo deyirdi ki, mən 50 il adıma qulluq etdim ki, 50 ildən sonra adım mənə qulluq etsin. Hüqodan fərqli olaraq adımla mən qarşılıqlı olaraq bir-birimizə qulluq edirik.
Bu illərdə səsimi dinləyən, yaradıcılığımı izləyən insanların hörmətini, sevgisini görürəm. Bu böyük xoşbəxtlikdir. Nə qazandımsa öz halal zəhmətimlə, göz nurumla, qəlb sevgimlə qazandım.
- Necə oldu ki, diktor olmaq qərarına gəldiniz?
- Balaca uşaq idim. Hələ məktəbə getmirdim. Bir gün gördük ki, kəndimizin kənarında traktor işləyir. Dərhal qaçıb traktorun ətrafına toplaşdıq. Traktorçudan soruşduq ki, siz burda nə edirsiniz? Cavab verdilər ki, sizin kəndə radio çəkirik. Radio çəkildi, bu möcüzəli qutudan gələn əsrarəngiz səslərə, sonradan mənim müəllimlərim olacaq diktorların səsinə qulaq asdım, o səslərdən birinə vuruldum. Aydın Qaradağlının qeyri-adi səsi o gündən gələcək tale yolumu müəyyən etdi.
Özüm Kürdəmir rayonunun Çöl-Ərəb kəndində kasıb bir ailədə doğulmuşam. Anamı tez itirmişəm. Amma bibim mənə anasızlığı hiss etdirməyib. Məni növbə ilə bibilərim saxlayıb. Uşaqlıqdan sentimental, xəyalpərəst olmuşam. Mütaliəni çox sevmişəm. 1965-1969-cu illərdə APİ-nin tarix fakültəsini bitirdim.
İnstitutun axırıncı kursunda 1969-cu ildə C.Cabbarlı adına Kinostudiyanın nəzdində fəaliyyət göstərə kinoaktyorluq kursuna qəbul olunub, bir il də orda oxudum. Bütün bu illərdə həyatımın bir amalı var idi. Diktor olmaq.
Təyinatla Ağsu rayonuna tarix müəllimi göndərdilər. İlxıçı kəndində tarix-ədəbiyyat müəllimi işlədim, 2 ay sonra hərbi xidmətə getdim, bir il qulluqdan sonra tərxis olundum və Bakı şəhərinə gəldim.
Məqsədimə bir az da yaxınlaşdım. Televiziyaya müsabiqəyə gəlmək istəyirdim. Eşitdim ki, televiziya diktoru gərək rus dilini də Azərbaycan dili kimi təmiz, dialektsiz tələffüz etsin. Ona görə də radioya gəlmək qərarına gəldim. Təbii olaraq, birinci növbədə səsin gözəlliyi, dilin səlisliyi, fikrin düzgün ifadəsi, cümlələrin düzgün quruluşu, vurğuların düzgünlüyü və diksiya başda olmaqla bütün vacib yoxlamaları keçdikdən sonra, 1972-ci il aprel ayının 1-də müqəddəs arzuma çatdım, Azərbaycan radiosunda təcrübəçi diktor kimi işə başladım. Yaşımla əlaqədar 2009-cu ildə pensiyaya çıxsam da, indiyə qədər rəhbərliyimizin istəyi ilə dəvət olunmuş əməkdaş kimi fəaliyyətimi davam etdirirəm.
- Hər kəsin səsini eşidib, üzünü görmədiyi diktorlar kollektivinə düşdünüz. Yəqin maraqlı xatirələriniz olar.
- Mən işə qəbul olunanda radiomuzda təxminən 25-26 diktor işləyirdi. Dörd briqada, hərəsində də 5 diktor. Bu da təbii idi. Çünki o vaxt verilişlərin çoxu qabaqcadan lentə alınırdı. Gərək həm efiri yola verəydin, həm də verilişlərin mətnini yazaydın. Son xəbərlər redaksiyası başda olmaqla, respublikada hansı icraçı sahələr vardısa radionun o qədər də redaksiyaları vardı.
Azərbaycan radiosunun bünövrəsi qoyulandan, orada rəhbərlik başda olmaqla, çox görkəmli insanlar fəaliyyət göstərirdi.
Diktor kollektivi isə birinci növbədə elə bil səslər muzeyi idi. Adətən radio diktorları səsləri ilə öz obrazlarını yaradırdılar. Bax, mən belə bir kollektivə düşmüşdüm. İndiyə qədər əminəm ki, o vaxt bizim radioda bir nəfər də olsun təsadüfi əməkdaş yox idi. Hamı qəlbinin səsi ilə bu sənətə gəlmişdi.Mən də onlardan biri idim.
- Bəs xarakterləri necə idi? Tamaşaçılar efirdə gördükləri, eşirtdikləri insanları ideal hesab edirdilər o dönəmdə.
- İş yoldaşlarımın hərəsinin özünəməxsus xarakteri, xasiyyəti vardı.
Baxmayaraq ki, kollektivə Ramiz Mustafayev rəhbərlik edirdi, Soltan Nəcəfov kişilər arasında ən yaşlı və ən təcrübəli idi. Əslində Aydın Qaradağlının nüfuzu hər sahədə hiss olunurdu. Səsinin əzəməti və özünəməxsus milliliyi ilə mənim həyatıma yaxşı mənada istiqamət verən Aydın müəllimlə 8 il birlikdə işlədim. Ondan nəsə soruşmaq, ünsiyyətdə olmaq o qədər də vacib deyildi. Sadəcə onu izləmək kifayət edirdi. Aydın Qaradağlı nümunəvi məsuliyyət maşını idi sanki. Sadəcə izlə. Onun efirqabağı hazırlığı, səsləndirəcəyi materiala münasibəti, o materialla rəftarı bir məktəb idi.
Özü çox zəhmli adam idi. Adam söz deməyə çəkinirdi. O 8 ildə bircə dəfə soruşdum ki, Aydın müəllim, sizin fikriniz mənimçün çox önəmlidi, mən diktor ola biləcəyəmmi?
Cavab verdi ki, olacaqsan, peşəni sevirsən, fəalsan, amma mənim izimdən çıx, izlə gedənin izi qalmaz. Mən də çıxdım. Öz yolum, öz izim oldu.
Daim diqqət mərkəzində olan, özündən sonra gələnlərin məcazi mənada dilindən tutub diktor edən Xalq artisti, baş diktorumuz Ramiz Mustafayev idi. Ramiz Mustafayevin çox şaqraq, şüşə kimi səsi var idi. Hər səhər işə gələndə bir bəhanə tapıb, yüksək səslə üstümüzə qışqırardı.
Biz əsəbiləşərdik. Bir dəfə etiraz etdik ki, niyə qışqırırsam, asta deyə bilməzsən? Onda da sirr açıldı. Qayıtdı ki, əşi səsimi açıram da. Nə qədər təmiz olsa da, 2-3 ildən bir Ramizin səsinin batmağı vardı. Növbəti dəfə soyuq dəydi, səsi batdı, bizim qulağımız dincəldi. Təzəcə sakitliyə öyrəşirdik ki, Ramiz müəllim gəldi. Gələn kimi də yenə başladı qışqırmağa. Mən dedim, “qoymayın, Ramizin səsi açıldı” . Hamı qəhqəhə çəkdi söz Ramizin özünə o qədər ləzzət elədi ki, hamımızdan çox o güldü. Çox mehriban kollektivimiz var idi.
Mən 1972-ci ildə işə girəndə Ofeliya Sənani, Sabir Ələsgərov və Davud Əhmədov radioda işləyirdilər.
Bu yaxınlarda dinləyicilərimizdən biri söhbət zamanı dedi ki, yaşlanmalarına baxmayaraq, nə Ofeliya xanımın, nə də Eldost müəllimin səsi heç dəyişməyib. Radioda 20 ilə yaxın bir müddətdə Ofeliya xanımla birlikdə Azərbaycan gəncləri arasında o vaxt çox populyar olan “Natəvan qızlar klubu” verilişinin aparıcısı olmuşuq. Hərdən dostlarım mənə sataşardılar ki, sənin qızlar klubunda nə işin var?
Diktorun əsas vəzifəsi dövlət qərarlarını və son xəbərləri dinləyiciyə yüksək səviyyədə çatdırmaqdır. Bu mənada Bu yaxınlada 100 yaşını özünün iştirakı ilə evlərində fəxrlə qeyd etdiyimiz eyni zamanda Azərbaycanda idman gimnastikası üzrə ilk SSRİ İdman ustası, 7 dəfə Azərbaycan çempionu, Prezidentin Fərdi təqaüdçüsü Əməkdar artist Züleyxa xanımın əvəzi yox idi. Allah sağlam ömür versin.
Azərbaycan radiosunda ən məlahətli səs sahibi Fatma xanım Cabbarova idi Allah ruhunu şad eləsin. Mən əvəzolunmaz, gözəl səsli diktorların tələbəsi olmuşam. Sabir Ələsgərovu müəllimlərimdən biri hesab edirəm, Davud Əhmədovun oxuduğu şeirlərdən zövq almışam. Roza Tağıyeva ilə gənclik vaxtı qonşu olmuşuq. Mehriban münasibətimiz olub həmişə. Pensiya illərimiz bizi radioda birləşdirdi. Rəhbərliyimiz uzun müddət efirdə səslənmiş "Arzu" Musiqi poçtunu bərpa edib mətnini oxumaq üçün Roza xanımla mənə dəvət etdi. Uzun müddət oxuduq. İndi radio müasirləşib, verilişlərin də strukturu dəyişib.
- Tanınmış adam olaraq sizdən kömək istəyənlər olub?
- Dinləyicilər biz radio-televiziya diktorlarını baş verən hadisələrə müdaxilə etməyə qadir olan insanlar kimi baxırdı. Təsəvvür edin ki, mən hələ işlədiyim ilk illərdə müxtəlif yerlərdə yaşayan, amma üzümü görməyən dinləyicilərdən nə qədər imdad diləyən şikayət məktubları alırdım. Diktorlar hər şeyə qadir şərəfli peşə sahibləri sayılırdı.
Bir misal deyim. 2-3 il idi işləyirdim, qonşu respublikaların birində yaşayan azərbaycanlı bir xanımdan kömək diləyən məktub almağa başladım. Məzmunu təxminən belə idi ki, Eldost müəllim, yoldaşım məni incidir, etiraz edəndə aparıb məni yerləşdirir psixoloji xəstəliklər xəstəxanasına. Mən də ona deyirəm ki, gedəcəm Bakıya. Orda Eldost Bayram adında qardaşım var. O mənə kömək edəcək. Əlbəttə çox xoşagəlməz hadisədir. Hər halda mən o ailə işinə qarışmadım. İndiki televiziyalarda göstərilən ailə-məişət problemlərinə həsr olunmuş verilişlərə baxanda o xanımın məktubu yadıma düşür.
Son zamanlar göbələk kimi çoxalan və problemlərimizin üzərinə ağır stresslər əlavə edən belə verilişləri isə heç cür qəbul edə bilmirəm.
- Eldost müəllim, diktorların, aparıcıların toy aparmasına necə baxırsınız? Siz də toyda aparıcılıq eləmisiniz?
- Çox təbii baxıram. Məni 70-ci illərin axırlarında Dövlət Filarmoniyasına tədbirləri, konsertləri aparmağa dəvət etdilər. Radioda əsas işimə mane olmur deyə, razılıq verdim. İki il müddətində orada bir neçə görkəmli şəxsimizin yaradıcılıq gecəsini və konsertlər apardım. Göyçə aşıqları başda olmaqla demək olar bütün aşıqlarımızın və müğənnilərimizin konsertlərini aparmışam. Elə həmin vaxtlar aparıcılıq prosesi təzəcə başlayırdı. Mənə də təklif etdilər. Utandım və etiraz etdim. Amma 10 ildən sonra məsələ aktuallaşanda israr etdilər, ehtiyacım var deyə razılıq verdim. Amma məclislərə elə diktor kimi daxil olub, diktor kimi də çıxırdım.
Bu məclislər mənə çətin vaxtlarımda dayaq olan insanlar qazandırdı. Milyonçu ola bilmədim, amma, heç kimə möhtac olmadan halal zəhmətimlə qazandığım o pullarla qızımı köçürdüm, oğlumu evləndirdim, analarının yas mərasimlərini verə bildim.
- Ömrün 76-cı ilində geri nəzər salarkən yaşanan ömürdən məmnunsunuz?
- Kasıblıqla böyüdüm, aza qane oldum, heç kimə maddi borcum yoxdur. Dəyər verən insanların sayəsində 70 yaşında olsa da, çoxdan halal zəhmətimlə qazandığım ən yüksək titulumu-Xalq artisti fəxri adını aldım. Prezidentimiz sağ olsun, ehtiyacımız var idi, 2 otaqlı ev verdi. Dəyər verən xalqımıza ömrüm boyu minnətdaram.