Firəngiz Mütəllibova: “Aktyorlarımız imkansızlıqdan evlənə bilmir”
24 iyul 2012 13:05 (UTC +04:00)

Firəngiz Mütəllibova: “Aktyorlarımız imkansızlıqdan evlənə bilmir”

Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan ekologiya mövzusuna həsr olunan "Gənclərin II Ümumrespublika Teatr Festivalı"-na ssenari qəbulu davam edir. Ssenarilər pyes formasında və Azərbaycan dilində olmalıdır, janr məhdudiyyəti yoxdur. Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Bir çox məşhur şəxs festivalla bağlı öz fikirlərini bölüşərək, həyata keçirilən layihəni teatrın inkişafı üçün yüksək qiymətləndirib. Bu dəfə gənclərə dəstək xalq artisti Firəngiz Mütəllibova gəlib. O bildirib ki, teatr adamı olaraq, belə bir layihənin həyata keçirilməsinə sevinir: “Teatr Festivalının keçirilməsini yalnız alqışlamaq olar. Bilirdim ki, ötən il də vətənpərvərlik mövzusunda belə bir festival keçirilmişdi. Gənclərin vətənpərvər kimi tərbiyələnməsində bu festivalı hər bir sənət adamı yüksək qiymətləndirildi. Çünki vətənpərvərlik mövzusu elədir ki, daim aktualdır, hər birimizin buna ehtiyacımız var. Yeni nəsil böyüyür, onlara vətən sevgisi aşılamaq ilk növbədə sənət adamlarının borcudur. Teatrlarımız bu mövzuda gözəl səhnə əsərlərini tamaşaya qoymalıdırlar ki, uşaqlar, gənclər baxıb əsil vətənpərvər kimi yetişsinlər. Bu baxımdan mən ötənilki festivalın təşkilatçılarını yalnız alqışlaya bilərəm. Ümumiyyətlə, hesab edirəm ki, bu cür festivallar tez-tez keçirilməlidir. Hələ-hələ bu festivalın ekologiya mövzusuna həsr edilməsi məni yaxşı mənada təəccübləndirdi. Ekologiyamızın öyrənilməsi, qorunması baxımından bu mövzu çox vacib və aktualdır. Həm də mən deyərdim ki, bir yenilikdir”.

Xalq artisti bildirib ki, bu cür festivallar gənclərin teatra cəlb olunması baxımından xeyirli olacaq: “Əgər bir gənc bu festivalda iştirak edirsə, sonra onun teatrla, səhnəylə əlaqəsi daha sıx və maraqlı olur. Hesab edirəm ki, bu festival gənclərin teatrlara bağlanması, səhnə gəlişi baxımından bir cazibə rolunu oynayır. Bu çox yaxşıdır. Həm də fikir verin, hər bir gəncin də ətrafında nə qədər dost-tanışı var, deməli onların da teatra olan marağı təmin olunacaq. Çünki gənclərdə teatra qarşı biganəlik, soyuqluq hiss olunur. Onlarda ümidsizlik var, inamsızlıq var”.


Firəngiz Mütəllibova bu sahədə çalışanların maddi vəziyyətlərinin ürək açan olmamasından şikayətlənib. Lakin, o, bununla belə aktyorların fədakar və dözümlü olduqlarını deyib: “Hamı yaşamaq, ailəsini dolandırmaq istəyir. Məsələn, bizim teatrda gənc dediyimiz elə aktyorlar var ki, yaşı 30-u keçib, amma hələ də evlənə bilməyiblər. Çünki evləri yoxdur, məvaciblər aşıb-daşmır. Amma fədakardırlar, sənətlərini sevdikləri üçün hələ də qalıb işləyirlər. Bu sənəti seçən gənc həm də bu sənətin yolunda ağırlığa, çətinliyə dözməlidirlər”.



Xatırladaq ki, layihənin icraçı direktoru Ramil Ağasıyevdir. Festivala ssenarilər avqust ayının 12-ə qədər [email protected] ünvanında qəbul olunur. Əlavə məlumat üçün isə (012)562 3639 və (070) 399 3639 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.
Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar