Aktrisa Suğra Bağırzadə gənclərə dəstək oldu
23 iyul 2012 15:54 (UTC +04:00)

Aktrisa Suğra Bağırzadə gənclərə dəstək oldu

Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.

Aktrisa və rəssam Suğra Bağırzadə festival haqqında öz düşüncələrini bölüşərək, bu cür təşəbbüslə çıxış etdikləri üçün təşkilatçıların fəaliyyətini yüksək qiymətləndirib.

- Suğra xanım, gənclər arasında keçirilən teatr festivallarını necə dəyərləndirirsiniz ?

- Mən elə fikirləşirəm ki, hər bir dövlətin gələcəkdə qüdrətli olması üçün ilk növbədə vətəndaşlarını, əsasən də gənc nəsli maarifləndirməyə, tərbiyə etməyə ehtiyacı var. Mən tərbiyəni, insanın öz ictimai vəzifəsini başa düşməsini hər şeydən əsas sayıram. Belə bir layihənin olmasını da həm gənclərin maarifləndirilməsi, həm də onlarda ictimai-sosial məsuliyyətin artırılması üçün əsas hesab edirəm. Biz gərək hər bir sahədə gəncləri dəstəkləyək. Birinci festival vətənpərvərlik mövzusunda keçirilmişdi. Ümumiyyətlə dünyada bundan daha yaxşı nə ola bilər?! İnsan hələ uşaqlıqdan ilk növbədə öz anasını, doğulub boya-başa çatdığı vətənini sevməlidir ki, böyüyəndə də çevrəsinə yararlı bir vətənpərvər, əsil vətən daşı ola bilsin. Çünki yaxşı vətəndaş, yaxşı insan heç vaxt çevrəsinə ziyan gətirə bilməz. Əksinə daima millətinə, xalqına, vətəninə baş ucalığı gətirər. Mən çox istəyərəm ki, mənim də nəvələrim vətənpərvər olsun. Məhz elə vətənpərvər ruhda böyüyən gənclər tarixin bütün dövrlərinin əsas qurucuları olublar. Bu indi də belədir. O ki qaldı ikinci festivalın mövzusu olan ekologiya özündə daha qlobal bir problemi cəmləşdirir. Şəxsən mən hansısa bir ölkəyə gedəndə ilk növbədə həmin ölkənin küçələrinin, su hövzələrinin, ümumiyyətlə ətrafın nə dərəcədə təmiz olmasına baxıram və özü-özlüyümdə Azərbaycanla müqayisə edirəm. Azərbaycandan daha çox təmizliyə riayət edən ölkələri görəndə, nə yalan deyim, mən paxıllıq edirəm. Bu işlərin kökündə bir növ mədəniyyət gəlir. Bu mədəniyyəti, kulturologiyanı biz uşaqlıq yaşlarından, elə bağçadan, məktəb dövründən uşaqlarımıza öyrətməliyik. Mən uşaq tərbiyəsinə çox fikir verirəm. Həm də uşaqlar, gənclər tədrisdən, valideynlərindən öyrəndiklərindən daha çox internetdən, televiziyadan, öz çevrələrindən öyrənir. Bax bu layihədə gənclərə belə tərbiyəvi mövzular mədəniyyət, teatr vasitəsilə öyrədilirsə bu da ayrı bir üstünlükdür.

- Ümumiyyətlə müasir dövrdəki gənc aktyorların rollarını ifa etmələrindən necə, razısız?

- Aktyorun işi elə bir işdir ki, ona demək olmaz ki, sən bu tamaşada yaxşı oynadın, digərində isə pis. Çünki bu işlər komanda işidir və aktyordan asılı olduğu qədər də onun səhnə yoldaşından, qrim ustasından, rejissordan və digərlərindən çox şey asılıdır. Məsələn hərdən elə olur ki, aktyor filmi gözəl oynayır, amma film elə montaj olunur ki, tamamilə fərqli alınır, korlanır. Amma bunu rəssamlıqda demək olar ki, sənin çəkdiyin bu rəsm gözəl alınmayıb, digəri isə gözəl alınıb. Çünki orda iş individual olur. Bir sözlə aktyorluqda işin keyfiyyətli alınması üçün iş yoldaşlarınla qarşılıqlı anlaşma olmalıdır, əsasən də rejissorla.

- Aktyor olmaq insana həyatda istər cəmiyyətlə əlaqələr qurmaqda olsun, istərsə də digər sahələrdə nələr qazandırır?

- İlk növbədə onu demək istəyirəm ki, aktyor nə qədər rol oynayırsa, o qədər həyat yaşayır. Bu elə çox şey qazanmaq deməkdir. Elə bu səbəbdən çox vaxt aktyorlar mənfi obraz yaratmaq istəmirlər. Əsasən də qadın aktrisalar. Çünki biz ekran vasitəsilə teatr, film, kino, serial ilə tamaşaçıya üzün müddət o qədər yaxın oluruq ki, onlar bizi elə ailə üzvlərindən biri kimi hesab etməyə başlayırlar. Mənfi rol oynayan aktyor, bu rolu peşəkar ifa edibsə o zaman insanlarda ona qarşı müəyyən qədər antipatiya yaranmış olur. Onun hətta həyatda pis insan olduğuna inananlar da az olmur. Bunun üçün çox yüksək mədəniyyətli insan lazımdır ki, aktyor və ya aktrisa işinə baxıb onu hər cəhətdən lazımınca dəyərləndirə bilsin. Bu da bəzi hallarda belə olmadığı üçün, əsasən müsbət rollar oynamaq istəyirik.

- Bilirik ki, siz keçən ilki festivalı yaxından izləmisiniz. Festivalda nə xoşunuza gəlir və ya nəyi bəyənmirsiniz?

- Mən Ümumdünya Floristlər Şurasının üzvüyəm. Bu şuraya 27 ölkə daxildir. Burada türkdilli ölkələrdən qatılan yeganə təmsilçi mənəm. Şura tərəfindən “Floristika Sənayesində yeni professional sənət yaratdığına görə” sertifikatı ilə təltif olunmuşam. Bu şura hər dəfə müxtəlif ölkələrdə professional ustad dərsləri keçirir. Məşğul olduğum sənət haqqında biliyimi daha da artırmaq, inkişaf etdirmək üçün mən də bu dərslərə qatılıram. Amma dərslər çox baha qiymətə keçirilir. Mənim layihədə xoşuma gələn xüsusiyyət ondan ibarətdir ki, gənclərə özlərini bu sahədə inkişaf etdirmələri, aktyor kimi yetişmələri üçün ustad dərsləri keçirilir. Və bu dərslər tam pulsuzdur. Bu daha yaxşıdır ki, istedadına güvənən hər bir gənc özünü inkişaf etdirməyə şans qazanmış olur. Sizə də işlərinizdə uğurlar arzulayıram.

Qeyd edək ki, festival üçün ssenarilər avqustun 12-dək [email protected] ünvanında qəbul olunur. Ssenarilər pyes formasında və Azərbaycan dilində olmalıdır. Janr məhdudiyyəti yoxdur. Layihənin icraçı direktoru Ramil Ağasıyevdir. Əlavə məlumat üçün isə (012)562 3639 və (070) 399 3639 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.

Layihənin informasiya dəstəyi Lent.az və Guney.az xəbər portalları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1741

Oxşar yazılar