Xınalıq kəndinin tarixi görkəmi bərpa olunur
22 avqust 2011 10:58 (UTC +04:00)

Xınalıq kəndinin tarixi görkəmi bərpa olunur

Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyevin Lent.az-a verdiyi məlumata görə, bu günədək qəza vəziyyətində olan 85-ə yaxın evdə təmir-bərpa işi başa çatdırılıb: “Xınalığa müasir tələblərə uyğun yol çəkildikdən sonra kənd sakinləri öz evlərini müxtəlif üsullarla fərdi şəkildə təmir etməyə başlamışdılar. Bu da kəndin unikal tarixi görkəminin itməsi ilə nəticələnə bilərdi. Mədəniyyət və Turizm Nazirliyi vəziyyətin ciddiliyini nəzərə alaraq xüsusi komissiya yaratdı, Xınalıqdakı təmirə ehtiyacı olan evlərin tarixi görkəmini saxlayaraq bərpa olunması üçün zəruri addımlar atdı. Görülən işlərin məqsədi kəndin tarixi görkəmini qoruyub saxlamaqdır”.

R. Nuriyev bildirib ki, kənddəki qəza vəziyyətində olan Cümə məscidinin bərpası üçün “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən layihə hazırlanıb. Təmir-bərpa işlərinin bu ilin sonunadək başa çatacağı güman edilir.

Şöbə müdiri onu da qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xınalıq kəndində həm də kəşfiyyat tipli arxeoloji qazıntı işləri aparılır: ““Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun ərazisində qədim yaşayış məntəqəsi və bir kurqan aşkarlanıb. Tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.
Bu tapıntılar böyük əhəmiyyətə malikdir. Yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra Xınalıq kəndi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Qeyd edim ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq”.

Xəyalə Muradlı
# 596

Oxşar yazılar