Bığına görə efirə buraxılmayan Azərbaycan DAHİSİ
16 dekabr 2022 17:53 (UTC +04:00)

Bığına görə efirə buraxılmayan Azərbaycan DAHİSİ

- Öz musiqi karyeramdan razıyam. Ona görə razıyam ki, mən musiqini çox, amma çox sevirəm. Mən çalışmağı sevirəm.

- Bunlar niyə bığlarıma baxır axı, barmaqlarıma baxsınlar da. 

Azərbaycan caz-muğam üslubunun banisi, muğam və cazı bir araya gətirən, musiqisi indi də dünyanı dolaşan Vaqif Mustafazadə.

Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür. 

Lent.az xəbər verir ki, 1940-ci il martın 16-da Bakının İçərişəhərində, musiqiçi ailəsində dünyaya bir oğlan göz açır.

Gələcəkdə dünyaca məşhur caz ifaçısı kimi tanınan bu oğlanın adını Səməd Vurğun qoyur - Vaqif. 

Səməd Vurğun ailənin dostu olub. "Bir Vaqifimiz var, (oğlu, sonralar Vaqif Səmədoğlu kimi tanıyacağımız şair – red.) bir Vaqifimiz də olsun", - deyib. Aralarındakı yaş fərqi cəmi bir il olan vaqiflər sonralar dost olur. Sabir bağında saatlarla oturub söhbət edər, meyxana deyərlərmiş. 

Anası Zivər xanım Üzeyir Hacıbəyovun şagirdi, Azərbaycanın ilk qadın pianoçularından biri idi. Atası Əziz isə hərbi həkim olub. 1945-ci ildə, müharibədən sonra Vaqifin valideynləri ayrılıb. Uşaq yaşlarında atasını itirən Vaqif musiqi müəllimi olan anasının himayəsində böyüyür. Elə musiqiyə həvəsi də anası Zivər xanımdan keçir. 

Uzun saç, saqqallı, qeyri-adi geyimli bu oğlanı çox adam onu qəbul etmədi. Əsasən də sovetin düşüncə, zövq bozluğunda batanlar, bu bozluğun çərçivəsində qərar tutanlar. Musiqi məktəbini bitirəndən sonra Tahir Atakişiyev adlı direktor şəxsi antipatiyası səbəbindən onu ixtisasa yararsız kimi qiymətləndirir. Şəhərin ən güclü pionisti güc-bəla ilə musiqi texnikumuna daxil olur. 

Konservatoriyaya imtahan verərkən rektor Cövdət Hacıyevin tərsliyi ilə rastlaşır. Raxmaninovdan ifa zamanı son akkordu özü kimi vurur. Yəni Raxmanindən Vaqifə keçid edir. C. Hacıyevin də bu özünə əminlik xoşuna gəlmir və mübahisələrdən sonra ona yağlı bir “iki” yazır.

Amma Vaqifin ürəyi ona edilən təzyiqlərə tab gətirə bilmir və hələ 29 yaşında olarkən infarkt keçirir. 

Bəstəkar 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib.

Onun ifalarında fərqli səs, qeyri-adi bir çalar vardı. Görkəmli bəstəkarın barmaqları pianinonun dillərinə toxunduqda dinləyicilər musiqinin sehrinə düşürdülər. 

Sibirin ucqar yerində konsert zamanı dahi cazmenə azərbaycanlı dinləyicisi belə səslənmişdi:

“Barmaqlarına qurban olum, bir dənə muğamat çal”…

Onun bığı başına bəla olmuşdu. Hara gedirdisə, bığına görə sərt reaksiya görürdü. Hətta AzTv-nin efirinə də buraxılmamışdı. Vaqifin inqilabçı ruhu isə heç bir qaydaya uymurdu.

Bir nəfər Vaqifə bığları barədə sual verir: "O bığla necə yemək yeyirsiniz?"

Vaqif Mustafazadə bığına sığal çəkib divardan asılmış Karl Marksın şəklini göstərir: "O necə yeyirdi, mən də elə..." -deyir... 

Vaqif Mustafazadə birinci evliliyini hamıdan gizlədirdi. Gənc yaşlarında tez-tez Azərbaycan Dövlət Neft Akademiyasına gedir və gecələr orada təşkil edilən konsertlərdə musiqilər ifa edərdi.

Elə Vaqifin gələcək həyat yoldaşı ləzgi qızı Nərminə xanım da burda təhsil alırdı. Gənc cütlüyü Rüstəm İbrahimbəyov tanış etmişdi.

Vaqiflə Nərminə evləndikdən sonra həmin nikahdan Lalə Mustafazadə dünyaya gəlir. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmür. Onlardan biri musiqiçi, o biri mühəndis olduğu üçün yola getmir və münasibətləri pozulur. Nərminə xanım Laləni də götürüb gedir.

İkinci həyat yoldaşı Elza ilə isə Tiflisdə tanış olur. Gürcü qızı özünü Vaqifə sevdirə bilir.

1966-1967-ci illərdə Tallində keçirilən festivalda Vaqif Mustafazadə Gürcüstanı təmsil edir. O festivaldan sonra Vaqifi bütün dünya tanıyır. Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyev bundan sonra Vaqif ölkəsinə qayıtmasını və Azərbaycanı təmsil etməsini istəyir. Vaqif də Elza ilə birlikdə Azərbaycana qayıdır.

Elza hamilə idi. Amma Vaqif Mustafazadə ilə hələ evli deyildi. Anası Vaqifə uşaq dünyaya gəlməmiş evlənməklərini məsləhət görür. Beləliklə, onlar ailə həyatı qurublar və Əzizə Mustafazadə dünyaya gəlib. 

1979-cu il dekabrın 16-sı Daşkənddə qastrol səfərinə gedir. Orada böyük konsert proqramı ilə çıxış etməyə həvəslə hazırlaşan Vaqif başına gətiriləcək oyundan xəbərsiz idi. Sən demə, konsert barədə heç yerdə heç bir məlumat verilməyib, afişalar asılmayıb, sadəcə, son anda xəbər tutanlar özlərini konsert salonuna yetirə biliblər. Vaqif gələnlərə hörmətindən dolayı royal arxasına keçib ifaya başlayır.

Bu yük ağır olur və ürək ikinci dəfə bu zərbəni qaldıra bilmir... Və Vaqifi yarı yolda qoyur...

Elə həmin gün ürəktutmasından vəfat edir. Onun nəşi Bakıya gətirilir və Yasamal qəbristanlığında dəfn olunur. Vaqif dünyasını dəyişəndən sonra Zivər xanım yaşadıqları evi muzeyə çevirməyə qərara alıb.

Bu illər ərzində Vaqifin "Düşüncə"sinə dalıb, "Bakı gecələri"ndə gəzişib, "Mart"da yaşayıb, "Təhnalıq"la barışıb, "Fantaziya"sında saysız-hesabsız xəyal quranlar olub. 

Bu da belə... Bu gün onun günüdür. Ömür payı heç yarım əsrə çatmayan 39 yaşlı cazmenin. O vaxtın senzurasına barmaqları yox, bığları görünən dahi bəstəkar Vaqif Mustafazadənin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4776
avatar

Fidan İlqar

Oxşar yazılar