Salyeri Mostartı niyə «zəhərlədi?»
Salyeri musiqi yanğısını ona, musiqi kimi gözəl məşuqənin ağuşunda dincəlmək dahiliyini bu sərsəm və ədəbsiz "uşaqcığaz"a verən Allaha asi idi
Bu qeyri-adi istedadın, ilahidən verilmiş musiqi duyumunun sirrini, onlarla irili-xırdalı əsərləri başa düşmək üçün mütləq bu möcüzənin əks tərəfinə - adi bəşər övladına məxsus keyfiyyətlərə diqqət kəsilməlisən. Öz-özünə süzülüb gələn ilahi musiqi DAHİsini anlamaq üçün gərəkdir ki, yuxusuz gecələr hesabına əsərlər yaradan zəhmətkeş bir ADİNİ də xatırlayasan. Onları birgə öyrənməlisən ki, illərdən bəri yazıçıların və şairlərin, bəstəkarların və rejissorların yaradıcılıq mövzusuna çevrilmiş həmin dastanın mahiyyətinə vara biləsən. Bu dastanın adı - Motsart və Salyeri dastanıdır...
Volfanq Amadey Motsart! Yeganə bəstəkardır ki, peşəkarlar üçün nəzərdə tutulmuş əsərlərinin katoloqunda 11 yaşlı uşağın operası da yer alıb. İllər keçir, nəinki yalnız XVIII əsrin, eləcə də bəşər durduqca, var olacaq əsərlər yazılır, ancaq Volfanq elə həmin 11 yaşlı uşaq olaraq qalır. Dədəsi Leopold kişi həmişə «kaş onun istedadının yarısı qədər də fərasəti olaydı» deyərmiş. Ancaq yeniyetmə vaxtından Vena sarayının sırtıq əyanlarının mühitinə düşmüş Motsartdan təbii ki, nizam-intizamdan, fərasətdən, təmkindən daha çox həyasız dahilik, sürtülmüş münasibət, zinalıq gözləmək mümkün idi. Onun üçün həyatda baş verən hər şeyin musiqi dünyasında bir melodiyası vardı. Elə buna görə də, Motsart musiqisi 18-ci əsr Avropasının sifətidir. Burada hər şey var: zinalıq və sədaqət, dəyyusluq və cəngavərlik, satqınlıq və comərdlik.
Deyirlər, gənc Bethoven özünü sınamaq üçün birinci dəfə onun yanına gəlibmiş. Musiqi peyğəmbəri cındırından cin hürkən bu kasıb, nəhəng gövdə yiyəsini çox laqeyd, tələsik qarşılayır. Yan otaqda onu növbəti məşuqələrindən biri - gözəl tələbə qız gözləyirdi. Bethovenə klavesində istədiyi bir əsəri çalmağı tapşırır, "mən içəridən eşidəcəyəm" deyir. Beləcə, Bethoven həyəcandan barmaqları titrəyə-titrəyə şöhrəti yeri-göyü bürümüş bu dahi üçün ifa edir, Motsart isə içəridə məşuqəsi ilə eyş-işrətdə bulunur...
Motsart belə Motsart idi...
Zavallı Salyeri! Venanın yaşı ötmüş, zəhmətkeş saray bəstəkarı, uşaq vaxtlarından musiqiyə olan sonsuz həvəsinin qarşısını almaq istəyən atasına belə nifrət edən, hər an onun ölümünü arzulayan musiqi dəlisi! Günlərin birində atasının ölümünü Allahın ona göndərdiyi əta kimi qəbul edir, nə vaxtdan həsrətlə gözlədiyi musiqi adlı sevgilisinə qovuşacağı günün çatdığını başa düşür. Gecə-gündüz bilmədən çalışır, bəstəkarlığı bir yana, deyirlər, dövrünün ən savadlı musiqi nəzəriyyəçilərindən biriymiş. Dövrünün ən məşhur bəstəkarlarına, hətta Bethovenə belə müəllimlik edib. Elə Motsart özü də onu müəllim adlandırırmış. Ancaq adı həmişə Motsartın düşməni kimi çəkilir. Hətta, Puşkinə görə, bu dələduz onu zəhərləyib də. Nə bilim, aralarda bir "maskarad" məsələsi, "Rekviyem" hadisəsi də nəql olunur. Əlqərəz, hara baxırsansa, bax, yazılı mənbələrdə yer almış Motsart-Salyeri rəvayətlərinin sonu bir məqama yetişir: Motsartın ölümünə baiskar Salyeridir!
Deyirlər, tarix amansızdır. Ancaq bəzən bu amansızlıq bütün heybəti ilə özünü yalançı əfsanə, nağıl, şişirtmə yükünün üstünə salır və beləcə, yüzillərin arxasından bu amansız tarix amansız yalan yükündən savayı heç nə daşımır. Məhz Motsart-Salyeri rəvayəti kimi. Salyeri Motsartla niyə düşmən olsun, niyə onu zəhərləsin ki? Əslində, biz bu rəvayətdə Motsart-Salyeri düşmənçiliyini yox, dahiliklə zəhmətin, ilahi payı ilə bəşər yanğısının, nikahı göylərdə kəsilən məhəbbət sahibi ilə Allahın izni olmadan sevgilisinə qovuşmaq istəyən məşuqun savaşını görməliyik. Bu, Allah elçisi ilə Allah bəndəsinin vuruşundan başqa bir şey deyil.
Bunlardan birincisi Motsart, ikincisi Salyeri idi.
Musiqi kimi gözəl məşuqə ilə nikahı göylərdə kəsilən, Allahın insanlara elçisi olan dahi Motsarta qarşı bir zavallı bəşər övladı durur. Onun adı Salyeri idi!
Motsart üçün Salyeri nə qədər uzaqdaydısa, Salyeri üçün də Motsartla döyüşmək bir o qədər mənasız idi. Əslində, Salyeri musiqi yanğısını, sevmək, başa düşmək, duymaq hissini ona, yaratmaq, sevdiyindən həzz almaq, musiqi kimi gözəl məşuqənin ağuşunda dincəlmək bacarığını, dahiliyini bu sərsəm və ədəbsiz "uşaqcığaz"a verən Yaradana asi idi. Zavallı Salyeri Tanrısına yalnız bir sual ünvanlayır: "Mənə dahilik vermirdinsə, bu yanğı nəyə gərək idi?"
Motsart musiqini Salyeri kimi sevmirdi, heç sevə də bilməzdi, çünki o, elə bu ilahi verginin Adəm cisminə salınmış bir forması idi, o elə musiqinin özü idi. Motsart musiqiylə şıltaq məşuqə ilə əylənən kimi əylənirdi. Bəli, bəli, bu yaramaz cavan, Tanrının bəlası və dahisi musiqi ilə əylənirdi, özü də çox sırtıqcasına, ədəbsizcəsinə. Salyerinin gözləri qarşısında onun illərlə yetmək istədiyi gözəl məşuqə dahi Motsartın oynaq, rəvan notlarının diktəsi şövqlə özünün əzəmətli rəqsini oynayırdı. Salyerinin yetmək üçün illərlə arzusunda olduğu, ona daima əlçatmaz kimi görünən bu "musiqi" adlı işvəkar gözəl, Motsartın şıltaq dühasının hökmü ilə alçalmış və təhqir edilmiş küçə fahişəsi kimi oyur-oyur oynayırdı. Bu idimi zavallı Salyerinin gecəli-gündüzlü zəhmət hesabına, əzab-əziyyətlə qazandığı savadın, biliyin Yaradan tərəfindən mükafatlandırılması? Hər kəs Salyeri və Motsart hekayətinə ancaq dar çərçivədən baxmağa üstünlük verir. Tənqidçilər, tarixçilər, araşdırmaçılar birağızdan Motsartı öldürmüş qoca Salyeri rəvayətindən başqa heç nə danışmırlar. Onları qınamaq olmur. Çünki tarix heç vaxt mürəkkəbliyi sevməyib, özü də illah, hansısa dahi ilə adinin hekayətini nəql edərkən. Di gəl elə məqamlar var ki, aydınlaşdırmaq üçün məsələ ilə bağlı söylənənlərdən, ayrı-ayrı insanların münasibətlərindən daha çox mahiyyətə nəzər salmaqdan başqa çıxış yolu qalmadığını başa düşürsən. Motsart - Salyeri məsələsi də istisna deyil. Burada da Salyeri və Motsart münasibətindən daha çox onların hər birinin mahiyyəti üzrə xarakterlərinin açılmasına üstünlük verməyimiz lazımdır.
Məsələn, bir qədər dərinə enəndə, daha doğrusu, Motsart musiqisinin mahiyyətinə varanda, çox şeylər əyan olur. Bəli, Motsart musiqisi 18-ci əsr Avropasının sifətidir. Bir şeyi də unutmaq lazım deyil ki, Volfanq 7 yaşından müxtəlif sarayların dəhlizlərində o yan-bu yana qaçır, böyük-böyük rəsmilərin, onların nazlı xanımlarının qarşısında konsertlər verirdi. Bu baxımdan, Motsartın bütün yaradıcılığı boyu əsərlərində kədərdən, faciədən, daha çox şən əhval-ruhiyyə, əyanların saray oyunbazlığının notları, çılpaq çiyinli xanımların və onların dəbbələk ərlərinin zövqləri duyulur. Axı, saray bunu tələb edirdi! Belə olan halda, təbii ki, sənin ən kədərli "minor"un "Merkuri"dən o yana keçə bilməzdi: həzin və sentimental, bir qədər də nostalji xatirələr oyadan əsər!
Motsart dünya tarixində ölümdən, o biri dünyadan, qiyamət günündən ən çox qorxan sənətkardır. Onun əsərlərində bircə not da olsa belə, bizə ölüm haqda heç nə xatırlatmır. Bu "Tanrı cocuğu" Allahdan verilən dahilik qisməti ilə həmişə özünü göyün yeddinci qatında hiss edirdi. Və günlərin birində «hökmdar atasının saray hasarları arasından sıyrılıb çıxan Budda kimi» özünün amansız dünyanın güclü pəncələri altında əzildiyini hiss edəndə, hər şey dəyişir, hər şey alt-üst olur. Tarixin ironiyasına bax ki, Tanrı elçisi dahi Motsart Tanrıya layiq sınaqlarla deyil, adi, ən cılız bəşər övladına xas olan çətinliklərlə imtahana çəkilir. Romen Rollan yazırdı ki, rəiyyət Bethoven, hətta qoca Bax belə, Motsartdan varlı idilər. Bu da bir ironiya idi ki, Motsart dahiliyinin bəhrəsini yalnız üzləşdiyi məişət problemləri, ailə qayğıları, üstünə yığılan borclardan yaxa qurtarmaq üçün sifarişlə yazdığı əsərlərində görürdü. Həyat amansızlaşdıqca, Motsart dahiliyi ilə Motsart insanlığı biri-birinə yaxınlaşırdı. Həyat amansızlaşdıqca, Motsart musiqisinə yeni notlar əlavə olunurdu və yeni notlarda artıq İlahi paydan, İlahi məqamındakı havalardan daha çox, həyatın, deməli həm də ölümün qoxusu gəlirdi. Get-gedə Motsart musiqisi məsum mələklərin himayəsindən çıxır və qoca İblisin sonsuz, qüdrətli hakimiyyəti altına keçirdi. Məhz buna görə də Motsartın yaradıcılığını izləyərkən özünəməxsus bir inkişaf (bəlkə də tənəzzül?) müşahidə etməli oluruq. İllər keçdikcə, əsərlərdə ağrılı notlar çoxalır, şən və oynaq Motsart daha çox «minorlar»a üstünlük verir.
Beləcə, dahi Motsartla adi bəşər övladı Motsartın birləşməsi baş verir. Nəhayət...
Nəhayət, dünya musiqisinin şah əsəri, tarixdə ölüm və həyat haqda yazılmış ən gözəl musiqi meydana çıxır və bu əsərlə «Tanrı cocuğu» Motsartın İnsan Motsarta təslim olması başa çatır: «Rekviyem» yazılır!
Bu əsər başdan-başa qorxu üzərində bərqərardır. Burada Kainatın böyüklüyü, göylərin ənginliyi qarşısında İnsanın qorxusu ifadə olunub. Burada Tanrıya məhəbbətdən, Tanrıya duadan daha çox, İblisə yalvarış, onun hökmdarlığından qurtuluşa canatım duyulur. «Rekviyem» Motsart yaradıcılığında zəhmətin dahilik, İblisin Mələk, İnsanın Tanrı və onun «cocuğu» üzərində qələbəsi idi. Və bu qələbə əslində, tarixdə müxtəlif yaradıcı adamlar tərəfindən uydurulmuş «Salyeri xəyanəti»nin dillərə düşməsinə rəvac vermiş oldu. Əslində, Salyeri hər bir yaradıcı adama məhz bu mahiyyəti, bu fəlsəfi məqamı açmaq üçün göydəndüşmə bir obraz idi. Doğrudan da, Salyeri bütün keyfiyyətləri ilə Motsarta daban-dabana zidd olan bir obraz olduğu üçün ona qalib gələn xüsusiyyətlərin də daşıyıcısıydı: Salyeri adi, Motsart dahi; Salyeri Tanrıya, Tanrı da ona asi, Motsart isə Tanrının sevimlisi; Salyeri zəhmətkeş, Motsart İlahidən pay almış bəxtəvər... Beləcə, aydın olur ki, Motsartın qətlinə fərman verən Salyeri deyil, Salyerinin məxsus olduğu keyfiyyətlərmiş…
Motsart ömrünün sonlarında Dahidən dönüb əsl İnsan oldu. Ancaq Tanrı özünün sevimli «cocuğu»nu birtəhər də olsa, İblisin əlindən ala bildi. İnsan Motsartın "Rekviyem"i yarımçıq qaldı. Beləcə, Tanrı onun ruhunun tam oğurlanmasına imkan vermədi…
…Tanrı xatirinə, Salyeri - Motsart düşmənçiliyindən yox, həmişə İblis - Tanrı, Dahilik - Zəhmət və Tanrının seçdiyi ilə Adi İnsanın əbədi, əzəli savaşından bəhs edin. O zaman «Salyeri Motsartı niyə zəhərlədi» sualına da birdəfəlik cavab tapacaqsınız...
İlham TUMAS
[email protected]

1849