Bəstəkar Ələkbər Tağıyevin Gəncədəki barelyefi götürülüb – EKSKLÜZİV
26 avqust 2011 12:28 (UTC +04:00)

Bəstəkar Ələkbər Tağıyevin Gəncədəki barelyefi götürülüb – EKSKLÜZİV

Azərbaycanın görkəmli bəstəkarı, sevilən mahnılar müəllifi Ələkbər Tağıyevin Gəncədəki evi sökülüb və barelyefi götürülüb. Bunu Lent.az-a bəstəkarın oğlu Xaliq Tağıyev bildirib.

X. Tağıyevin sözlərinə görə, bu xəbəri ona bir neçə gün öncə deyiblər: “Gəncədə atamın doğulub, boya-başa çatdığı ev var idi. Həmin evin qarşısında onun barelyefi vurulmuşdu. Bu günlərdə mənə zəng vurub dedilər ki, həmin evi söküblər, barelyefi də ordan götürüblər. heç cür anlamıram oranı dağıtmağa necə göstəriş vermək olar?! Əgər elə yaxşı icra başçısıdırsa, Gəncədə Ələkbər Tağıyevin adına bir musiqi məktəbi açsın, ya da bir küçəyə adını versin. Bunu məgər biz deməliyik? Biz də xahiş etmirik. Çünki tərbiyəmiz qapılar döyməyə, yalvarmağa yol vermir”.

Bəstəkarın oğlu bu hadisənin ona çox pis təsir etdiyini və hansı addım atacağını bilmədiyini deyib: “Belə şeylərə baxanda adam bezir. Bəzi məmurların əlindən Ələkbər Tağıyevin mahnılara ümumiyyətlə qadağa qoymaq istəyirəm. Axı belə bir bəstəkara bu cür etmək olmaz. Onun yaşadığı evdən barelyefi götürə bilərlər, amma xalqın ürəyindən silə bilməzlər. Mən bu gün xalq müraciət etsəm ki, atamın ölüsündən də əl çəkmirlər, bəlkə də xalq ayağa qalxar. Amma çox ümid edirəm ki, barelyefi yenidən qoyacaqlar”.

Xəyalə Muradlı
# 568

Oxşar yazılar