Bakıda İKT üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı başlayıb
13 oktyabr 2009 16:00 (UTC +04:00)

Bakıda İKT üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı başlayıb

Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı və TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı başlayıb.
Lent.az-ın məlumatına görə, konfransda İKT-yə üzv dövlətlər, bir sıra Avropa dövlətlərinin rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri və yüksək səviyyəli nümayəndələri, tanınmış şəxslər iştirak edir. Konfransın ilk günü İslam Konfransı təşkilatına üzv dövlətlər və bir sıra Avropa dövlətləri arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil edilib.

Dəyirmi masa ideyası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilmiş Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülüb və həmin konfransda əsası qoyulan “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” çərçivəsində həyata keçirilir. Konfransdan öncə cari ilin 9-10 oktyabr tarixində Bakıda həmçinin İslam Dünyasının Mədəni Strategiyasının yerinə yetirilməsinə dair Məşvərətçi Şuranın IX İclası olub. İclasda konfransda qəbul ediləcək sənədlərin müzakirəsi aparılıb. Bununla yanaşı, 2009-cu ilin 16-17 oktyabr tarixində Bakıda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı olacaq. İclasda TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri və bir sıra təşkilatların nümayəndələri iştirak edəcək.

Gülüstan Sarayında keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında Şimali Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən Ərəb Respublikası, Tatarıstan, Başqırdıstan, Tıva Respublikası, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri-Prezidentin müşaviri, Oman Respublikasının kral ailəsinin üzvü, mədəniyyət naziri-şahzadə, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra Universitet və Akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri iştirak edir. Bir sözlə, konfransın işində 45-dən çox dövlətdən 200-dən çox iştirakçı olmaqla 25 nazir səviyyəli qonaq, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Konfransda açılış sözü ilə baş nazirin müavini Elçin Əfəndiyev çıxış edib. O, bu il ölkədə keçirilən geniş miqyaslı tədbiri əlamətdar hadisə kimi qiymətləndirib. Ölkə prezidenti İlham Əliyevin məktubunu tədbir iştirakçılarına oxuyub. E.Əfəndiyev 17 ildir davam edən Ermənistan-Azərbaycan müharibəsinin respublikanın islam mədəniyyətinə vurduğu ziyanı diqqətə çatdırıb.

İSESKO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri tədbiri “müsəlman xalqlarının həyatında inkişafa aparacaq yeni pəncərə” kimi qiymətləndirib. Bu gün qəbul olunacaq qərarların ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verə biləcəyindən əminliyini vurğulayıb.

Tüveycri müzakitrələrində islam irsinin qorunması məsələlərində də diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Konfransda Liviya Cəmahiriyyəsi mədəniyyətlər idarəsi baş konfransının rəhbəri Nuri əl-Humeydi də nitq söyləyib. Rəhbər mədəniyyət sahəsində həyata keçiriləcək islahatların islam ölkələrinin mədəni-ictimai həyatında böyük rol ola biləcəyini deyib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbirin Bakıda keçirilməsi ilə bağlı Azərbaycana göstərilən etimada görə təşəkkürünü bildirib. O, bu il keçirilən tədbirlər proqramını açıqlayıb. Nazir konfransda Azərbaycan tərəfinin maraq dairəsini açıqlayıb: “Mən təklif edərdim ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında islam mədəniyyəti abidələrinin məhv edilməsi qətiyyətlə pislənsin və konfransın yekun sənədində bununla bağlı müvafiq bəndlər öz əksini tapsın”.

Konfransda digər ölkələrin nümayəndələri də çıxış edib.

Qeyd edək ki, 2007-ci ilin 21-23 noyabr tarixində Liviyanın Tripoli şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin V Konfransında Bakı şəhərinin 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması və nazirlərin VI Konfransının 2009-cu ildə Bakıda keçirilməsi qərara alınmışdı. Bununla əlaqədar olaraq “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Tədbirlər sırasında Mədəniyyət ilinin açılış və bağlanış mərasimləri, İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı, Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin toplantısı, Beynəlxalq Muğam Festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər Dövlətinin, İordaniyanın Mədəniyyət Günləri, “Şərq-Qərb” Beynəlxalq Kinofestivalı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı, İSESKO-ya üzv dövlətlərin Beynəlxalq Turizm Filmləri Festivalı, Şərq-Qərb Beynəlxalq Rəqs Festivalı, İslam Mətbəxi I Beynəlxalq Kulinariya Festivalı, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və digərləri mühüm yer tutur.

Lalə Yusifqızı
# 760

Oxşar yazılar