Yovşanlı çölün köhnəlməmiş minillik qəbirləri - REPORTAJ
“Üstündən əsrlər keçsə də, bəzi meyitləri elə bu yaxınlarda basdırıblar...”
İkinci yazı
Başımızı aşağı salıb, arxeoloqların həyat və fəaliyyət tərzindən bəhs edən silsilə yazını davam etdirək. Bu dəfə növbədə Goranboyda, Səfikürd kəndi ilə Tatarlı kəndinin arasında yerləşən təpələrdə silsilə qəbirlərin üstünü açan arxeoloq dəstəsidir.
Əvvəlcədən onu deyim ki, bu dəstənin qazıntı apardığı yeri tapmaq özü elə bir arxeoloji araşdırma aparmaq qədər mürəkkəb və çətin işdir. Əgər ağlım əvvəlcədən işləməsəydi və arxeoloji ekspedisiyanın rəhbəri Müzəffər müəllimə zəng eləyib, gələcəyimizi xəbər verməsəydim, o da yolboyu bizi istiqamətləndirməsəydi, qazıntı aparılan o mənzərəli təpəni tapmaq mənə müyəssər olmayacaqdı.
Qəribə ekspedisiya rəhbəri
Yol uzunu ağırbaşlı, ahıl bir ekspedisiya rəhbəri ilə qarşılaşacağımızı gözləyirdik deyə, bizi yolda krossovkalı, cins şalvarlı, qıvraq yarımkürklü cavan oğlanın qarşıladığını görəndə bərk təəccübləndim. Fikirləşdim ki, Müzəffər müəllim tələbələrdən birini göndərib. Amma oğlan təvazökar şəkildə dedi ki, Müzəffər müəllim elə o özüdü. Və niyə təəccübləndiyimizi soruşanda, mən reaksiyama görə əməlli-başlı xəcalət çəkə-çəkə dedim ki, bizdə belə ciddi işləri adətən gənclərə etibar eləmirlər. Gənc ekspedisiya rəhbəri isə növbəti şok açıqlamasını verdi: “Bu mənim ikinci ekspedisiyamdı”.
Maşından düşüb, yovşanlı, qantəpərli, sarıçiçəkli çəmənliklə xeyli gedəsi olduq. Axtarış aparan arxeoloqları isə ancaq hündür təpələrin birinin başına qalxandan sonra görə bildik.
Yorğun-yorğun eşələnən gənclər
Şəmkirdəki dəstədən fərqli olaraq, buradakı işçilər uniformada-zadda deyildi və ümumiyyətlə, hiss olunurdu ki, buradakı qazıntılar Şəmkirdəki qədər böyük entuziazmla aparılmır. Bu gün isə xüsusilə soyuq və yağışlı olduğundan, elmi və texniki işçilərin (Tarix müəllim demişkən) xeyli qismini evlərinə buraxmışdılar, qalan bir neçə gənc oğlan isə başlarını aşağı salıb, könülsüz-könülsüz eşələnirdi. Bəlkə də bu ondan irəli gəlirdi ki, buradakı dəstənin ən böyük qənimətlərinin siyahısında dominantlıq təşkil edən şey hələ ki, qəbirlər və meyitlər idi (Öz aramızdı, minilliklərdən qalmış meyitlərlə işləmək kimi xoşuna gələr ki?! Arxeologiya olmur, lap nə olur-olsun!).
Müxtəlif əsrlərə, ən çoxu isə eramızdan əvvəlki zamanlara aid olan qəbirlərin, təndirlərin, quyuların üstü, yan-yörəsi ehtiyatla qazılır, təmizlənirdi. Müzəffər müəllim dedi ki, qarşıdakı təpənin üstündən əlliyə yaxın qəbirdən ibarət bir qəbiristanlıq tapıblar. Hətta qəbirlərdən birində birlikdə basdırılmış qadınla kişi meyitlərinin qalıqlarını tapıblar.
Hərdən oğrun-oğrun boylanan gənc işçilər və elmi rəhbər bugünkü qənimətlərini göstərdilər. Eramızdan əvvəlki dövrlərə aid müxtəlif ölçülü təkər modelləri, utilitar əhəmiyyətinin olub-olmadığını hələ müəyyənləşdirə bilmədikləri çox xırda ölçülü saxsı qədəh, sümük bizlər, çaxmaq daşı və daha nə qədər məişət, təsərrüfat əşyaları.
“Gözdən qoyan kimi, işçilər “xaltura” eləyir”
Yovşanlı təpənin üstündə, boz havada könülsüz-könülsüz eşələnən oğlanları gözdən qoymayaraq, gənc ekspedisiya rəhbəri bizə ayaqüstü bir müsahibə də verdi:
- Müzəffər müəllim, adamlarınız niyə belə azdır?
- Bu gün həm hava pisdi, həm də dünəndən yağış yağdığından, elə də yaxşı qazıntı aparmaq olmur. Buna görə də işçilərin çoxunu evə buraxmışıq.
- Tələbələr də gedib?
- Yox. Burada, ümumiyyətlə, tələbə yoxdur. Mən ekspedisiyaya tələbə götürmürəm.
- Qızları, yoxsa oğlanları?
- Nə qızları, nə də oğlanları. Tələbələr çox könülsüz olurlar. Hiss eləyirəm ki, qazıntı işləri, tapıntılar, ümumiyyətlə, tarix onları maraqlandırmır. İşə kömək eləyib təcrübə qazanmaq əvəzinə, bizə mane olurlar, əl-ayağa dolaşırlar. Hələ bura təcrübəyə göndərilən tələbələrin hamısı tarix fakültəsinin tələbələri olsalar, dərd yarıdı. Hərdən bura təcrübə üçün, məsələn, Xarici Dillər Universitetindən tələbə göndərirlər. Onları da tarix heç maraqlandırmır. Çoxu yerə bir bel də vura bilmir. Buna görə də mən əsasən günəmuzd işçilərə üstünlük verirəm. Qalanları da elmi işçilərdi.
- Maraqlıdır, siz günəmuzd işləyənlərə nə qədər haqq verirsiniz?
- İşimiz az olanda 10, çox olanda, danışdığımız vaxtdan artıq qazıntı aparmalı olanda 15 manat veririk. Amma günəmuzd işçi işlətməyin çox çətin tərəfləri də var. Bilirsiniz də bizim işimizin sürəti onların zəhmətindən asılıdır. Amma gözdən qoyan kimi, günəmuzd işçilər beli yerə qoyur, işləmir. Diqqətlə fikir verəndə görürəm ki, çoxu həvəssiz işləyir, gününü sovub, pulunu alıb, evinə getməyə tələsir. Mən harasa gedəndə, qayıdıb görürəm ki, çoxu işləmir. Özü də burada işləyənlərin çoxu belə qazıntı işləri ilə çoxdan məşğul olur. Yenə də görürsən ki, işinə başdansovdu yanaşır...
- Yerli əhali qazıntılarla maraqlanır? Şəmkirdəki həmkarınız Tarix müəllim deyirdi ki, oradakı yerli əhalinin marağı hətta onlara mane olur...
- Bu təpələr kənddən xeyli aralıda olduğu üçün bura gəlib çıxmaq elə də asan deyil. Ona görə də biz rahatca işləyə bilirik.
- Burada heç bir çardağınız, qalacağınız-filan yoxdur. Dincəlmək, yemək, çay içmək üçün bəs neyləyirsiniz?
- Biz işimizi səhər saat 5-dən başlayırıq. Günorta, bərk istilər düşəndə isə çıxıb gedirik. Biz işləyən vaxtda bərk günəş olmadığından, bizə problem yaranmır. Özümüzlə termoslarda çay gətiririk, yorulanda yovşanın üstündə əyləşib, çayımızı içirik. Bağışlayın e, heç sizə çay təklif eləmədik...
- Sağ olun, ehtiyac yoxdu. Mən də özümlə termosda çay götürmüşəm...
- ....gün qızanda isə çıxıb gedirik. Bu gün də bu vaxta qədər sizə görə qalmışıq...
- Sağ olun. Bir şey soruşum: məsələn, bugünkü tapıntılarınız hansı tarixi məlumatları verir?
- Baxın, bu müxtəlif ölçülü təkər modellərinə fikir verin. Bu təkərlərin düzəldildiyi dövrlərdə hələ araba yox idi. Bu, o deməkdir ki, biz araba təkərini kəşf etməyə hazırlaşan insanların məişəti ilə tanış oluruq.
- Bəs bu miniatür saxsı qab nədən xəbər verir?
- Bu uşaq oyuncağı da ola bilər, həmçinin, evdəki bəzək əşyalarından biri də ola bilər.
- İçki qədəhi ola bilməz?
- (Gülür)...
- Əlliyə yaxın qəbirdən ibarət olan qəbiristanlıq tapdığınızı deyirsiniz. O qəbirlər, meyitlər o dövrkü insanların həyat tərzi barədə nə deyir?
- Meyitlərin əksəriyyəti çox yaxşı qalıb. Bəzi meyitlərə baxanda adama elə gəlir ki, onu elə bu yaxınlarda basdırıblar. Baxmayaraq ki, üstündən əsrlər keçib. Həmçinin qəbirlərdən meyitlərin yanına qoyulmuş bir çox məişət əşyaları, saxsı qablar, şəxsi əşyalar tapılıb – meyitlərin yanına o biri dünyada istifadə etmək üçün qoyulan şeylər. Bu da həmin dövrdə yaşayan insanların inancları, həyat tərzi barədə xeyli təsəvvür yaradır. Amma qazıntılar hələ davam edir, qarşıda başdan-başa qazacağımız böyük bir ərazi var hələ. Odur ki, tapıntıların da, tarixi yeniliklərin də çoxu hələ irəlidədir...
Yuxarıda qeyd elədiyim kimi, hava boz, yer palçıqlı olduğundan qazıntılar elə də entuziazmla aparılmırdı. Əslində, burada Şəmkirdəki kimi baxıb-baxıb bitirə bilmədiyin, bürcləri, əzəməti ilə adamı heyran eləyən qədim şəhər də yox idi. buna görə də, söhbət eləmək üçün də çox mövzu yox idi.
Amma növbədə böyük bir təpənin altından bizim eradan əvvəl 4-5-ci əsrlərə aid əməlli-başlı şəhər, nəhəng saxsı küp qəbirlər tapan Ağcabədi arxeoloqlarıdır. Odur ki, üçüncü yazını gözləyin...
Günel Mövlud

899