Səidə Quliyeva
15 dekabr 2022 17:09 (UTC +04:00)

Səidə Quliyeva

“Bizdə gözəl aktyor potensialı var, sadəcə yazar yoxdur” – Xalq artisti

Lent.az-ın müsahibi Azərbaycan teatr və kino aktrisası Xalq artisti, Prezident təqaüdçüsü Səidə Quliyevadır. 


 

Bir neçə gün öncə onun teatrdan çıxarılması ilə bağlı xəbərlər yayılmışdı və işin əslini özündən öyrənmək istədik. Səidə xanım təmkinli xarakterinə xas olmayan şəkildə əsəbiydi. Jurnalistlər xətrinə dəymişdilər. Onu yumşaltmaq üçün zarafat etdim: “Ay Səidə xanım, siz də qaçan öküzün acığını duran öküzdən çıxdınız”, güldük. Səidə xanımla söhbətimiz də elə bu öküz məsəliylə başladı.

- İnanın, sizdən sonra düşünüb gülmüşəm bu məsəlinizə. Həyat fəlsəfəsidir. Harda yumşaq, mülayim adam var onu incitmək, sıxışdırmaq, əzmək istəyirlər. Deyirlər, o götürəcək, dinməyəcək. Ona toxunaq, təpik vuraq. Bu təkcə bizdə yox, bütün dünyada belədir. Buna görə bir az əsəbi oluram hərdən.

- Xətrinizə kim dəymişdi?

- Bir xanım jurnalist. Yazıb ki, məni işdən qovublar. Çıxarıblar da yox ha, qovublar. İnsanı işdən nəyə görə qovarlar? Əxlaqsızlığına, məsuliyyətsizliyinə görə. Birincisi, işimin başındayam, teatrdan da heç kimi işdən çıxarmayıblar. Hazırda teatrda 3 tamaşada rol oynayıram. Adam nə istədiyini  yazarmı? 20 ildir şəkər xəstəsiyəm. Özümü stresdən qorumağa çalışıram, bir nəfərin dediyi söz məni qalmaqala saldı, əsəbləşdirdi. Necə deyərlər, durduğum yerdə işə düşdüm. Özümü qoruyuram, çünki hələ övladımı evləndirməmişəm. Allahdan möhlət istəyirəm ki, o uşağı ortalığa çıxarım.

- Nişanlanıb?

- Demək olar ki, hə. Allah arzu edən hər kəsə övlad toyu qismət eləsin. 

- Əslində çox həlim insansınız. Ən azından “Bulaq” verilişində bulaq kimi ürəyimizə axan o səsin sahibinin sərt biri olacağına inanmıram. 65 yaşınız tamam oldu. Bu xarakterlə sizə çətin olmadı? 

- Oldu. Amma zaman insanı bərkidir, möhkəmləndirir. Çox mülayim insanam. Amma mülayim olduğum qədər də güclüyəm. Evdə  tumarlanan pişiyi də vursan, qayıdıb səni cırmaqlayar, caynaqlarını çıxarar. Dəli deyiləm axı, həmişə səssiz olum, hər hadisəyə gülümsəyim. Düzdür, insanlara pozitiv yanaşıram, insanları çox sevirəm, mənim üçün kiminsə ürəyini qırmaq böyük günahdır. Hərdən bu xasiyyətimə görə özümə acığım da tutur. İnsanlara sevgi ilə yanaşıram, pozitiv ötürürəm, çox zaman da eyni reaksiyanı alıram. Tamaşaçılarım da mənə həmişə sevgi veriblər və məndən də sevgi alıblar. Bilirsinizmi, inanıram ki, insan pis düşündükcə, beyin bütün orqanlara neqativ ötürür, bu da bizim sağlamlığımıza ziyandır. Yaxşı şeyləri görmək, yaxşılar barədə düşünmək lazımdır. Mən bu mənada həm özümü, həm də ətrafımdakıları qoruyuram.

- Sizi əsasən çox mülayim qadın obrazlarında görürük. Sərt obrazları sizə yaraşdırmırlar?

- Sərt rollarım çox olmayıb. Mir Cəlalın “Dirilən adam” tamaşasında küpəgirən qarını - Sayalı obrazını canlandırdım. Rejissor Oruz Qurbanov rolu verəndə dedi ki, bu sənin ən yadda qalan obrazlarından biri olacaq. 80 yaşlı küpəgirən qadın rolu deyəndə, artıq nə deyildiyini anlamaq olur. Maraqlı bir təcrübəydi. Aktyoru eyni, rəngli rollarla damğalamaq, yormaq düzgün deyil.

- Əli Əmirlinin “Bala başa bəla” tamaşasında da bacıyla qardaşının arasını vuran gəlin idiniz…

- Bunu mənə çox xatırladırlar. Canlandırdığım İzzət Nəfisli aranı qarışdırmırdı, balasını hər şeydən mühafizə edən bir anaydı. Ananın hadisələrə münasibəti fərqli idi. Öz balasını nə yolla olursa-olsun, qoruyurdu. Heç düşünmür ki, bu onun balasına xələl gətirərər, iç dünyasını məhv edər. Sadəcə qoruyur. Rolu müdafiə eləmirəm, düşdüyüm vəziyyəti müdafiə edirəm. Aktyor öncə yaxşı psixoloqdur. İnsan xarakterləri yaradırıq. Tanımadığın insanların iç dünyasına vara bilirsənsə, o rol alınacaq. Mənim də iç dünyam oynadığm obrazara dəlalət edir. İnsan despot olmamalıdır. Ətrafda baş verən hadisələr, məişət problemləri insanları indi daha çox aqressiv edib. Biz öz neqativlərimizi başqalarına yükləməməliyik. Allahın verdiyi gözəlliklərdən zövq almalıyıq.

- İstədiyiniz obrazı oynamısız?

- İstədiyim rollarım da olub. Amma hansı aktyoru, aktrisanı dindirsəniz, onun hələ oynamaq istədiyi, arzuladığı obraz var. Mənim də var. Birlmirəm qismət olacaqmı? Hələ ürəyimcə olan obraz olmayıb. Çalışıram, rollarımın öhdəsindən gəlim. İstedadım, dünyaya baxışım, təfəkkürüm yol verirsə. Baş rollar oynayan aktrisalar var. Dəftər-dəftər söz deyirlər. Amma tamaşadan çıxan kimi unudulur. Elə aktrisalar var ki, onu roluyla xatırlayırlar, eləsi də var adını çəkirsən, kimsə tanımır. 

- Epizodik rollarıyla baş rol qəhrəmanlarından çox tanınan aktyorlarımız da var…

- Elə biri mən. Avksenti Saqarelinin “Xanuma” tamaşasında oynadığım epizodik nənə roluna görə Xalq artisti adı almışam. Rolun böyüyü, kiçiyi olmur. Dolğunu, ötərisi olur. 

-  Azəraycan teatrında sizi narahat edən nə var?

-  Azərbaycanda gözəl aktyor potensialı var. Sadəcə, bizdə yazar yoxdur. Yazıçılarımızı hiss etmirəm. Bir də rejissor sarıdan qıtlıq çəkirik. Bir-iki nəfər var. Belə yüksək potensiallı aktyorlarla işləmək üçün yaxşı rejissorlar lazımdır. Rejissor aktyoru bezdirməməli, özünü aktyora sevdirməlidir. Rejissor, ssenarist, aktyor arasında vəhdət olanda monumental əsərlər yaranır. Adətən, aktyorları repertuar, rejissor və teatrdakı ab-hava narahat edir. Bizim teatrda hamı başını aşağı salıb işini görür. Xırda narazılıq ailədə də olur. İş gedirsə, bu normal haldır.

- Hansı rejissorla işləmək sizə çətin, yaxud asan olub?

- Kino rejissorlarından bircə Vaqif Mustafayevlə işləmişəm. Teatrda demək olar ki, hamısı ilə işləmişəm. Mənə hamısı ilə işləmək xoş olub. 

- Gənc rejissorlarla illərini səhnədə keçirən xalq artistəri arasında ziddiyyət yaranıbmı?

- Əlbəttə, yaranr. Gəncə kömək eləmək lazımdır, qapazlamaq yox. İllər sonra püxtələşəcək. Yaxşı olardı ki, püxtələşib gəlsinlər. Bizdə indi rejissorlar yalnız Azərbaycan məkanında yetişirlər. Bu narahatedici haldır. Əvvəllər müxtəlif respublikalarda ezamiyyətdə olur, tanınmış rejissorların emalatxanalarında təcrübə keçirdilər. Fikrimcə, gənc rejissorlar dünya təcrübəsindən də bəhrələnməli, görüb-götürməlidirlər. Sovet dönəmində Moskvaya, Peterburqa, Baltikyanı ölkələrə gedirdilər. Bunun nəyi pis idi?  

- O zaman dövlət hesabına göndərirdilər. İndi necə? Yəqin ki, gənci dövlət hesabına göndərsələr, o etiraz eləməz, həm gəzinti olar, həm təcrübə.

- Düzü, indi bilmirəm, bu işlər necə həll olunur. Xaos yaranıb. Gedənlərin bir çoxu gedir, gəlmir. Çoxu Türkiyəyə gedir. Bizim teatrlarımız Türkiyə teatrlarından qat-qat güclüdür. Onlar bizdən bəhrələnirlər. Bizim böyük sənətkarımız Cahangir Novruzov Adanadadır. Onun sinfinə düşmək üçün nə qədər gənclər gəlir. Mən onun işlərini, təcrübəsini çox sevirəm. Amma deməliyik ki, Rusiya teatrı dünyaya meydan oxuyurdu, Cahangir müəllim də Rusiyada teatr təhsili almışdı. Bu gün Azərbaycanda dincəlmək, istirahət etmək üçün ən ucuz bilet teatradır. Konsert biletləri od tutub yanır. Gəlsinlər, baxsınlar, zövq alsınlar. 

- Yaşlı aktyorların teatrdan göndərilməsi məsələsindən də danışaq. Hər tamaşada yaşlı obraz olur. Bir var, o rolu qrimlənmiş gənc ifa edə, bir də var, o psixologiyanı yaxşı bilən yaşlı aktyor.  Ağasadıq Gəraybəyli 92 yaşında teatrda işləyirdi, yarıtmırdı?

-  Bizim teatrdan heç kimi göndərməyiblər. Əslində yaşlı qalıbmı ki? Bir-iki qocaman aktyor qalıb, hamısı vəfat edib. Yaşlı aktyorların öz kalorti var. Ağasadıq Gəraybəyli bizim üçün məktəb idi, onu səhnədə görmək möhtəşəm duyğuydu. Aktyorun sağlamlığı yerindədirsə, niyə teatrda olmasın? Bayaqdan mənimlə danışırsınız. Yaşıma görə hansısa problem hiss edirsiniz?

- Əvvəllər şəxsinizdə çox mülayim bir xanımı tanıyırdım. İndi güclü, sözünü lazım gələrsə, sərt deməyi bacaran aktrisanı gördüm.

- Mən həmişə güclü olmuşam. Həyat mübarizədir, həyat püxtələşdirir, rəndələyir. Gəncliyimdə dənizdəki qayıq kimi dalğalanırdım. Amma həmişə düşünmüşəm ki, insanların qəlbinə dəyməyə ixtiyarım yoxdur. Allah mərhəmətlidir, mən də mərhəmətimi qorumağa çalışıram. 

- İlin sonuna yaxınlaşırıq. Yeni il üçün özünüzə və xalqımıza nə arzunuz var?

- Hamının qarşıdan gələn yeni ilini təbrik edirəm. Uğurlu, sayalı, xalqımıza düşərli il olsun. əsgərlərimizə dua edirəm. Soyuqda, sazaqda bizi qoruyurlar, Allah canlarını sağ eləsin, ürəklərini gözəl xəbərlər isitsin. Əsgər adı çəkiləndə kövrəlirəm. Küçədə əsgər görürəm, qucaqlayıb öpürəm. Özümə isə sadəcə can sağlığı arzulayıram. Dövlət tərəfindən mənə hər şey verilib, minnətdaram. Başımdan yuxarı atlanmağı sevmirəm. Can sağlığı olsa, bəsimdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6018
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar