Ramiz Rövşən deyərdi: “Mən sonuncu kentavram...” – VİRTUAL MÜSAHİBƏ
10 yanvar 2011 10:55 (UTC +04:00)

Ramiz Rövşən deyərdi: “Mən sonuncu kentavram...” – VİRTUAL MÜSAHİBƏ

Redaktordan: «Virtual müsahibə» məşhur, istedadlı, parlaq və maraqlı maneraları olan, lakin mətbuata, ictimaiyyətə açıq olmayan insanlarla virtual söhbətlərdən ibarətdir. Əlimiz çatmayan adamlardan soruşmaq istədiklərimizi özümüzdən soruşuruq və nəzərdə tutulan müsahibimizin əvəzinə özümüz cavab veririk. Cavab verəndə həmsöhbət qismində görmək istədiyimiz insanların danışıq tərzini, ahəngini saxlayırıq. Müsahibimizin əvəzindən özümüzə ondan gözlədiyimiz cavabları veririk.
Əvvəlcədən xahiş edirik ki, nə virtual müsahibədə özünü görən insanlar, nə də başqaları buna qərəzli, kinayəli bir şey kimi baxmasınlar. Bunu xoşməramlı bir dost zarafatı kimi də qəbul etmək olar. Həm də ki, yazılı parodiya elementləri olan bu layihə jurnalistikadan daha çox ədəbiyyata yaxın bir şeydir və «virtual müsahibə»ni yazmağı da ədəbiyyata dəxli olan adamlara həvalə edirik. Qeyd edək ki, «virtual müsahibə»ni həmişə eyni adam yazmayacaq. Ədəbiyyat, mətbuat adamları könüllü olaraq danışıq, düşüncə tərzini parodiya edə biləcəkləri məşhur şəxslə virtual söhbətlərini bizə təqdim edə bilərlər. Söhbət maraqlı, oxunaqlı olduğu təqdirdə məmnuniyyətlə saytımıza yerləşdirə bilərik.

İlk “müsahibimiz” isə şair Ramiz Rövşəndir.

- Ramiz müəllim, ilk sualım belədir: şeir nədir?

- Şeir – görünməzliklərin görünən üzüdür. Allah görünmür, amma biz allahı görməyə cəhd edirik, bax, bü cəhdimiz – şeirdir. Gözəl qadın görürük, o qadının bədəni paltarın altında gizlənib. Biz o paltarın altını görmək istəyirik, bax, bu cəhdimiz-şeirdir. Yəni görünməzlikləri görmək cəhdi şeirdir. Mən bu sualdan bir keçid eləmək istəyirəm. Bu günki gənclər o qədər çirkin, o qədər tərbiyəsiz, o qədər murdar şeylər gətiriblər ki ədəbiyyata, şeir öz əvvəlki missiyasını itirib. Şeirin əvvəlki missiyasını qaytarmaq üçün ədəbiyyatın təzədən kentavrların, dinozavrların yaşadığı dövrə qayıtması lazımdır.

- Yəni təxminən hansı əsrlərə?

- İndi mən gərək, onu Qoqoldan tapıb, sizə deyim, çünki heç özüm də bilmirəm. Bilirsiniz, mən özüm o əsri xatırlamıram. Amma o əsri xatırladıram. Bütün varlığımla dinozavrların, kentavrların yaşadığı əsri, dövrü xatırladıram.

- Buyurun, Ramiz müəllim, bu sizin haqqınızdır. Yeri gəlmişkən, sizə bir sual verim, Ramiz müəllim, «Mən kentavram» iddianızın kökündə nə dayanır? Siz niyə kentavr olmaq istəyirsiniz ki?

- Soruşursunuz ki, mən niyə kentavram? Mənim içim, içimdəki dünya o qədər böyük, o qədər nəhəngdi ki, o nəhəngliyi insan ölçüsünə sığışdırmaq mümkün deyil. Mən görəndə ki içimdəki nəhəngliyi insan cisminə sığışdıra bilmirəm, onda başa düşdüm ki, mən kentavram. Bu, bioloji mənada deyil, ruhi mənada, mənəvi mənada bir kentavrlıqdı. Ruhi-mənəvi mənada bir əjdahalıqdı. Ruhi-mənəvi mənada nəhənglikdi. Yeri gəlmişkən, siz mənə baxanda kentavr görürsünüz?

- Yox.

- Amma mən sonuncu kentavram. Yadınıza salın, kentavrlar harda yaşayırdılar...

- Yadıma gəlmir, Ramiz müəllim...

- Nəsə çox böyük ərazilərdə yaşayırdılar də, hər halda. Yəni biz-şair kentavrlar da ruhi-mənəvi mənada elə nəhəng bir ərazidə yaşayırıq ki, bizim ruhi vətənimiz o qədər nəhəngdi ki, orada qarışqalara, quşlara, hətta şirlərə-pələnglərə belə yer yoxdur.

- Sözünüzü gülnən kəsim, Ramiz müəllim...

- Bu arada bir qeyd eləyim ki, mən gənclərə nifrət eləyirəm!

- Əcəb eləyirsiz, Ramiz müəllim, bu, sizin haqqınızdır. Mənsə sizə mənəviyyatınızın coğrafiyası ilə bağlı bir sual vermək istəyirəm. Sizin mənəvi məkanınızda zəlzələlər nə zaman baş verir və siz bu zəlzələləri hansı şkala ilə ölçürsünüz?

- Təbii ki, Rixter şklası ilə ölçmürəm...mən sözün içinə enəndə o mənəvi ərazidə bir tərpəniş, bir zəlzələ hiss eləyirəm.

- Söz sizin içinizə enəndə, yoxsa siz sözün içinə enəndə?

- Mən sözün içinə enəndə! Axı mən sözün böyründə-başında fırlanmıram, mən birbaşa sözün içinə enirəm. O zaman orada bir titrəyiş baş verir. Və bu, təbiidir. Biri var suya balaca bir balıq, məsələn Rasim Qaraca (adını da çəkmək istəmirdim, ta nəsə çəkdim də) baş vura, biri də var, suya balina baş vura. Bax, o balina Ramiz Rövşəndir. Ramiz Rövşən sözün içinə dalanda, baş vuranda orada bir zəlzələ, bir titrəyiş var. O ki qaldı, necə ölçməyə, mən bu zəlzələni Allahın şkalası ilə ölçürəm. Allahın şkalası ilə Ramiz Rövşən ədəbiyyatda on ballıq, on bir ballıq bir zəlzələ yaratmaq gücünə qadir olan şairdir.

- Ramiz müəllim, sözün içinə dalıb, ədəbiyyatda, öz mənəvi məkanında zəlzələ yaradan Ramiz Rövşənin nə vaxtsa sözdə boğulmaq təhlükəsi yoxdurmu?

- Mən bir konkretləşdirmə eləyim: bu, Ramiz Rövşənin mənəvi ərazisi deyil, Allahın mənəvi ərazisidi. Böyük ədəbiyyat mənasında götürəndə, biz Allahın mənəvi ərazisində yaşayırıq. O ki qaldı boğulmağa, mən böyük nəfəs sahibiyəm. Mənim şeirlərimə baxın, nəfəs nə qədər böyükdü, nə qədər genişdi, nə qədər ləngərlidi! O nəfəsnən sözün içinə dalanda istədiyin qədər sözün içində qala bilərsən. Və əgər «sözə dalma» olimpiadaları keçirilsə, o sözün altında ən çox qalan şair, şübhəsiz, Ramiz Rövşən olacaq.

- Bəs, sözün altından ən tez çıxan şair kim olacaq?

- Zəlimxan Yaqub.

- Üzünə deyə bilərsiniz?

- Mən bunu heç sizin üzünüzə deyə bilmərəm, o ki, qaldı Zəlimxan Yaqub ola... Bilirsiz, mən sizə bir şey deyim.

-Bilirəm, siz gənclərə nifrət edirsiniz.

- O öz yerində, amma mən indi başqa şey deyəcəkdim. O zaman ki mən göy üzünə nələrsə pıçıldayıram, o zaman Allah məni dinləyir. Bilirsiniz, mən şeiri kağıza, kompüterə yazmıram, göy üzünə yazıram. Əslində əsl şair də elə belə olmalıdır, şeiri göy üzünə yazmalıdır. Mənim dediklərimdən belə çıxmasın ki, Ramiz Rövşən allahsızdır. Allaha bir az geniş mənada baxmaq lazımdır. Allah, allahsızların allahıdır. Allah insanları deyil, onunla danışanları sevir.

- Allahın sizin şeirlərinizi bəyənib-bəyənmədiyni necə müəyyənləşdirirsiniz?

- Əgər bu gün Ramiz Rövşənin nəfəsi gedib-gəlirsə, bu, o deməkdir ki, Allah hələ də Ramiz Rövşənə ehtiyac duyur. Ümumiyyətlə, Allahın yaxşı, işıqlı bəndələrin nəfəsinə ehtiyacı var. Yaxşı bəndələr nəfəs alanda, Allah nəfəs alır. Mən bunu «Nəfəs» şeirində yazmışam. Əslində pis bəndələr ona görə var ki, Allah yaxşı bəndələrin nəfəsi ilə, o pis bəndələrin nəfəsini üzərindən atır. Mənim qaramat insanlardan zəhləm gedir...

- Yeri gəlmişkən, Ramiz müəllim, üzünüzə demək olmasın, sizdə bir damcı da olsun, qaramat yoxdur. Siz çox işıqlısınız...

- Bunu mənə tez-tez deyirlər. Ümumiyyətlə, mənim imzamda bir işıq, bir nur var. Bu ilahi vəhdətdir. Mən ümumiyyətlə, ölümü, qəbiri-filanı da işıqlı şeylər kimi yazıram. Axı qaranlıqda da bir işıq var. Qaranlığın öz işığı var. Və qaranlığın işığı həmişə məhz işıqlı adamların üzündə təcəlla edir. Bir şey deyim: mən, düzdü, Nazim Hikməti sevirəm, belə də, normal şairdir. O deyir ki, «sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa?». Amma qaranlığı aydınlığa çıxartmaq lazım deyil! Qaranlıqlardakı aydınlığı görmək lazımdır! Nazim Hikmətin Ramiz Rövşəndən zəifliyi nədədir? O qaranlıqları aydınlığa çıxartmaq istəyir, xilası bunda görür, amma Ramiz Rövşən qaranlıqdakı aydınlığı görür. Və o aydınlıq əslində qaranlığın görünməzliyinin görünən tərəfidir.

- Ramiz müəllim, siz özünüzə tez-tez sual verirsiniz? Və verirsinizsə, hansı sualları verirsiniz?

- O suallardan birini indi deyəcəm, amma bu sual adətən özümə verdiyim iri miqyaslı suallardan deyil. Mən hər səhər özümə sual verirəm ki: «Ramiz Rövşən, ən çox kimə nifrət eləyirsən?». Onda özümdən özümə cavab gəlir ki, mən ən çox gənclərə nifrət eləyirəm. Təbii, bu, əhəmiyyətsiz sualdır. O ki qaldı Ramiz Rövşən miqyasında olan suallara, elə suallar çoxdur. Məsələn, sual verirəm ki, niyə həmişə biz Allaha inanmalıyıq? Niyə bir dəfə də Allah bizə inanmır? Allah niyə göydədir? Bu sualın cavabını tapan gün Ramiz Rövşən dünyanın bütün sirli qapılarının o üzündəki sirri tapmış olacaq. Bu, artıq ədəbiyyatın son həddidir. Və dahilik də əslində budur.

Vaqif Səmədoğlu, düzdü siz deyən yaxşı şair deyil, amma bir məsələdə məni qabaqlayaraq deyib ki «Millət, dövlət zirvəsindən insana enmək vaxtıdır». Mən bu fikri redaktə edirəm. Məsələn, mən özümü heç vaxt insanlardan yuxarıda tutmuram. İndi düzdü, «mən kentavram» demişəm, amma onu elə-belə demişəm. Əslində mənim bütün yaradıcılığımın kökündə bu sual dayanır: Nə yaxşı göydədi allah!? Mən yaradıcılığım boyu Allahdan bu suala cavab almaq istəmişəm. Bu, mənim yaradıcılığımın sualdır.

- Bəs, özünüzə nə vaxtsa sual vermisiniz ki, Ramiz Rövşən, sən niyə yazırsan?

- Mən bu sualı bir-iki dəfə özümə vermək istəmişəm, amma fikirləşmişəm ki, özümə belə bir sual verməyim böyük həyasızlıq və utanmazlıq olardı.

- Niyə?

- Çünki Ramiz Rövşən yazmaya bilməz! Bu mənim Allah qarşısındakı məcburiyyətimdir. Allah yazmaq üçün mənə nəhəng gövdə və o gövdə nəhəngliyində istedad verib.

- Məncə, istedadınız haqda çox yüksək fikirdəsiniz...

- Mən sənin haqqında eşitmişəm, qızım, deyirlər belə qırmızı-qırmızı suallar verirsən. Amma indi özünü yığışdır, mən də qayıdıb bir ağır söz deyərəm, cavan qızsan, yaxşı düşməz. Yeri gəlmişkən, mən elə buna görə gənclərə nifrət eləyirəm. Hər insan öz istedadına, öz mənəvi ölçüsünə görə fərqlidir. Mənim ruhi-mənəvi göstəricilərim istər-istəməz məni kentavr olmağa məcbur edir. Siz bunu qəbul etsəniz də, etməsəniz də...hə, bayaqkı söhbətim yarımçıq qaldı. Mən insanlardan danışırdım axı. Biz bəzən yazdıqlarımızın deyil, yazmadıqlarımızın şairiyik. Bəzən bizi yazdıqlarımız deyil, yazmadıqlarımız məşhurlaşdırır. Bəzən yazdıqlarımız deyil, yazmadıqlarımız başqalarını təsirləndirir. Heyvanlar da belədir. Heyvanlar yazmırlar. Amma onlar yazmadıqları ilə yaşadıqları coğrafiyanı gözəlləşdirirlər. İnsanın heyvandan bir üstünlüyü var ki, o yaza və yazmaya bilir. Yaza bildiyi və yaza bilmədikləri var. Yazmaq, yoxsa yazmamaq seçimi var.

- Sizcə, heyvanların yazmaq, yoxsa yazmamaq seçimi olsaydı, ən gözəl şeirləri hansı heyvanlar yazardı?

- Məncə, kentavrlar yazardı...

- Bəs, ən pis şeirləri hansı heyvan yazardı?

- Məmməd Aslan təcrübəsindən çıxış edərək deyə bilərəm ki, ən pis şeirləri şirlər yazardı... bilirsiniz, mən bir az insan haqda danışmaq istəyirəm. Mən insanları çox sevirəm. Mən hətta qrip olanda havanın soyuqluğundan deyil, insanların soyuqluğundan qrip oluram. Mənim içimdə dəhşətli bir insan sevgisi var. İnsanın yaşamaq, yaratmaq ehtirası məni həmişə heyrətləndirir. Həyat, yaşam, mübarizə, inqilab, işıq... mən bəzən insanların qatili obrazında çıxış edən Əzrayıla bir bəraət qazandırıram. O qədər murdar insan var ki, Əzrayılı qınamaq olmur. Məsələn, bir dəstə gənc var, onlar nə qədər əxlaqsızdılar! Yeri gəlmişkən, mən onlara nifrət eləyirəm! Onların yaradılışında bir ilahi səhv olub. Amma bu səhvi redaktə eləmək olmur...

- Sizin səhvlərdən fərqli olaraq...

- Mənim şeirlərimdə səhvlər yoxdur, sadəlövhlüklər var. Ramiz Rövşənin insana böyük etibarı, böyük inamı var. O inamın sonunda da bir pərişanlıq var. İnsana ilahi bir varlıq kimi baxırsan, amma sonra görürsən insanların arasında danışığını bilməyən, yazdığını bilməyən bir sürü murdar, avara gənclər var. Bu, insana qarşı sevgidə bir yanılmadır. Buna baxmayaraq, mən insana həmişə bir qibtə hissi ilə yanaşıram. Mən həmişə sevinirəm ki, nə yaxşı mən insan kimi doğulmuşam. Baxmayaraq ki, mən kentavr kimi doğulsam da, çox xoşbəxt olardım və Ramiz Rövşən olardım. Amma insan kimi doğulmağın xoşbəxtliyi bir başqadır.

- Nədədir bu xoşbəxtlik?

- Baxın, insandan başqa kimin qəbri var?! Qəbir, başdaşı, qəbirüstü yazılar... belə xoşbəxtlik təkcə insana verilib. Yalnız insanın qəbri damır! Buna görə də insan insan olmağının qədrini bilməlidir! Və biz dünyaya əslində bir ana bətnindən deyil, bir ana qəbrindən gəldiyimizi anlamalıyıq. İnsanın doğuluşunda da bir ölüm hadisəsi var. Yəni hələ bilmək olmaz biz ana bətnində daha xoşbəxt idik, yoxsa bu dünyada xoşbəxtik?

- Ümumiyyətlə, sizin şeirlərinizi oxuyandan sonra mən bu qərara gəlmişəm ki, insan ən çox qəbirdə xoşbəxt ola bilər...

- Ramiz Rövşənin böyüklüyü elə bundadır ki, o ilahi bir xəbərçidir. Mən özümü bir ilahi informasiya agentliyi hesab edirəm. Ramiz Rövşən allahın hüzurundan, o dünyadan ilahi informasiya gətirməklə məşğuldur.

- Sizin xəbərlərdən istifadə edəndə istinad etmək vacibdir?

- Mən onsuz da o xəbərlərin içindəyəm. Hə, qəbir söhbətinə qayıdaq. Qəbirdəki həyat, qəbirdəki xoşbəxtlik, qəbirdəki gözəllik – bunlar dəqiqdir. Mən bütün insanları ölməyə səsləyirəm. Çünki insanın bir qəbir xoşbəxtliyi var. Əslində biz özümüz dünya boyda bir qəbirdə yaşayırıq. Dünya özü də böyük bir qəbirdir.

- Özü də yəqin ki, qardaş məzarıdır...

- Görürsünüz, mən həmişə demişəm, Ramiz Rövşən nəfəsi, Ramiz Rövşən intonasiyası yoluxucudur. Epidemiyadır. Ona yoluxmamaq mümkün deyil. biz cəmi on beş dəqiqədir ki, söhbət edirik, amma sən artıq o epidemiyaya yoluxmusan. Bu, o deməkdir ki, dünyadakı ən böyük həqiqətləri Ramiz Rövşən ya dili ilə, ya da şeiri ilə deyir. Sizə bir şey deyim...

- Bilirəm, siz gənclərə nifrət eləyirsiniz...

- Təbii ki, mən gənclərə nifrət eləyirəm, amma indi başqa şey deyəcəkdim. Mən insanın dünyaya uşaq kimi gəlməyinin əleyhinəyəm. Biz dünyaya qoca kimi gəlsəydik, nə gözəl olardı! İnsanın qocalığı bir ağıl, bir təcrübə, bir müdriklik göstəricisidir. Və ən əsası qəbirə daha yaxındır. Ölümə daha yaxındır! Buna görə də mən Allahın insanı yaratma üslubunda bir naqislik görürəm. İnsanı dünyaya uşaq kimi deyil, qoca kimi gətirmək lazımdır. Mən həmişə nə vaxt qocalacağımı səbirsizliklə gözləmişəm.

- Ümumiyyətlə, sizin nə vaxtsa uşaq və ya gənc olduğunuzu təsəvvür etmək mümkün deyil...

- Mən buna çox sevinirəm. Mən uşaq ölümündən çox şeirlər yazmışam. Ölüm və həyat medalın iki üzüdür. Amma mən medalın hər iki üzündə ölümü görürəm. Oturub fikirləşirəm ki, insan ölü doğulsa və ölü doğularaq yaşasa bəlkə həyat indikindən daha gözəl olar? Bəlkə qəbirlər daha dərin olsa...onu da deyim ki, mənə elə gəlir, biz qəbirləri çox dayaz qazırıq. İnsanın istedadı, ağlı dayaz ola bilər, bunun elə bir qorxusu yoxdur. İnsanın qəbri dərin olmalıdır. İnsan qəbri torpağın dərinliyinə işləməlidir. Mənim dünyaya yenidən gəlmək istəyən insanlara yazığım gəlir. Mən bir şeylə təsəlli tapıram. Həyat bizim ölümümüzdə kiçik bir pauzadır. Bizim həyatımız uzun deyil, ölümümüz uzundur. Və xoşbəxt insan odur ki, ömrü yox, ölümü uzundur!

Söhbətləşdi: Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046

Oxşar yazılar