Əbülfəs Qarayev Çexiyanın kitabxana və muzey direktorları ilə görüşüb – FOTO
14 sentyabr 2011 15:04 (UTC +04:00)

Əbülfəs Qarayev Çexiyanın kitabxana və muzey direktorları ilə görüşüb – FOTO

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Çexiya Milli Kitabxanasının direktoru Tomas Bohm və Çexiya milli Muzeyinin direktoru Maykl Lukerlə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə M.F.Axundov adına Milli Kitabxananın Direktoru Kərim Tahirov və Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı da iştirak edib.

Qonaqları salamlayan Əbülfəs Qarayev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Çexiyanın mədəniyyət naziri İrji Besserlə görüşünü xatırladıb: “Məhz həmin görüşdə ilk olaraq kitabxana və muzey sahəsində əməkdaşlıq etmək qərarı verdik”.

Kitabxana sahəsindəki problemlərdən danışan, bu sahəyə yeni gənc nəsli cəlb etməyin vacibliyini vurğulayan nazir kitabxana işçilərinin dünyagörüşünü dəyişməyin də əhəmiyyətini qeyd edib. Bu istiqamətdə Azərbaycanda xüsusi kurs və treninqlərin keçirildiyini bildirib: “Keçən yay bütün kitabxana rəhbərlərini kursa göndərdik, daha sonra onlar imtahandan keçdilər. Çünki kompüteri bilməyən kitabxana rəhbəri yeni texnologiyadan istifadə və tətbiq edə bilməyəcək”.

Ə. Qarayev bəzi ölkə kitabxanalarında Azərbaycanla bağlı kitabların azlığından da şikayətlənib.

Azərbaycanın mədəniyyəti ilə tanışlıqdan məmnun qalan qonaqlar ölkəmizdə çox şeydən heyran qaldıqlarını deyiblər. Xüsusən də dünyada 52 milyon azərbaycanlının yaşaması xəbəri onlar üçün çox maraqlı və yeni olub.

Görüş zamanı qarşılıqlı mütəxəssis, kitabxana informasiyası mübadiləsinin, hər iki ölkədə sərgilərin keçirilməsi və növbəti mərhələdə Azərbaycan nümayəndə heyətinin Çexiyaya səfər etməsi qərara alınıb.

Sonda qonaqlara Azərbaycan və Avropa mədəniyyətini özündə əks etdirən xatirə hədiyyəsi təqdim olunub.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar