Təranə Vəlizadə: “Deyirdi başqa yerdən övlad gətirsəydin, yenə də sevərdim” - MÜSAHİBƏ
04 noyabr 2010 18:42 (UTC +04:00)

Təranə Vəlizadə: “Deyirdi başqa yerdən övlad gətirsəydin, yenə də sevərdim” - MÜSAHİBƏ

- Yenidən yaradıcılıq işləri ilə məşğulsunuz, Sizin nəsildən olan müğənnilər artıq bir qədər geri çəkiliblər. Yaradıcı adamlar həssas olurlar, gah səhnəyə gəlir, gah bir müddət görünmürlər.

- Bilirsiniz, hər şey pula bağlıdır. Real qəbul etmək lazımdır. Buğa bürcündənəm, arxaya çəkilən deyiləm. Səviyyəmi saxlayıb, bəzilərinin səviyyəsinə enməmək üçün geri çəkilirəm. Qalmaqallar üçün qorumamışam “planka”mı. Elə müğənnilər var ki, qalmaqal edib ortaya çıxır, sonra deyirlər ki, yaşlılar gənclərə badalaq qurur, mən onu qəbul edə bilmirəm.

- Lakin abır-həya qorumaq xətrinə geri çəkiləndə sənəti və yaradıcılığı da istər-istəməz geri çəkirsiniz, meydan boş qalır, o “bəziləri”nə də fürsət yaranır.

- Mən geri çəkilməmişəm axı, o qədər mötəbər yerlər, tədbirlər var ki, oralara qatılıram. Sadəcə öyrənməmişəm, pul verib efirə çıxam.

- Sizdən pul istəyirlər?

- Yox, istəmirlər. Amma pul verənləri ekranda beş dəfə göstərəndə, məni bir dəfə göstərirlər. Elə şeylər var ki, pulla həll olunmur. Düzdü, hamıya pul lazımdır. Mən “pulsuzam” demirəm, toylara da gedirəm. Yoldaşım sağ olanda hər toya getmirdim. Tək qalandan sonra getdim, qızım var idi, ev-eşik, təsərrüfat mənimlə bağlı idi.
O vaxt bizə yaxşı pul verirdilər. Qastrollardan yaxşı gəlirimiz olurdu. Məhsul bayramlarından, əlavə konsertlərdə pul alırdıq. Bunların hamısından çox gözəl təminatımız var idi. O pulla istədiyimiz kimi dolanırdıq.
Xoşbəxt müğənniyəm ki, o vaxt yaşadım. Azərbaycanı xaricdə tərənnüm etdim. İsveçdə, İspaniyada, İngiltərədə, Türkiyədə demək olar ki, Avropanı, Asiyanı qarış-qarış gəzdim. Bütün korifey sənətkarlarla çalışmışam.

- Səfərlərdən, xoşbəxt yaradıcılıq fəaliyyətindən danışdınız. Təbii ki, bu, sənətçi üçün xoşbəxt yaradıcılıq dövrüdür, mötəbər tədbirlərlə iştirakdan başqa tamaşaçılar sizdən yaradıcılıq yenilikləri də gözləyir.

- Mən səhnədən çəkildim, lakin yenidən gəldim. Bir neçə il öncə “Tənha qadın” mahnısını oxudum. Sonra bəşəri mahnılar yazdırdım. Sonra yenə sakitlik çökdü. Bilirsiniz, bunun hiss olunmadığı bəlkə güclü təbliğat etməməyimlə bağlıdır.

Heç vaxt özüm haqda deməyi xoşlamıram. Bilirsiniz, bağırmaq nəyə lazımdır? Vallah, təvazökarlıqdan uzaq çıxmasın, illərlə telekanala çıxmasam da hamı tanıyır. Bəlkə də gündəmdə olanlar belə sevilmir.

- Bununla da qane olmusunuz?

- Qane olmuram. Yaradıcılıq həvəsim sönmür, ölmür. Adım Təranədir, “təranə” - nəğmə, musiqi deməkdir. Hər insan doğulanda bir missiya ilə dünyaya gəlir. O missiya onun adındadır. Ona görə mən oxumalıyam.

- Hazırda klip çəkdirmisiniz, motiv etibarilə klipin təbliğatı vacibdir...

- Bu təkcə mənim klipim deyil. Bu bir haraydır. Azərbaycan vətəndaşlarının harayıdır. “Sarı gəlin” musiqisini başqa xalqlar mənimsəyir, öz adlarına çıxırlar. Mən çox yandım...

- ...bu heç nəyi dəyişmir, kommersiya kanalı kommersiya siyasətini davam etdirəcək.

- Yox, yayımlayacaqlar. Bir də, sağ olsun Novruz Aslanov, bu gözəl əsəri mənə bağışladı. Mahnının sözləri şairə Gülnar Hüseynovaya aiddir. Novruz müəllimə müraciət etdim, təklifimi qəbul etdi. O nəinki yaradıcı adamdır, filosofdur, vətənpərvərdir. Mən riqqətə gəldim. Bu adamda nə boyda yaradıcı potensial var. Vüqar Camalzadə, Nail Naiboğlu, şairə Gülnar Hüseynova, balabançalan qardaşımız, klipimdə oynayan rəqqasə Oksana sağ olsun! Ən çox əziyyəti Novruz müəllim çəkib.

- Heç nəyə baxmayaraq, razılıqla danışırsınız. Hər şeyə şükür edirsiniz. Bütövlüklə analiz etsək, sənətçi kimi yaşadığınız taledən razısınız?

- İnsan xoşbəxtliyə öyrənməlidir. Söhbətin əvvəlindən dedim, realistəm, hər şeyi olduğu kimi qəbul edə bilirəm. Heç nəyə həyatda təəccüblənmirəm. Olubsa, belədir. Daha vay-şivən qaldıra bilmərəm. Qəlb ağrılarım, yanğılarım mahnılarımda yaşanır.

- Yadımdadır, uşaq ikən Sizi ekranda görəndə, atam-anam həmişə deyirdi, bu cür gözəl qadın niyə bu taleyi yaşamalı olub? Allah rəhmət eləsin, Siz həmişə həyat yoldaşınızla xatırlanırdınız...

- Buğalar nikbindirlər. Lakin bir qərara gələnədək çox çək-çevir edirlər...

- Deyirsiniz realistəm. Niyə həyatı real qəbul edib ailə qurmadınız?

- Mən konservatoram axı. Yeniliyi qəbul etsəm də qəlbimin dərinliyində “odnolyub”am. Emosiyalarımı boş-boşuna sərf edə bilmirəm. Sevirəmsə, sevirəm, sevmirəmsə, sevmirəm! Hər insanın daxilində atom zərrəciyi var. O bölünmür. Bölünsə, mən olmaram axı. Mən fiziki reaksiya edə bilərəm, şirin çayı qarışdırıram. İçimdəki MƏNi qorumuşam.

- Həyat davam edir, insanlar, təfəkkürlər dəyişir. Eyni düşüncə ilə yaşamaq da mümkün deyil axı.

- Mən kapri, şortik geyə bilmərəm. Amma müasirliyi sevirəm. İmicimi, musiqilərimi də dəyişirəm.

- Yox, taleyinizdən danışıram.

- Həyat insana başqa reallıqlar göstərir. Mənim o qədər sevgim var ki, başqa sevgiyə ehtiyac duymuram. Qızımın ailəsini, nəvəmi, yaxın dostlarımı sevirəm. Bacımı, bacımın balalarını, musiqini, evimi, xalqımı sevirəm. Əlimi ürəyimin üstünə qoyub deyirəm bu sözləri! Xaricə gedəndə elə məqam yox idi ki, mənə təklif etməsinlər ki, qal burda. Səhnəyə çıxanda izdiham ayağa qalxırdı. Yaraşıqlı idim. Səfərimin birində İsveç qəzeti yazmışdı ki, “Qafqazın sarışın gözəli Skandinaviya adasında köç edir”. Mənimlə bərabər o qədər oxuyan getmişdi ki, onlar barəsində belə gözəl sözlər yazılmamışdı.

- Nəticədə hamının baxdığı, gözəlliyinə məftun olduğu bu qadın təkliyi seçdi.

- İnanın mənə, gözəllər sadiqdirlər. Çirkin fikirləşir yanındakı daimi olmayacaq, qoy başqasına da göz atım. Gözəl deyir, onsuz da hamı məndən ötrü ölür, onsuz da alacaqlar...(Gülür)

- Sevginin gözəlini yaşamısınız, yoxsa sənətin?

- ...Hər ikisinin.

- Təklik çətinlik yaratmadı?

- Çox... elə vaxt olur, həftələr, elə vaxt olur aylarla. Yoldaşım sağ olanda mənəvi çətinliyim yox idi. Qaynanam çox dəstək verirdi. O məni bəlkə anamdan çox sevirdi. Televizora baxanda deyirdi, mənim kuklam oxuyur, Allah mənim ömrümdən kəsib ona versin. Bunu hansı qaynana deyir?

Mən də ona qız olmuşam. Demək çirkinlikdi, sağ əlin etdiyini gərək sol əl bilməsin. Nə sözümüz-söhbətimiz olub, evdə qalıb. Savadsız qadın idi. Amma aqil idi. Mənə deyirdi qaynın arvadı səni çox istəyir. Ona da gedib deyirdi Təranə səni çox istəyir... Mənə qaynım uşaqları bala olublar. İndiyə kimi məni analarından çox istəyirlər. Ən böyük dayağım, bacım, bacımın övladları, qızımın ailəsidir.

Bəstəkarlar da dostlarımın siyahısındadır. Bütün üzdə olan bəstəkarla işbirliyi qurmuşam. Sevdiyim bəstəkarlar Mobil Babayev, Sərdar Fərəcov, Nəriman Əzimov, Nəriman Məmmədov, Nüşabə Muradova, Sədaqət Arifqizi, Elza Seyidcahan, Elza İbrahimova, Ramiz Mirişli yaradıcılıqlarını ən gözəl nümunələrini mənə bəxş ediblər. Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Şəfiqə Axundova kimi ölməz bəstəkarlardan oxumuşam.
Mənim gözəl dostlarım rəfiqələrim var, onlar məmurlar, elm adamları və sadə insanlardır.

- Yəqin bu münasibətdən sonra ailə qurmaq arzusunda olmamısız.

- Mən ilk günlərdə onu çox sevməmişdim, bilirsiniz də Buğalar sevməkdən çox sevilməyə üstünlük verilər. Yoldaşım o qədər sevirdi ki, artıq sevgiyə ehtiyac yox idi. Deyirdi başqa yerdən övlad gətirsəydin, Allah göstərməsin, yenə də sevərdim. Eyvazı tanıyandan sonra daha çox sevməyə başladım.

- Necə tanış olmuşdunuz?

- Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda oxuyan vaxt... Mənim həyat yoldaşım kasıb ailənin oğlu idi. Mən isə kübar, imkanlı ailənin qızı idim. Evimiz “Araz” kinoteatrının üstündə, Fəvvarələr Meydanının yanında idi. Mən onu seçdim, sonra bərk alışdım. Daxili aləmi zəngin idi, fəlsəfi ağlı var idi. Universitetin filologiya fakültəsinin rus bölməsini bitirmişəm. Hərdən özüm də cızma-qara edirdim. Onun yazdıqlarını yanında yazılarımı gizlətdim. Qulaq asın:

Ölüm yaxşılara qıymayaydı kaş,
Zəhləm gedir onun qurd xislətindən
Bilsəydi ki, kimi aparır, qardaş.
Ölərdi ölüm də xəcalətindən...

- Probleminiz olanda kimə üz tutursunuz?

- Bacıma. Övladıma.

- Bu günədək təzyiq görmüsüz?

- Sözsüz! Mən də riyakarlıqla, dönüklüklə rastlaşmışam. Yenə dəyişməmişəm. O qədər güclü intuisiyam var ki, həm də astrologiyanı yaxşı bilirəm. Bu sənət mənlik deyil. İnsanlarla rəftarım asan olmaq üçün öyrənmişəm. O cür möhtəşəm sənətim var. İnkişaf etmiş Buğa Əqrəbə yaxındır. Buğayam axı, yola verməyi bacarıram. Əqrəbi yola verirdim. Heç vaxt öz üstünlüyümü göstərmirdim. Hər mənada təzyiq görmüşəm. Mənim qədər kölgəsi qamçılanan sənətkar olmayıb.

- Bu qadınlar olub, yoxsa kişilər?

- Qadınlar... kişilər də olub, lakin daha çox qadınlar... Bu sözün müəllifi özüməm: qadına düşmən qazandıran iki xüsusiyyəti var, biri onun gözəlliyi, digəri ləyaqətidir. Gözəlliyi sənə qadınlar keçə bilmir, ləyaqəti kişilər!
Tənhalığı azacıq da olsa sevirəm. Tənhalığın hər anında yeni bir ideya yaranır. Özümdən heç vaxt razı qalmamışam. Çox vaxt uşaqlar deyir bəsdir, bir az razılıq et! Bu mənim mənfi xüsusiyyətimdir. Başıma nə gəlirsə, özümü günahlandırıram. Pislik görəndə özümü günahlandırıram ki, anlaşılmazlıq olub.

- Gənclər arasında bəyəndiyiniz müğənni var?

- Bəzən yaşlı müğənnilər gəncləri günahlandırır. Mən Aygün Kazımovanı çox sevirəm. Həm şanson kimi, həm xasiyyətini, həm performansını... Röyanın, Aygün Bəylərin oxumağını çox sevirəm, Faiq Ağayev də çox istəyirəm. Bəzən onları çox qınayırlar, hər şeyin estetik tərəfinə fikir vermək lazımdır. Mən xaricdə olanda asıq-saçıq səhnələr, çılpaq xanımlar görmüşəm. Gördüklərim incəsənət idi, incəsənətin bütün növlərini sevirəm. Mütaliəni sevirəm, hər axşam oxumasam yata bilmərəm, bu ya qəzetlərdi, ya jurnallar, ya da poeziyadı.

Bir xanım müğənni oxuyanda ona estetik tərəfdən yanaşmaq lazımdır.

Qatı müsəlmanam, müsəlman oğullarıma deyə bilərəm ki, Qurani-Kərimdə oruc tutmaq niyə buyurub? Şəhvəti cilovlasın, gözəlliyə gözəlliklə yanaşmaq kimi baxsın. Heyvani duyğular baş qaldırmasın.
Qaldı özümə, özüm açıq-saçıq geyinməmişəm, geyinmərəm. Gözəlliyə tamaşa edərəm, özüm isə utanaram. Gizli qalmağı xoşlayıram. Mənim də dekoltem olub, indi də var, lakin qapalı olmağı daha çox sevirəm, gözəllik ondadır. Pünhanda ayrı gözəllik var...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4995

Oxşar yazılar