Mir Şahin: “İki qadının yanında ağlamışam, onlardan biri...” - SÖHBƏT
10 iyul 2012 11:06 (UTC +04:00)

Mir Şahin: “İki qadının yanında ağlamışam, onlardan biri...” - SÖHBƏT

Qonaq: Mir Şahin
Qarşılayan: Günel Mövlud

O, bizim yarısı imperiya illərinə, yarısı keçid dövrünə düşdüyündən itib gedən uşaqlığımızın, yeniyetməliyimizin qəhrəmanı idi. O vaxt qulağımızın biri daim mərmi səslərində olduğundan ürkək və məsum gözlərimizlə heyran-heyran baxırdıq ona. Danışanda ağzından od tökülən, ağlı çevik, dili iti, sözləri sərrast bu aparıcı çoxumuzun kumiri idi. O vaxt hamımız böyüyəndə Mir Şahin olmaq istəyirdik...

Sonra böyüdük. Və çoxumuz qətiyyən Mir Şahin olmaq istəmədik. Çünki indi o, uşaqlığımızın qəhrəmanı Mir Şahin deyildi. Bizi istedadından, intellektindən, hazırcavablığından incik salmış televiziya sütunu vardı onun yerində.

Özümü vətandaş kmi hiss eləyəndən bəri bunun davasını eləmək istəyirdim onunla.

Mənim ona deyəcək çox sözüm vardı. Ondan eşitmək istədiklərimdən daha çox...

Lent.az-ın səhər yeməyi layihəsinə qonaq olmağı təklif eləyəndə aramızda qısaca bir dialoq oldu:

- Səhər yeməyindən zəhləm gedir, amma sizinlə səhər yeməyi yeyərəm.

- Bəlkə mən səhər yeməyini Sizə sevdirdim?

- Bilmək olmaz, bəlkə mən elə elədim ki, siz səhər yeməyinə nifrət elədiniz...

Açığı, bir az qorxdum. İnanırdım ki, o bunu da eləyə bilər. Məşhur lətifədəki fikrin eynisi olmasın, «o deyibsə, eləyəcək».

Axır ki, gəldi. Geyimi çox rəsmiydi, işdən çıxıb gəlmişdi, qalstukunu elə bərk sıxmışdı ki, elə bil dünyanın axırı idi. Amma «buz»u tez sındı, bəlkə cırıq cinsimi, yüngül futbolkamı görüb, yumşaldı. Pencəyini soyunub, gözlərinə bir az istilik geyindi.

Kafemizin meneceri Taleh, deyəsən, onun vurğunu idi, ofisianta ümid olmayıb, özü qulluq elədi bizə. Arada hətta televiziyamızın intelektual ulduzu ilə bir-iki şəkil çəkdirməyi də fürsət bildi.

Bizsə başladıq, nə başladıq.

- Mirşahin bəy, niyə insanlar Sizi zəhərli, hamını intellekti ilə əzməyə çalışan, istedadını bəd niyyətə xərcləyən adam kimi tanıyır? Bu ümumi nifrətin səbəbi nədədir?

- Belə düşünmürəm. Amma əgər kimlərsə məni belə tanıyırlarsa, niyə belə tanıdıqlarını məncə, onların özlərindən soruşmalısınız. Yəqin ki, o adamların məni belə tanıması üçün səbəb vermişəm. Məndən niyə bu səbəbi verdiyimi soruşa bilərsiniz, amma açığı, bu sualın da cavabını bilmirəm.

- Doğrudanmı, içinizdə hazırcavablıqla, intellektlə qarşınızdakı adamı əzmək ehtirası var?

- Buna «intellekti ilə əzmək» deməzdim, mən heç kimi əzməyə çalışmıram. Mən, sadəcə, qalib gəlmək istəyirəm. Çünki mənə qələbə lazımdır, mən qalib olmağı sevirəm.

- Qalib gəlmək üçün, hər şeyi öz xeyrinizə çevirmək üçün hər şeydən istifadə eləyirsiniz?

- Bəli, mən çalışıram ki, hər şeyi öz xeyrimə çevirim. Ona görə ki, qalib gəlməyin bir adı da elə xeyirlə bağlıdır. Nahaq yerə demirlər ki, məsələn 2:0 kiminsə XEYRİNƏ. Amma söhbət fərdi mənfəətdən yox, ümumi qazancdan gedir. Mənim xeyrimə olan şey, çox vaxt həm də vətənin, millətin, dövlətin də xeyrinə olur. Məsələn, mən Qarabağda qələbə istəyirəm, bunu kim istəmir ki? Qalib gəlmək üçün bütün mümkün vasitələrdən istifadə eləyirəm.

- Bunu eləyəndə ədalət hissini itirdiyiniz çox olur?

- Haqverdiyevin bir hekayəsi var: qəhrəmanı Hacı Kamyab çox mömin adam olur. O bir yerə getmək istəyəndə, özündən əvvəl süpürgəçilər çıxıb yolu süpürürlər ki, birdən Hacı Kamyabın ayağının altında qarışqa qalar, günaha batar. Təəssüf ki, həyat belədi, adamın yolunun üstündə qarışqalar ola bilər və sən bəzən o qarışqaları əzə bilərsən.

- Siz də «süpürgəçi»lərdən istifadə eləyirsiniz?

- Hərdən «süpürgəçi»lərdən istifadə eləməli olursan.

- Vahid və Seyfulla Mustafayevlərlə dostluğunuzun belə uzunömürlü olmağı çox maraqlıdı. Fikirləşirəm ki, əgər Mir Şahin belə pis adamdırsa, necə olur ki, bu qədər müddətdə onlar ondan ayrılmayıb? Bəlkə, bu ona görə belədir ki, siz bir-birinizə, kobud dildə desək, sərf eləyirsiniz?

- Vahid və Seyfulla ilə dostuq. Bu münasibətlər bir-birimizə sərf eləmək üzərində qurulmayıb. Dostluğumuzun tarixi, bildiyiniz kimi, uzundu, biz gənc vaxtlırımızdan bir yerdəyik. Məni televiziyaya onlar gətirib, o vaxta qədər efirdə olmayan yeni sima təqdim eləyiblər: televiziyaya uyğun gəlməyən, yaraşıqlı olmayan, tez-tez və uzun, qarışıq cümlələrlə danışan. Və bu illər ərzində bizim aramızda elə bir siddi problem olmayıb. Bəlkə də sərf eləmək məsələsi bu mənada doğru olardı ki, əgər o iki qardaş mənim həyatımda olmasa, həyatım çox mənasız və maraqsız olardı.

- Bir gün ANS birdəfəlik bağlansa, Mir Şahin neyləyəcək və ya Mir Şahindən nə qalacaq?

- Allah eləməsin!!! Mən ANS-in bir parçasıyam. Bir gün ANS olmasa, yəqin ki, Mir Şahin də olmayacaq. Bunu təsəvvür eləyəndə… Bilmirəm ANS bağlansa, sonrakı həyatı necə yaşayaram?

- ANS-dəki rejim barədə Seyfulla Mustafayevə sual vermşidim. Amma bəzi şeylər var ki, onlara məhz Sizn aydınlıq gətirməyinizi istədim. ANS-in keçmiş və bəzi indiki əməkdaşları oradakı dözülməz vəziyyətdən danışır. Məsələn, rəsmi geyim, telefonların mühafizəçilərə təhvil verilməsi və Çingiz Mustafayevin şəklinin bütün masaların üstündə olması tələb olunur? Bunlar doğrudur?

- Rəsmi geyim və telefonun mühafizəyə təhvil verilməsi tələbi doğrudur. Bu tələblər elə-belə yaranmayıb. Geyimi izah eləyim: təsəvvür edin ki, biz hansısa qeyri-rəsmi bir qonaqdan açıqlama almaq üçün hava limanına çəkiliş qrupu göndərmişik. Müxbirin əynində cins və futbolka var. Həmin hava limanında onlar rəsmi qonaqla qarşılaşırlar. Ondan müsahibə alırlar. Siz qara kostyumlu, qalstuklu qonağı həmin müxbirlə bir kadrda təsəvvür edirsiz? Mən də işə rəsmi kostyumda gedirəm. Şənbə günü isə bütün işçiləin geyimi sərbəstdir. Kim necə istəyirsə, geyinə bilər. Telefonlara gəlincə, bunu da eləməyə məcburuq, çünki dəfələrlə texniki problemlərimiz yaranıb. Hətta bir dəfə birbaşa efirdə qonağımızın telefonuna zəng gəlib və qonaq telefonu söndürə bilməyib. Amerikanın bəzi ştatlarında qəribə qanunlar var. Məsələn, bir ştatda kirpini zorlamaq qadağandır. Bir dəfə rusiyalı turistlər bu qadağanı zarafatyana pozmaq istəyiblər və çox faciəvi bir vəziyyət alınıb. Yəni bəri başdan ehtiyatlı olmaq lazımdır ki, heç kim kirpini zorlamaq fikrinə düşməsin. Nəhayət, Çingiz Mustafayevin şəkli ilə bağlı. Siz bizim verilişlərə tez-tez gəlirsiz, binamızda da dəfələrlə olmusunuz. Əgər belə bir məlumat almışdınızsa, otaqlara girib, bunu yoxlaya bilərdiniz. ANS-də belə bir tələb yoxdur. Çingizn şəkli mənim masamın üstündə var: çünki özüm istəyərək qoymuşam. Başqa bir neçə əməkdaşın masasının üstündə də var və onlar da özləri istədikləri üçün qoyublar o şəkli. Və məncə, Çingiz Azərbaycanın o nadir şəxslərindəndir ki, şəklini hər bir kəs qürurla masasının üstünə qoya bilər və bu, giley-güzar mövzusu olmamalıdır.

- ANS-də efirə gedən verilişlərə baxırsınız? Sizə maraqlı gəlirmi o verilişlər?

- Mən ANS-dəki verilişlərə tamaşaçı kimi baxa bilmirəm. Buna, sadəcə, vaxtım yoxdur. Mən bu verilişlərə tamaşaçı kimi yox, burda çalışan, ANS-də bu və ya digər sahəyə cavab verən rəhbər işçi kimi baxıram. Telekanaldakı vəzifəmə, oradakı işimə görə maaş alıram və vəzifəmi yerinə yetirməliyəm. Deyə bilərəm ki, ANS-də ictimai-siyasi verilişlər, intellektual verişlər var. Amma arzu elədiyimiz qədər çox deyil. Bunun iki səbəbi var: birincisi, Azərbaycanda adicə məmurlar belə televiziyaya çıxmaq istəmirlər. Mən hələ nazirləri, icra başçılarını demirəm. Nazir müavinləri, icra başçılarının köməkçiləri səviyyəsində məmurlar belə efirdən yayınırlar. Və hər belə məmurun yerini bir müğənni tutur. Hansısa nazirin müavininin yerinə Röya gəlir, hansısa icra başçısının əvəzinə Rəqsanə və s. Nə vaxtsa o məmurlar efirə çıxmağa başlasalar, burda müğənnilər, şou adamları öz-özünə azalacaq. İkincisi, biz reytinqölçmə cihazları ilə hesablaşmağa məcburuq. Və o cihazlar bizə tamaşaçının şou istədiyini göstərir.

- Şou istəyən tamaşaçı nəslini siz yetişdirmisiniz. 1992-93-cü illərdə bu tamaşaçı siyasi-ictimai verilişlərə baxırdı.

- O illərdə də siyasi şoulara hamı baxmırdı.

- O vaxt mənim 11 yaşım vardı və mən parlamentin icaslarına, Sizin verilişlərinizə baxırdım.

- 11 yaşında siyasi verilişlərə baxan qız sonralar Günel Mövlud olur və Mir Şahini səhər yeməyinə dəvət eləyir. Amma çoxluq sən deyilsən. Elə həmin illərdə mən qaçqın düşərgəsindən bir reportaj eləmişdim. Səninlə yaşıd olan qaçqın qızın başının üstündə o vaxtlar dünya gözəli seçilmiş Meltem Hakararın şəkli var idi. Əgər sən deyən kimi idisə, niyə o qızın başının üstündə Janna Darkın şəkli yox idi?

- Deyək ki, o illərdə xüsusi uşaqlar sizin verilişlərə baxıblar. Amma o uşaqlar sonradan jurnalist, yazıçı oldular axı. Niyə siz indi də iyirmi il sonranın jurnalistinin, yazıçısının qayğısını çəkmirsinz? Niyə intellektual avtoritet kimi qəbul olunan Mir Şahin bu günün 11 yaşlı uşağına meyxana təqdim eləməlidi?

- Sən elə bilirsən ki, mən efirə çıxıb, «kitab oxuyun» desəm, hamı bir nəfər kimi gedib kitab oxuyacaq?

- Qoy yüz nəfər oxusun, lap on nəfər oxusun! Amma kimlərsə oxuyacaq. Axı bizim həmin on nəfərə ehtiyacımız var. Axı mənim 11 yaşım olanda siz gələcəkdə yazar olacaq bir tamaşaçı qazanmısınız. Niyə bunu indi də eləməyəsiniz?

- Günel, mən gətirib sənin yaşadığın mikrorayonda son model noutbuk sata bilmərəm. Çünki orda hamı məndən «halal» kolbasa istəyir. Biz cəhd eləyirik, intellektual verilişlər hazırlayırıq, amma bir neçə həftədən sonra o verilişi dayandırmalı oluruq. Mənim «Milli Metr» layihəm reytinq vermədiyinə görə dayandı. Məmurlar gəlmir, zyalılar uzaqlaşır. Soruş dostun Aqşin Yeniseydən, gör «Dissident» verilişini niyə heç üç ay da aparmadı? Niyə çıxıb getdi? Məgər mən müqəssirəm ki, bizdə kiitab oxumağı sevmirlər? Mənim günahımdı ki, Kitab Passajını ləğv ediblər? Kitabxanaların yerinə kababxanalar açıblar?! Biz çalışırıq ki, yazıçının, fikir adamının heç olmasa yanında bir müğənni, bir meyxanaçı otuzduraq ki, onların hesabına xalqa birtəhər həzm elətdirək, baxdıraq. Amma bunu siz özünüzə təhqir kimi qəbul eləyirsiniz. Meyxanaya nifrət eləyirsniz, bəyənmirsiniz, meyxanaçı ilə eyni verilişə çıxmağı özünüzə sığışdırmırsınız!

- Bizim meyxanaya xüsusi aqressivliklə yanaşmağımızın səbəbi təkcə onu bəsit hesab eləməyimiz deyil. Biz ona görə meyxanaya xüsusi nifrətlə yanaşırıq ki, onu Siz – bayaq dediyim kimi, intellektual avtoritet kimi qəbul olunan adamlar təqdim eləyir. Tamaşaçı Sizə, zövqünüzə inanır – Sizsə tamaşaçıya meyxana təqdim eləyirsiz. Tamaşaçı təkcə asan, bəsitdir deyə yox, həm də Siz təqdim elədiyinizə görə meyxananı qəbul eləyir, sevir.

- Günel, gəlin bir test keçirək: xahiş eləyirəm, ANS-də yayımlanan ciddi verilişlərin, məsələn, «Xəbərin izində» proqramının son beş sayının mövzularını deyəsən.

- Mən sonuncu dəfə Rafiq Tağının qətli ilə olan verilişə baxmışam. Ümumiyyətlə, ANS-in efirində daimi baxdığım təkcə «Qulp» verilişidi. Bir də Sizin verilişləriniz.

- Deməli, sən bizimlə baxmadığın verilişlərin davasını aparırsan?!

- Bəli, mən Sizinlə ANS-ə baxmamığımın davasını apırıram. Verilişləriniz mənə maraqlı olsaydı, baxsaydım, sizinlə niyə dava aparaydım ki? Siz məni bir tamaşaçı kimi küsdürmüsünüz.

- Bu - yəni verilişlərimizə baxmaq, sənin bir peşəkar kimi borcundu. Bəs mən onda niyə sənin bütün yazılarını oxuyuram?

- Çünki mən Sizi oxucu kimi küsdürməmişəm.

- Maraqlıdı, biz on dəqiqədi ki, söhbəti dalana dirəmişik və məlum olur ki, sən özün qeyri-stabil tamaşaçısan. Biz bu söhbəti günlərlə eləyə və axırda da razılığa gəlməyə bilərik.

- Eybi yoxdu, bu söhbətdə nəticə əldə eləmək üçün mən sizi hələ bir neçə dəfə səhər yeməyinə dəvət eləyərəm. Amma təbii ki, mənim Sizə suallarım təkcə meyxana barəsində deyil. Hələ soruşacaq çox şey var.

- Buyurun.

- Eynulla Fətullayev haqda çəkdiyiniz film barədə soruşmaq istəyirdim. Açığı, haqlı olduğum halda belə, mən həbsdə olan insan barədə elə film çəkməzdim... Yəni sadəcə qisas hissimi?

- O film çəkiləndə Eynulla artıq uzun müddət idi ki, həbsxanada idi və o, həbsxanada olanda indikindən daha azad görünürdü. Filmin niyə məhz həmin ərəfədə çəkildiyini və Eynullaya əsas ittihamımı yadınıza salın. Eynulla, vəkilləri məhkəmədə onun məlum forumda yazdığı fikirlərin ona aid olmadığını, başqa adam tərəfindən yazıldığını deyib, bəarət qazandırmaq istəyirdilər. Eynullanın azadlığını tələb edən qurum - Avropa Məhkəməsi isə onun bu fikirləri yazdığını təsdiqləyirdi. Eynulla buna etiraz etməli idi. Amma o, hətta bu tələbdən də yapışmaq bahasına azadlığa çıxmaq istəyirdi. Mən bu gün də fikirləşirəm ki, Eynulla bu ləkəni üstündən silməlidir, Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti verməli və sübut etməlidir ki, Xocalı soyqırımında Azərbaycan Xalq Cəbhəsinin silahlı qüvvələrinin iştirakı ilə bağlı fikirlər ona məxsus deyil.

- Bayaq «Qulp» verilişini həmişə izlədiyimi dedim. Verilişin məqsədi və ovqatı ilə bağlı heç bir iradım yoxdur. Amma o verilişdə hərdən çox savadsız, bəzən hətta bayağı adamlar çıxarılır və az qala verilişə vulqarlıq qatırlar. Hətta özlərini gülünc hala salanlar da olur. Açığı, bu bir az ikrah hissi yaradır. Belə halların verilişdə olmasına ehtiyac varmı?

- «Qulp» verilişi ANS-in illərdir ki, ən baxımlı verilişlərindən, ən uzunömürlü layihələrindən biridi. Verilişin müəllifi Mübariz Əsgərovdur. Və o verilişdəki mövzular, dəvət olunan qonaqlar – onun ideyaları olur. Buna görə də, məncə, bu suala o cavab verməlidir. Hər halda, «Qulp» bu qədər uzun müddət yaşaya bilibsə, deməli burada tamaşaçı üçün nələrsə bizim anlamadığımız məsələlər də var…

- Sizinlə səhər yeməyinə gələcəyimi bir gün əvvəl Facebook-da yazmışdım. Dostlarımdan biri əvvəl Facebookda profil yaratsanız da, sonradan hesabınızı bağladığınızın səbəbini soruşmağımı istədi.

- Mən profil yaradanda dostluq təklifi göndərənlərin əksəriyyətini qəbul eləyirdim. Kimsə nəsə deyəndə cavab da yazırdım. Görürsən ki, verilişlər barədə fikirlərini yazırlar, cavab verirsən. Sonra başlayırlar, Əli Həsənov demişkən, ibnə-ibnə suallar verməyə. Nə vaxtsa xəstə bir qoca mənim barəmdə nəsə deyib. Bunu dəfələrlə mənə qarşı çevirib, sorğu-sual eləyirlər. Bir müddət cavab yazırdım, sonra bu hal məni yordu. Profilimi səhifə elədim. Amma yəqin ki, yenə qayıda bilərəm.

- Axırıncı dəfə nə vaxt ağlamısınız?

- Mən ağlaya bilən adamam. O qədər də çətin deyil məni ağlatmaq. Elə burdaca bir söhbət edə bilərik və on dəqiqənin içində sən də, mən də ağlaya bilərik. Axırıncı dəfə isə bir az əvvəl ağlamışam. Bacım təzə vəfat edib.

- Bəs qadın yanında ağlamısınız?

- İki qadının yanında ağlamışam. Onlardan biri anam olub. Biri isə anam olmayıb.

- Ananız olmayan qadının yanında ağladığınza görə peşman olmadınız ki?

- Yox, o qadın mənim onun yanında ağladığıma görə peşman olub.

- Təhlükəli adamsız. Elə adam var ki, onun yanında qalib olmaq, güclü olmaq haqda düşünmürsüz. Zəif olmaqdan qorxmursunuz?

- Yəqin ki, təkcə qızımın – Aysanın yanında.

- Ata Mir Şahin daha yaxşıdı, yoxsa övlad Mir Şahin?

- Yəqin ki, övlad Mir Şahin. Ata kimi daha yaxşı ola bilərdim. Amma məncə, indi də gec deyil.

- Eləmədiyinizə görə peşman olduğunuz şeylər çox olub?

- Olub. Elə şeylər var idi ki, onları mən, məsələn, iyirmi beş yaşda eləməli idim. İndi də eləyə bilərəm, amma qırx doqquz yaşda bunları eləmək maraqlı deyil.

- Nə vaxtsa ağac əkmisiniz?

- Hə. Öz həyətimdə bir neçə ağac əkmişəm.

- Televiziaya qəfildən 25 yaşlı Mir Şahin gəlsə, nə hiss eləyərsiz?

- Hər halda, o yaşda Mir Şahinə kənardan baxmaq maraqlı olardı.

- Nə vaxtsa efirdən demişdiniz ki, ekrana mavi gözlərlə baxmayın. Mir Şahinə hansı rəngdə baxmaq lazımdır: ağ yoxsa qara?

- Qara. Çünki Azərbaycan əhalisinin orta statistik göz rəngi qaradır.

Mirşahin Ağayevlə söhbətimiz çox uzun çəkdi. Hərdən saata baxsa da, söhbəti bitirməyə tələsmədi. Yazdıqlarım söhbətimizin ancaq yuvarlaqlaşdırılmış halıdır. Əks halda onunla səhər yeməyni ənənəvi «ardı var»la dərc etməli olacaqdıq.

Söhbət əsnasında həmsöhbətimə münasibətdə içimdəki zəhərin üzümə vurduğu da oldu, hisslərə qapılıb, intensiv əl-qol hərəkətləri ilə danışdığım da. O qətiyyən hirslənmədi, hətta söhbətin bir yerində gözümün yaşardığını görüb, təsirləndi də.

Mənsə... Mənsə ona hər şeyi bağışladım. Bəli, mən ağac əkən, qızının yanında gücsüz olmağı bacaran, qadın yanında ağlaya bilən, doğma kəndi Perimbel üçün darıxan Mir Şahinə hər şeyi bağışlaya bilərəm: Özü Mopassanı oxuyub, xalqa Aydın Xırdalanlını təqdim eləməyini. Efirdə yazıçını meyxanaçıya, ədəbiyyatı meyxanaya uduzdurmağını. Hətta gələcəkdə bəlkə də öz qatilinə çevriləcək bir tamaşaçı yetişdirməyini...

Amma mən ona uşaqlığımın qəhrəmanı Mir Şahini öz içində öldürməyini heç vaxt bağışlamayacam...

Çünki sonuncu Xeyirxah Şahzadə öləndən sonra Şərlə mübarizə aparacaq heç kim qalmır...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3315

Oxşar yazılar