“Azərbaycan xalçaları” ərəb dilində çap olunub
26 sentyabr 2011 13:03 (UTC +04:00)

“Azərbaycan xalçaları” ərəb dilində çap olunub

Azərbaycanın Misir Ərəb Respublikasında səfirliyi tərəfindən Dövlət Xalçaçılıq və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru Röya Tağıyevanın “Azərbaycan xalçaları” adlı kitabı misirli alim Əbdülrəhman Əl-Xəmisinin redaktəsində ərəb dilinə tərcümə olunub və nəfis tərtibatda çap edilib.


Səfirlikdən Lent.az-a verilən məlumata görə, kitab UNECKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan və xalqımızın zəngin daxili aləmi, dünyagörüşü və gözəllik duyumunu əks etdirən Azərbaycan xalçaları haqqında dolğun və elmi-tədqiqat əsaslı məlumatı ərəb dünyasında yaymaq və ərəb ictimaiyyətini Azərbaycan xalqının mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək məqsədilə nəşr olunub. Dörd fəsildən ibarət olan kitabda Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini əks etdirən xalçalarımızın boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz zərifliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqləndiyi qeyd edilib. Azərbaycan xalça mədəniyyətinin tarixi inkişaf dövrləri, Azərbaycan xalçalarının növləri və onların hazırlanma texnologiyası, mənşəyi və orada əks olunan rəmzi işarələrin mənası, Azərbaycan xalçalarının yerli tipləri və bu xüsusda Bakı, Quba, Gəncə, Qazax və Qarabağ xalçaları haqqında geniş məlumat və elmi baxımdan əsaslandırılmış faktlar öz əksini tapıb.


Oxucunun diqqətini cəlb etmək və Azərbaycan xalçalarının xarakterik xüsusiyyətləri barəsində aydın və əyani təsəvvür yaratmaq üçün kitabda Azərbaycan xalçalarının çoxsaylı fotoşəkilləri yer alıb. Kitab İsgəndəriyyə kitabxanası, Misirin Dövlət Kitabxanası və aparıcı elmi-tədqiqat və mədəniyyət mərkəzlərinə, universitetlərinə yayılıb, aparıcı ictimai-siyasi xadimlərə və mədəniyyət nümayəndələrinə hədiyyə edilib.


Yaxın vaxtlarda Misirin aparıcı mədəniyyət mərkəzlərində kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar