Qəbələnin tarixinə dair yeni məlumatlar əldə edilib
01 sentyabr 2011 16:22 (UTC +04:00)

Qəbələnin tarixinə dair yeni məlumatlar əldə edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya bu ilin iyulundan qədim Qəbələ şəhərinin Qala hissəsində başlanan tədqiqat işlərini başa çatdırıb. Lent.az-ın məlumatına görə, ekspedisiya rəisi Qafar Cəbiyevin rəhbərliyi ilə işləyən arxeoloqlar iki ay ərzində qədim paytaxt şəhərinin tarixinə dair bir çox nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıblar.

Məlumata görə, Qala ərazisində ilkin arxeoloji axtarışlara ötən əsrin əvvəllərindən başlanılıb və 10 ildir ki, orada tədqiqat işləri aparılır.

Qeyd edək ki, 2011-ci ilin tədqiqatları zamanı mütəxəssislər şəhərin həm yüksəliş, həm də tənəzzül dövrünün görüntüləri əsasında müqayisəli təhlil və araşdırmalar aparmaqla Qəbələdə min ilə yaxın bir dövr ərzində həyat tərzini öyrəniblər.

Arxeoloqlar axtarışlar zamanı aşkara çıxarılmış küçə və yol qovşaqları, hasarlar, irili-xırdalı ictimai və fərdi binalar, istehsalat ocaqları, çoxsaylı və rəngarəng çeşidli digər maddi mədəniyyət nümunələrinin tarixin qaranlıq məqamlarına işıq salacağını düşünürlər: “Bu baxımdan yeni aşkar edilən 4 ədəd dulus kürəsi xüsusilə çox mühüm elmi əhəmiyyət kəsb edir. Kürələrdən 2 ədədi XI əsrin ortalarına aid olmaqla kərpic və kirəmit bişirilməsinə xidmət edib. Digər 2 kürə isə XIV əsrin sonu – XV əsrin əvvəllərində fəaliyyət göstərib. İçərisindən tapılan məmulat nümunələrinə əsasən kürələrdən birinin məişətdə işıqlandırma vasitəsi kimi istifadə olunan saxsı çıraqların istehsalı üzrə, digəri isə çox nəfis şəkildə hazırlanan, üzəri cızma və deşdəkləmə üsulu ilə zəngin bəzədilən, boğaz hissədə süzgəci olan və süfrə qabı kimi istifadə edilən enliboğaz kuzələrin istehsalı üzrə ixtisaslaşan ustaya mənsub olduğu müəyyənləşdirilib”.

İkinci kürədə qeydə alınan bütün nümunələrdən məlum olub ki, bişirilmə prosesində yanıb ötməklə çıxdaş hala düşüb. Mütəxəssislər bunun məmulatı bişirmək məqsədilə usta kürəyə od vurandan sonra sahədə hansısa fövqəladə hadisə baş verməsi və bişmə prosesinə nəzarət unudulması nəticəsində yarandığını qeyd ediblər: “Bunun nəticəsində də kürədəki nümunələr uzun müddət yüksək hərarət altında qaldığından yanaraq çıxdaş vəziyyətə düşüb. Digər kürə sahibi də buna bənzər aqibətlə üzləşib. Belə ki, bişmə prosesi başa çatdırıldıqdan sora kürə boşaldılmayıb və çıraq nümunələri bütünlüklə kürədə qalıb. Və nəhayət, bir-birinin yaxınlığında 4 ədəd dulus kürəsinin aşkara çıxarılması tədqiq olunan ərazinin uzun bir tarixi dövr ərzində şəhərin dulusçular məhəlləsinə aid olduğunu düşünməyə əsas verir”.

Xatırladaq ki, qədim Qəbələ şəhərinin qalıqları Güllütala, Səlbir və Qala adı ilə tanınan üç böyük ərazidən ibarətdir. Qala qədim paytaxtımızda şəhər həyatının daha çox davam etmiş olduğu ərazidir. Yəni, antik Qəbələ kimi tanınan Güllütala ərazisində eramızdan əvvəl IV-I əsrlərdə, Səlbir ərazisində isə I-X əsrlərdə həyat olmuşdursa, Qala ərazisində eramızdan əvvəl I əsrdən eramızın XVIII əsrinədək, təqribən 2000 ilə yaxın bir dövr ərzində intensiv şəhər həyatı olmuşdur. Orada mədəni təbəqənin, yəni yaşayış izləri müşahidə olunan torpaq qatının qalınlığı bir sıra yerlərdə 5-6 metrə çatır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar