Müğənnilər - Ramazan ayında kim oruc tutacaq? – SORĞU
21 iyul 2012 19:25 (UTC +04:00)

Müğənnilər - Ramazan ayında kim oruc tutacaq? – SORĞU

Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı fətva verib. Lent.az-ın məlumatına görə, on bir ayın sultanı olan mübarək Ramazan ayının ilk günü bu il iyulun 21-nə təsadüf edir. Kimi Ramazan ayının gəlişini səbirsizliklə gözləyir, kimi bu vaxtın necə gəlib getməsindən xəbərsiz olur. Bu ay şou-biznes nümayəndələri üçün də işsizlik dövrü hesab olunur. Lent.az sənətçilərin asudə olduqları vaxtda orucluğu necə keçirəcəyi ilə maraqlanıb.

Xalq artisti İlhamə Quliyeva deyir ki, o, oruc tuta bilməsə də bu aya itaət edir: “Atamın-anamın ruhuna dualar oxutdururam, oruc tutanlar üçün süfrə açıram. Qan təzyiqim olduğu üçün bütöv ayı tutmuram. Yalnız Əhya gecələrində tuturam”. Xalq artisti orucu həm də günahların bağışlanılması üçün tutulduğunu vurğulayaraq deyib ki, o, saf və günahsızdır: “Mən elə özüm saf və pak adamam. Heç bir günahım yoxdur. Nəsə bir şey olanda Allahdan bağışlanmağımı istəyirəm. Kimin günahı varsa, tutsun”.

Xalq artisti Flora Kərimova məsələyə qeyri-adi yanaşıb: “Yox, mən oruc tutmuram. Bilirsinizmi, lap götürək müğənniləri. 11 ay hər əzazilliyi edirlər, hər günaha girirlər. 1 ay da oruc tuturlar ki, hə günahımız bağışlanacaq. Axı bu necə olur? Bütün günü səhvlər et, sonra da oruc tut? Mən bunu başa düşmürəm. İkinci məsələ də ki, fiziki tərəfdəndir. Yeməklərdə halal-haram məsələsi var. Qidaların təmizliyinə mən əmin ola bilmirəm. Ona görə də mən oruc tutmuram”.

Xalq artisti Aygün Kazımova Ramazan ayında yeni konsert proqramı ilə çıxış edəcək. Ona görə də oruc tutmayacaq.

Müğənni Röya da oruc tutmayanlar sırasındadır. Müğənni Xumar Qədimova bu aydan səfərdə olduğu üçün oruc tuta bilməyəcəyini deyib.

Xalq artistləri Mələkxanım Əyyubova həyat tərzi ilə əlaqədar oruc tuta bilmədiyini deyir.
Möhlət Müslümov, Mənsum İbrahimov, müğənni Roza Zərgərli səhhəti ilə bağlı problemlər olduğu üçün oruc tuta bilməyəcəklərini deyib. Onlar qeyd edirlər ki, əvəzində oruc tutan qohumlar, dostları üçün iftar süfrəsi açdıqlarını, sədəqə payladıqlarını deyiblər.

Rəqqasə Fatimə deyir ki, orucluğun ilk bir həftəsini istirahət olduğu üçün tuta bilməyəcək. Qalan günlərini isə Oruc tutmaqda qərarlı olduğunu bildirib.

Əməkdar artist Firuzə İbadova da yalnız əhya gecələrində oruc tutduğunu deyib. Duet ortağı Cavanşir Məmmədovun cavabı belə oldu: “Maşınım xarabdır. Başım yalnız ona qarışıb. Camaat necə mən də elə”. Elza Seyidcahan da oruc tutmur.

Müğənni Pişik Günel isə deyir ki, o, hər il oruc tutur. Bu il də ənənəsinə sadiq qalacaq.

Müğənni Natavan bildirib ki, bu Allahla bəndə arasında olan bir məsələdir, ona görə də bu barədə danışmaq istəmir. Xuraman Şuşalı isə hamilə olduğu üçün oruc tutmayacaq.

“Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşğun Rəhimov Ramazan ayının gəlişini səbirsizliklə gözlədiklərini deyiblər.

“Şeron”qrupu da oruc tutanlar sırasındadır. Xalq artisti Alim Qasımov, qızı Fərqanə Qasımova da hər il olduğu kimi bu il də oruc tutacaqlarını vurğulayıblar.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979

Oxşar yazılar