Neftçalada ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə Kürkənd kəndindən 2-ci Mayak kəndinə gedən yolda qeydə alınıb. Məmmədov Hacıbaba Əliqulu oğlu idarə etdiyi üçtəkərli motosikleti qarşısına inək çıxdığı üçün aşırıb. Nəticədə arxa yedəkdə oturan sərnişin 65 yaşlı Nəzərov Nurəddin Ənvər oğlu yıxılaraq yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N. Nəzərov tanınmış rəssamdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Neftçala Tarix Diyarşünaslıq Muzeyinin yaydığı məlumata əsasən, Azərbaycan incəsənətinin rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlardan biri olan Nurəddin Nəzərov öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, maraqlı ifadə üslubu ilə seçilən sənətkarlardan idi.
Nurəddin Ənvər oğlu Nəzərov 1958-ci il avqust ayının 30 da Neftçalada dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra fəaliyyətini doğma rayonunda davam etdirib. Qeyd etmək lazımdır ki, Nurəddin Nəzərov Neftçala rəssamlıq məktəbinin yaradıcısı Adil Hacıyevin şagirdi olub. Dəfələrlə fərdi sərgiləri təşkil olunub.
İstedadlı rəssam yaradıcılıq fəaliyyəti dövründə rəssamlığın müxtəlif mənzərə, portret, batal, animalistik, tematik tablo janrına müraciət edib. Ayvazovski, Surikov, Repin kimi dahi rəssamların dəst-xəttindən ilhamlanan rəssam çox gözəl mənzərə janrında marina əsərlərin müəllifi idi. Əsərlərindən "Kür", "Sonuncu ev", "Yusuf Məmmədəliyev", "Qız qalası", "Kleopatra", "Min bir gecə", "Qayıqlar", "Qoca balıqçı", "Avtoportret", "Qladiator" rəsmlərini nümunə göstərmək olar. Rəssamın əsərləri Neftçala Dövlət Rəsm Qalereyasında və Tarix Diyarşünaslıq Muzeyində sərgilənir.