Rəşad Məcid
22 dekabr 2020 16:25 (UTC +04:00)

Rəşad Məcid

Anar Rəşad Məciddən niyə şübhələnirmiş? – Lent.az-da yeni rubrika : “Bir dəfə uzaqlarda”

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə qarşılaşırıq.

Lent.az  yeni rubrikada tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edəcək. “Bir dəfə uzaqlarda” adlanacaq rubrikanın ilk qonağı “525”-ci qəzetin baş redaktoru, yazıçı, jurnalist Rəşad Məciddir.

 

***

 

1998-ci ildə Qulu Məhərrəmli, Azər Həsrət və mən Amerikaya getmişdik.  Qulu Məhərrəmli ilə həmin səfər zamanı daha yaxından tanış olduq, Azər Həsrəti isə öncədən tanıyırdım. 23 günlük səfər zamanı Amerikanın müxtəlif şəhərlərini gəzdik. San - Fransisko şəhərində olarkən Azər Həsrətdən yayınıb bir istirahət mərkəzinə getmək istədik. Orada da otelin foyesində pantomima tamaşası göstəriləcəyi elan olunmuşdu. Gecənin gec saatında qayıdıb otelə gələndə Azər Həsrət panika ilə soruşdu ki, harada idiniz, niyə gecikdiniz. Niyə məndən xəbərsiz getmisiniz?

Cavab olaraq dedik ki, pantomima tamaşasına getdik. Fikirləşdik ki,  yəqin sən getmərsən, ona görə sənə demədik.

Azər Həsrət:

- Siz ingilis dilini bilirsiniz, pantomima tamaşasına gedirsiniz?

O vaxt Azər Həsrət yenicə ingilis dilini öyrənməyə başlayırdı. Tərcüməçimiz olsa da, arada Azər də bizim üçün tərcüməçilik edirdi.

Onda dedik ki, ay Azər, sənin teatrdan başın çıxmır deyə demədik. Pantomima tamaşalarında danışıq olmur, ancaq hərəkətlərdi.

Bu əhvalatı həmişə Qulu müəllimlə xatırlayıb, gülürük.

 

***

2005, ya  2006-cı il idi. Kipr Respublikasında siyasi gərginlik var idi və dəstək lazım idi. Azərbaycan Türkiyədən sonra ilk dəfə olaraq Kiprə Bakıdan birbaşa uçuş təyin olundu. Beynəlxalq qanunlara görə birbaşa uçuşa yalnız Türkiyənin icazəsi var idi və bu çox riskli qərar idi. Təyyarənin yunan tərəfindən göydə vurulacağı  təhlükəsi olduğunu deyirdilər. Təyyarədə jurnalistlər, ictimai xadimlər, elm adamları, siyasətçilər, musiqiçilər, iş adamları var idi. Təyyarəmiz yerə endi və içəridə gərginlik olmasına baxmayaraq bizi bayram əhvalı ilə qarşıladılar. O zaman Azərbaycanın Kiprə dəstək olması böyük hadisə idi.

Türklərlə bir çox sözlərimiz  fərqli mənalarda işləndiyi məlumdu. “Düşdü” sözü onlarda yıxıldı, yerə dəydi mənasında işlənir. Səhəri gün Kipr mətbuatı  manjetində belə yazılmışdı: “Bakı uçağı Ərcana “Düşdü””, yazılmışdı və o “düşdü” sözünü bizim işlətdiyimiz mənada yazılmışdı. Onların bu jestini çox bəyənmişdim.

 ***

Daha bir maraqlı hadisə isə 2013-cü ildə olub.  Türkiyənin Eskişəhəri “Türk Dünyasının mədəniyyət mərkəzi” elan olunmuşdu. Bir qrup jurnalistlərlə, həmçinin  Əflatun Amaşov, Aydın Quliyevlə birgə mən də orada idim. Bizi şəhər ətrafında qədim yerlərə apardılar. Qayıdanda qədim bir kəndin yaxınlığında çay içməyə dəvət etdilər. Bizə məlumat verdilər ki, kənddə çərkəzlər yaşayır, adət-ənənələrinə görə, onlar çox gec evlənirlər. Hətta 50-55 yaşında ailə qururlar. Bu məqamda kənd sakini bizə çay gətirdi. Əflatun Amaşov təşəkkür mənasında çay gətirənə “Allah atana rəhmət eləsin” dedi.

Dedim ki, nə rəhmət eləsin, onun atası hələ evlənməyib.

 ***

 

2012-ci ilin noyabr ayı Avrasiya Yazarlar Birliyinin Astana şəhərində “Türk Dünyasında ilin ədəbiyyat adamı” adlı mükafatının təqdimat mərasimi keçirilir. Həmin il mükafatı Anar müəllimə vermişdilər. Anar müəllimlə birgə bir neçə yazıçı ilə Qazaxıstana getdik. Təqdimatdan sonra Anar müəllim dedi ki, sizi qonaqlıq verəcəm. Tədbirdə yazıçı Elçin Hüseynbəyli, Pərvin və mən varam. Soyuq, qarlı hava idi. Restorana getmək üçün ilk mən çıxıb taksi saxladım və bir az da artıq pul verib dedim ki, oturan kimi deyərsən ki, “Anar müəllim mən televizorda sizi gördüm, Türk Dünyasında ilin adamı seçiblər. Çox sevindim. Təbrik edirəm”. Anar müəllim taksiyə əyləşən kimi sürücü tez başladı dediklərimi təkrar etməyə. Anar müəllim sevindi.

Sonra restorana getdik. Bir az öncə getdim. Qapıda duran qızlara, ofisiantlara bir az pul verdim, onlara da eyni sözü demələrini xahiş etdim. Anar müəllim içəri daxil olan kimi hamısı xorla təbrik edir, televiziyada gördüklərini deyir. Masaya əyləşəndə öncədən danışdığım kimi guya restoran Anar müəllim təbrik etmək üçün şampan şərabı göndərib. Anar müəllim artıq şübhələndi ki, burada nəsə mənim əməlim var. Qayıdanda çatdırıb taksi sürücüsü ilə “razılaşa” bilmədim. Taksiyə əyləşdik. Sürücü təbii olaraq heç nə bilmir. Birdən Anar müəllim dedi ki, Rəşad, bəs bu niyə məni təbrik eləmədi?

Yenə Astana səfərində Anar, Elçin Hüseynbəyli, Pərvin və mən tədbirə gedirik. Maşında bir yazıçı dostumuzdan söz düşdü. O da burnunda danışır. Anar müəllim dedi ki, Göyçayda bu cür danışana “nünük” deyirlər. Elçin Hüseynbəyli dedi ki, belə danışığa Cəbrayılda “tıntın” deyirlər. Söhbətin kimdən getdiyini biləndə dedim ki,  vallah o həm “nünük”dü, həm də “tıntın”.

 

# 2592
avatar

Nigar Adil

Oxşar yazılar