UNESCO-da Beynəlxalq Ana dili günü qeyd edilib
22 fevral 2020 18:00 (UTC +04:00)

UNESCO-da Beynəlxalq Ana dili günü qeyd edilib

Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında Beynəlxalq Ana Dili Günü qeyd edilib.

Lent.az  xəbər verir ki, Ana Dili Günündə Azərbaycanda daxil olmaqla 26 ölkə iştirak edib. Əvvəlcə hər bir ölkənin hazırladığı stendlərdən ibarət sərginin açılışı olub.

Açılış mərasimində UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni və Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain ana dilinin yaradıcılıq və inkişafda rolundan danışıblar.

Bildirilib ki, Ana Dili Gününün qeyd edilməsi təşəbbüsü Banqladeşə məxsusdur. Bu təşəbbüs 1999-cu ildə UNESKO-nun baş konfransında təsdiqlənib və 2000-ci ildən bütün ölkələrdə qeyd olunur. Davamlı cəmiyyət üçün mədəniyyət və dil müxtəlifliyi vacibdir. Mədəniyyət və dil müxtəlifliyinin qorunub saxlanması UNESCO-nun mandatına daxildir. Qurumun dil müxtəlifliyinə sadiqliyi bildirilərək, üzv ölkələr çox dilliliyin və dil müxtəlifliyinin davamlı inkişafının vacibliyini unutmamaq üçün bu günü daha çox qeyd etməyə çağırılıb. Qeyd edilib ki, çox dilli və çox mədəniyyətli cəmiyyətlər bilik və ənənələri qoruyub saxlayan və gələcək nəsillərə ötürən dilləri vasitəsilə yaşayırlar.

Sərgidə Azərbaycan dili posterində UNESCO-da anadan olmasının 650 illiyi qeyd edilmiş İmadəddin Nəsiminin şəkli əks olunub. S.Cianniyə Nəsimi yaradıcılığı və posterdə yazılan beytin mənası haqqında məlumat verilib.

Sonra Beynəlxalq Ana Dili Günü münasibəti ilə təşkil olunmuş mədəniyyət proqramı təqdim olunub. Ölkələr musiqi, poeziya, rəqs vasitəsilə öz dillərini təqdim ediblər.

Səma Moqadam “Yüz bir” Azərbaycan xalq rəqsini ifa edib. Tədbir çərçivəsində digər ölkələrlə bərabər Azərbaycan təamları da nümayiş olunub.

Xatırladaq ki, Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Azərtac.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3016
avatar

Oxşar yazılar