“Ermənistanın xalq qəhrəmanı” adından imtina edən, pakistanlı generalın ölümlə hədələdiyi azərbaycanlı sənətkar - HƏYAT HEKAYƏTİ
... Film ekrana çıxandan sonra bəlkə də çoxları ona nifrət etməyə başladı. Oynadığı rola görə. Alçaq bir erməni obrazı yaratmışdı. Rolunu elə canlandırmışdı ki,bəziləri onun doğrudan da erməni olduğunu düşünürdü. Görünür, düşmən obrazının bu qədər inandırıcı və təsirli yaradılmasına səbəb təkcə aktyor peşəkarlığı yox, həm də ermənilərə bəslədiyi nifrət hissi idi. Başımıza olmazın bəlalar gətirənlərə qarşı içində bəslədiyi böyük bir nifrət və intiqam hissi, onu bu rolu belə gözəl oynamağa vadar etmişdi. Düzdür, əvvəl-əvvəl bu obraza qorxu və imtina ilə yanaşmışdı. Narahat idi ki, rola görə xalqın məhəbbətini itirə bilər, tamaşaçı sevgisi nifrətə çevrilər... Bəziləri ona həqiqətən də nifrət etmişdi. Bəziləri onun erməni olduğunu sanmışdı. Bəziləri isə ona sadəcə heyran qalmışdı. Heyran qalmışdı ki, həyatda tamamilə fərqli olan bir insan filmdə birdən-birə necə dəyişə bilər. Amma bunların özü də sonsuz sevgidən doğmuşdu. Böyük aktyora, peşəkar ifaya olan sevgidən. Bütün bu göstəricilər isə xalq artisti Məlik Dadaşovun aktyor kimi böyüklüyünün növbəti sübutu idi.
Deyəsən, mənfi obrazlar yaratmaq Məlik Dadaşovun kino taleyinə yazılmışdı. Çox illər əvvəl isə o, azərbaycanlılara əzab verən ermənidən fərqli olaraq, ermənilərə qan udduran azərbaycanlı obrazını yaratmışdı – “Axırıncı aşırım” filmində Qəmlo obrazını. Amma sovet təbliğatına uyğun olaraq, Qəmlo obrazı da filmdə mənfi yönümdə verilmişdi...
Əvvəl həkim, sonra aktyor...
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Neft sənayeçisi olan atası Yusif Nobellərlə birgə işləyirdi. Anası isə evdar qadın idi. Üç qardaşın son beşiyi olub Məlik. Hələ uşaq yaşlarından evdə başına gətirmədikləri oyun qalmırdı. Üzünü, bədənini müxtəlif boyalarla rəngləyir, kloun kimi oynadırdılar. Elə o vaxtdan da hamı deyirdi ki, bu uşaq aktyor olacaq. Məlik uşaq vaxtı dəcəl olsa da, dərslərindən geri qalmırdı. 189 saylı orta məktəbin əlaçılarından sayılırdı. Hələ kiçik yaşlarından musiqiyə də həvəs göstərirdi. Kontrabas çalırdı. (Hətta Tofiq Quliyevin Caz Orkestrinin, Filarmoniyanın rəqs ansamblının solisti olub).
Uşaqlıqdan aktyorluq qığılcımları özünü büruzə versə də, nədənsə əvvəl həkim olmaq qərarına gəlir. Tibb institutuna daxil olur. Ancaq müharibə başladığından təhsilini yarımçıq qoyub döyüşə yollanır. Müharibədə kontuziya alır, 1943-cü ildə müalicəsini başa çatdırıb, yenidən hərbi hissələrdə musiqiçi kimi xidmət göstərir. 1945-ci ildə ordudan tərxis olunduqdan sonra Tibb İnstitutuna qayıtmır. Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayır. Bir müddətdən sonra Zaqatala Dövlət Teatrı açılır. Aktyorluq fəaliyyətinə yenicə qədəm qoymuş Məlik bu teatra, 1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilir. Burada bir il işlədikdən sonra 1947-ci ildə Teatr İnstitutuna - Adil İsgəndərovun kursuna daxil olur. 1950-ci ilin oktyabrında Akademik Milli Dram Teatrında fəaliyyətə başlayır. “Nişanlı qız” oynadığı ilk tamaşalardan biri olur. Çox sonralar isə o, özü bu tamaşaya quruluş verir və vaxtilə ifa etdiyi rolda oğlu Rafael Dadaşov çıxış edir. “Azdrama”da çalışdığı illər ərzində bir-birindən maraqlı, özünəməxsus, unudulmaz obrazlar yaradır Məlik Dadaşov.
Teatrdan uzaqlaşdırılması
... Amma iki qoçun başı bir qazanda qaynamaz deyirlər. İki böyük aktyor, iki sənət fədaisi də bir teatrda çox işləyə bilmir. Bəlkə də buna səbəb hər iki aktyorun - Həsən Turabovun da, Məlik Dadaşovun da ədalətli olması idi. Hər ikisi həqiqəti deməyi sevirdi. Elə ona görə də ulduzları barışmır ki, barışmır. Aralarında yaşanan ciddi problemlərə görə sənətkarlar iş yerlərini ayırmalı olurlar. Həsən Turabov “Azdrama”nın direktoru kimi işləməyə davam edir. Məlik Dadaşov isə Səməd Vurğun adına Rus Dram Teatrına direktor gedir. Bu teatr da Məlik Dadaşov üçün yad deyildi əslində. Çünki hələ “Azdrama”da işlədiyi vaxtlar da bu teatrın səhnəsinə çıxırdı. Rəhbər vəzifəyə gəldikdən sonra isə orada cəmi 2 ilə yaxın müddət ərzində işləyə bilir. Aktyorun qızı Gülnarə Dadaşova bunun səbəbini o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu ilə atası arasında olan insidentlə əlaqələndirir: “Atamı bir neçə xoşagəlməz kommersiya əməliyyatında əli olmasında günahlandırırdılar. Bunun üçünsə heç bir əsas yox idi. Çünki əsl yaradıcı insan olan Məlik Dadaşov kommersiya məsələlərini o qədər də bilmirdi. Onu teatrdan uzaqlaşdırdı. Hətta aktyor kimi fəaliyyət göstərməsinə belə imkan vermədilər. 1991-ci ildə isə təqaüdə göndərdilər”.
Bu, aktyor üçün çox böyük bir zərbə olur. Ürəyi buna tab gətirmir və işemiya keçirir. İki ay xəstəxanada yatır və müalicə alır. Teatrı çox sevən aktyor 9 ay sevimli sənətindən uzaq qalır. Teatrsız yaşadığı hər ay onun üçün bir ilə bərabər olur, elə bil ömründən 9 ay yox, 9 il itirir. Sonradan Həsənağa Turabov böyüklük göstərərək, onu yenidən “Azdrama”ya dəvət edir. Artıq Məlik Dadaşov tək aktyor kimi yox, rejissor kimi də fəaliyyət göstərməyə başlayır. Amma nədənsə bu iki aktyor arasındakı inciklik heç cür başa çatmır. Sonradan Məlik Dadaşov yenə teatrdan uzaqlaşaraq, yalnız kino aktyoru və İncəsənət İnstitutunun müəllimi kimi fəaliyyətini davam etdirir.
Hər dəfə çəkilişdən qabaq Məlik Dadaşov Allaha yalvarır, üzr istəyirdi
Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə yaddaqalan obrazlar yaradıb. İlk dəfə çəkildiyi film 1961-ci ildə Lətif Səfərovun Ənvər Məmmədxanlının ssenarisi əsasında quruluş verdiyi “Leyli və Məcnun” olur. “Axırıncı aşırım”da Qəmlo, “Dəli Kür”də Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Bir məhəlləli iki oğlan”da Nazif, “Ulduzlar sönmür”də general Mehmandarov, “26 Bakı komissarı”nda Əzizbəyov, “Müharibəni görən adam”da Niyazxan, “Fəryad”da Aram Xaçaturyan Məlik Dadaşovun ifasında ölməzlik qazanan obrazlardır. 1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorusfilm”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov Pakistanın əks kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pakistana qoymurlar. Və çəkilişlərin müəyyən hissəsi İçərişəhərdə aparılır.
Gülnarə xanım deyir ki, atası çəkildiyi bütün filmlərini çox istəyirdi. Rollarını da böyük sevgilə oynayırdı. Çox vaxt da yaratdığı qəhrəmanlar mənfi obrazlar olurdu. Ona görə də bəzən həddən artıq mənfi obrazlara qarşı çıxır, roldan imtina edirdi. Qızının xatırladığına görə, atası iki roluna qorxu ilə yanaşıb. Bunlardan biri Şeyx Nəsrullah rolu idi. Şeyx Nəsrullah Allahsız, dinsiz olub. O, Allaha müraciət etsə də, yalan danışırdı. Ona görə də Məlik Dadaşov bu rolda oynamağa razılıq vermirdi. O, Allahı sevir, dinə inanır, namaz qılırdı. Dəfələrlə “Azdrama”nın səhnəsində “Ölülər”i oynamışdı. Amma film bir az fərqliydi. Çox tərəddüd etsə də, sonda rejissor Tofiq Tağızadə aktyoru Şeyx Nəsrullahı oynamağa razı sala bilmişdi. Və hər dəfə çəkiliş başlamazdan qabaq Məlik Dadaşov Allaha yalvarır, üzr istəyir, sonra rolunu oynayırdı.
“Ay camaat, bu adam ermənidi”
Narahatlıqla yanaşdığı digər bir rolu da Ceyhun Mirzəyevin Vaqif Mustafayevin ssenarisi əsasında çəkdiyi “Fəryad” filmində Aram Xaçaturyan idi. Əvvəl bu roldan imtina etmək istəyirdi. Fikirləşirdi ki, erməni rolundan sonra xalqın sevgisini itirə bilər. Ancaq belə olmur. Əksinə, hamı rolun necə yüksək peşəkarlıqla yaradıldığına heyran qalır. Bununla bağlı Gülnarə Dadaşova bir neçə hadisəni də danışır. Film hazır olandan sonra Respublika sarayında premyera keçirildi. Gülnarə xanım da anası ilə birgə premyerada idi. Filmdə bir səhnə var - Xaçaturyan üzünü yuya-yuya erməni mahnısı oxuyur. Bu mahnını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə göstəriləndə Gülnarə xanımın arxasında əyləşən qadın qeyr-ixtiyarı “zəhrimar canına, zəhər canına”, - deyib hirslənir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əlilə “əla” işarəsini göstərir. Film başa çatandan sonra təəccüblə atasına deyir: “Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan”. O, doğrudan da təəccüblənmişdi. Təəccüblənmişdi ki, gözəl atası birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yaradıb. Məlik Dadaşov isə qızına belə cavab verir: “Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm”.
Bir dəfə də Məlik Dadaşov instituta gedəndə “Malakan” bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. “Ay camaat, bu adam ermənidi”, - deyib camaatı yığır başına. Bu zaman bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir, “bala mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə filmdə erməni obrazını yaratdığım üçün qadın məni qarışıq salıb”.
Hətta “Fəryad” filmindən sonra erməni diasporu Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını vermişdi. Aktyor isə Azərbaycan efirinə çıxaraq bəyan etmişdi ki, o, bu titulu qəbul etmir. Bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Bəlkə də peşmançılıq çəkirdi: “Axı mən demişdim bu rolu oynamamalıyam. Bununla bütün xalqın sevgisini itirə bilərəm”.
“Siz necə də gözəlsiz”
“Həyatda isə o, tamamilə başqaydı”, - deyir Gülnarə Dadaşova. Sadəcə xarici görünüşü çox aldadıcıydı: “Bəzən hətta mənə sual verirdilər ki, atan heç gülümsəmir? Əslində o, çox yumşaq, ürəyi açıq insan idi. Tanıdığı və tanımadığı insanlardan köməyini əsirgəmirdi. Ünsiyyətcil, qohumcanlı idi. Bütün sirlərimi atamla bölüşürdüm. Daha çox onunla danışmağa, ünsiyyət qurmağa çalışırdım. Başa düşürdüm ki, onun verdiyi bütün məsləhətlər, dediyi hər bir söz çox qiymətlidir. Ailəcanlıydı, övladlarını və həyat yoldaşını çox sevirdi”.
Məlik Dadaşov həyat yoldaşını doğrudan da çox sevirdi. Dolores xanımla İncəsənət İnstitutunda tanış olmuşdu. İkisi də orada dərs deyirdi. Məlik Dadaşov aktyor ustalığından, Dolores xanım isə xarici teatrların dilindən. Təbii ki, dəhlizdə qarşılaşdıqları məqamlar da olmamış deyildi. Amma nədənsə bir-birlərinə o qədər diqqət yetirməmişdilər. Hər şey isə o qış günlərinin birində baş verir...
Dəhlizdə eşitdiyi musiqi sədalarının izinə düşüb səsin gəldiyi otağa yaxınlaşır. Pianonu kimin çaldığını bilmək üçün auditoriyanın yarıaçıq qapısından içəri boylanır. Amma musiqiyə elə aludə olur ki, pianonu kimin çaldığının fərqinə belə varmır. Gördüyü ilk şey pianoçunun gözəl barmaqları olur. Gənc müəllimə nəzərlərini o əllərdən çəkməyərək pianoya yaxınlaşır. Və Dolores xanım üzünü görmədiyi insanın ilk dəfə əllərinə vurulur. Məlik Dadaşovun fikri isə ancaq çaldığı musiqidə idi. Musiqi qurtarandan sonra başını qaldıranda yanında gözəl bir qadının dayandığını görür... Və əllərini pianodan çəkir. “Siz necə də gözəlsiz” - bu, onun Dolores xanıma dediyi ilk sözlər olur.
Əslində Dolores xanım Məlik Dadaşovun ortancıl qardaşı Salmanla dost idi. Ancaq onun qardaşı olduğunu bilmirdi. Həm də Məliklə ilk tanışlığının tarixçəsi haradasa 20 il öncəyə təsadüf edirdi. Onda Dolores xanım 12-13 yaşlı başı ipək bantlı bir qız idi. Onların yaşadığı məhəllədə Məlik Dadaşovun bir dostu qalırdı. Gənc və yaraşıqlı aktyor vaxtaşırı dostuna baş çəkirdi. Və hər dəfə ucaboy, ağ plaşlı, ağ şlyapalı bu gənci məhəllədə görəndə qızlar onun tamaşasına çıxardı. 12-13 yaşlı Dolores də pıçhapıç salan qızların arasından bu gəncə qəribə bir uşaq marağıyla baxardı. Sonralar hər dəfə Məlik Dadaşovu görəndə bu hadisəni xatırlayıb, qeyri-ixtiyari həmin illərə qayıdardı. Ancaq illər öncəsi məhəllə qızlarının yuxusuna haram qatan yaraşıqlı gəncin, dövrünün tanınmış aktyoru Məlik Dadaşovun ömür-gün yoldaşına çevriləcəyi ağlına belə gəlməzdi...
Beləcə, auditoriya otağında baş tutan tanışlıqdan sonra onların dostluğu başlayır. Sonra bu dostluq sevgiyə çevrilir və nəhayət, evlənmək qərarına gəlirlər. Bir ildən sonra 1964-cü il dekabrın 28-də 40 yaşlı Məlik Dadaşov özündən 12 yaş kiçik Dolores xanımla ailə qurur. Bu, Dolores xanımın ikinci, Məlik Dadaşovun isə üçüncü ailə həyatı idi. Aktyorun birinci həyat yoldaşı aktrisa Sofiya Hüseynovadır. Xalq artisti Sofiya Hüseynova hazırda Naxçıvanda yaşayır. Bu izdivacdan onların bir oğlu (xalq artisti Rafael Dadaşov) var. İkinci həya yoldaşından Məlik Dadaşovun iki qızı anadan olub. Dolores xanımla olan evlilikdən isə Gülnarə Dadaşova dünyaya gəlib. Gülnarə xanım deyir ki, atası ilə anası bir-birini çox sevirdi. Hər yerə birlikdə gedirdilər. Onların bu böyük sevgisinə ancaq heyran qalmaq olardı. Bu xoşbəxt ailə həyatının ömrü 32 il sürür...
“Səhnədə yıxılır, alnı səhnənin axırındakı dəmir stula dəyir və üzündəki bütün sümükləri sınır”
Təqvim 1996-cı il noyabrın 26-sını göstərirdi. Məlik Dadaşov səhər qızının otağına daxil olur və onu yuxudan oyadır: “Qızım, tez dur, anana kömək et. Zəng elə, bacıların, nəvələrim gəlsin”. O vaxt AzTV-də “Ev sizin, sirr bizim” verilişi gedirdi. Verilişin budəfəki buraxılışı onların ailəsinə həsr olunmuşdu. Çəkiliş günortaya planlaşdırılmışdı. O vaxt da aktyor sonuncu kurs tələbələri ilə diplom tamaşasını hazırlayırdı – “Arşın mal alan”ı. Məşqlər Tədris Teatrında gedirdi. Məlik Dadaşov məşqə gedib günorta evə qayıtmalıydı. Gülnarə bacılarına zəng edir, amma heç kimi evə yığa bilmir. Bacılarından bir işdə, o biri isə evdə xəstə yatırdı. Arada atası evə zəng vuranda Dolores xanım vəziyyəti ona deyir: “Məlik, uşaqları yığa bilməmişik. Bəlkə çəkilişi başqa vaxta keçirək?” Aktyor razılaşır və məşqini davam etdirir: “Atam saat 2-də evə gəlməli idi. Ancaq saat 2 olur gəlmir, 3 olur gəlmir. Birdən evə zəng edirlər. Dayım idi. Atamı xəstəxanaya apardıqlarını deyirdi... Xəstəxanada gördüyümüz səhnə isə dəhşətli idi. Demə, məşq zamanı atamın təzyiqi qalxıb. Səhnələrin birində tələbəsi yaxşı oynaya bilmir. Həmin tələbəsinə deyir ki, “başım ağrıyır, səhnəyə çıxa bilmirəm, elə oyna ki, mən razı qalım”. Tələbə bir ayağının üstündə fırlanmalı idi. Bu hərəkəti bir neçə dəfə təkrarlasa da, atam razı qalmır. Axırda hirslənir və səhnəyə qaçır ki, hərəkəti ona göstərsin. Həmin vaxt təzyiqi 300-ə qalxmışdı. Bu zaman müvazinətini saxlaya bilmir, yıxılır və alnı səhnənin axırındakı dəmir stula dəyir. Beyninə qan sızmış, üzündəki bütün sümükləri sınmışdı... Bu hadisə bütün ailədə faciəyə çevrildi. Amma hamı əmin idi ki, o, hələ də yaşayacaq. Çünki əməliyyata hazırlaşırdıq. Həkimlər bilirdilər, amma bizə heç nə deməmişdilər. Mən hətta şübhələnirdim ki, bəlkə onu itələyiblər. Fürsət tapıb özündən soruşa bildim. Əlilə “yox” göstərdi. Cəmi 6 gün xəstəxanada qaldı. Dekabrın 2-də gözlərini əbədi olaraq qapadı. Heç cür barışa bilmirəm ölümüylə. Ölümü çox pis oldu. Ancaq deyirlər “əsl aktyor, elə səhnədə ölür”. O, həqiqətən də əsl aktyor idi”.
Sağ qalsaydı, Hollivudda filmə çəkiləcək ilk Azərbaycan aktyoru olacaqdı
Həmin gün məşhur rusiyalı aktyor Aleksandr Abdulov Hollivuddan zəng vurmuşdu. Məlik Dadaşovun bankdakı hesab nömrəsini öyrənmək istəyirdi. Baş rolda çəkiləcəkdi aktyor. Yanvarda da Hollivuda uçacaqdı. Ancaq qismət olmur. Sağ qalsaydı, Məlik Dadaşov Hollivudda filmə çəkiləcək ilk Azərbaycan aktyoru olacaqdı. Özünün isə bir arzusu vardı – Kral Liri oynamaq...
Məlik Dadaşovun bir aktyor kimi son işi “Xalqlar dostluğu muzeyi” filmində olur. Rüstəm İbrahimbəyov bu ssenarini məhz onun üçün yazmışdı. Film iki hissədən ibarət olmalı idi. Birinci hissədə infarktdan dünyasını dəyişən baş qəhrəman ikinci bölümdə möcüzə, yaxud da keçirdiyi klinik ölüm nəticəsində təkrar ekranlara qayıtmalıydı.
Ssenariyə görə, filmin birinci hissəsi baş qəhrəmanın yas mərasimi ilə başa çatmalıydı. Taleyin qismətinə bax ki, filmin son kadrlarında Məlik Dadaşovun özünün dəfn mərasimi çəkildi. İkinci hissə isə ümumiyyətlə, təxirə salındı...
... İndi Şekspir adına London muzeyində bir şəkil asılıb. Şekspirin “Tufan” tamaşasında Prosper rolunun dünyada ilk ifaçısının şəkli. Və o şəkildən dünyaya bir cüt göz boylanır. Azərbaycanın böyük aktyoru Məlik Dadaşovun gözləri...
Xəyalə Muradlı

2671