“İçəri Şəhər kimi Dünya İrs Siyahısına daxil edilən hər bir ərazi bu siyahıdan çıxarılma riski ilə üzləşə bilər” – MÜSAHİBƏ
22 oktyabr 2010 15:59 (UTC +04:00)

“İçəri Şəhər kimi Dünya İrs Siyahısına daxil edilən hər bir ərazi bu siyahıdan çıxarılma riski ilə üzləşə bilər” – MÜSAHİBƏ

- UNESCO dünya ölkələrinə qədim abidələrinin qorunması üçün hansı köməyi etməyə hazırlaşır?

- Dünya irsi əraziləri sayılan, xüsusilə dünya irsinə aid olan şəhərlərin idarə edilməsi ilə bağlı yerli hökumətlərə yardım etmək üçün UNESCO artıq bir müddətdir ki, rəhbər qaydaları hazırlayır. Biz həm dünya irsi ərazisi, həm də dünya irsi şəhəri deyirik. Dünya irsi ərazisi dedikdə hansısa abidəni nəzərdə tuta bilərik. Amma dünya irsi şəhəri daha mürəkkəb bir ərazi deməkdir, burada insanlar da yaşayır. Burada ayrı-ayrı təbəqəyə aid olan maraq dairələri, bu maraq dairələrinin də hər birinin öz ehtiyacı, strategiyası, siyasəti, büdcəsi var. Bütün bu məsələlərin idarə olunması baxımından yerli hökumətlər UNESCO-ya müraciət edirdilər ki, təşkilatımız onlara bu ərazilərin idarə olunması ilə bağlı yardım etsin. 21-ci əsrin əvvəlində yerli hökumətlər bu məsələlərə görə çoxlu problemlərlə üzləşir. 1960-cı illərdə bu ərazilərin idarə olunması indiki dövrlə müqayisədə daha asan idi. İndi həyat da xeyli mürəkkəbləşib.

- UNESCO-nun hazırladığı rəhbər qaydaların əhəmiyyəti nə olacaq?

- İndiyədək yanaşma o idi ki, dünya irsinə aid olan ərazi və şəhərlərdə əsas iş konservasiya işlərinin aparılması ilə bağlı idi. İndi isə biz bu qənaətə gəlmişik ki, yalnız konservasiya işlərinə xüsusi diqqətin yetirilməsi və yerdə qalan işlərin görülməməsi artıq özünü doğrultmur və problemlərə gətirib çıxarır. Əgər biz konkret ərazidən danışırıqsa, burada insanlar yaşayırsa, bütün bu işlər vəhdət şəklində aparılmalıdır, bir işi o birindən ayırmaq olmaz. Tutaq ki, biz İçəri şəhərdən, İçəri Şəhər Qoruq İdarəsindən danışırıq. Biz bilirik ki, onların səlahiyyəti həmin bu qala divarları daxilində yaşayan əhali və yerləşən ərazi ilə bağlıdır. Bundan kənara çıxa bilmir. Amma bunun özü də bir qədər problemdir. Belə ki, əgər siz konservasiya işlərini həyata keçirirsinizsə, o zaman bütövlükdə böyük Bakı ərazisi nəzərə alınmalıdır. Çünki böyük Bakının bu qalanın daxili ərazisinə təsiri var. Bir sadə misal çəkim. Şəhidlər Xiyabanının yanında alov qüllələri tikilib. Bu, elə bir tikilidir ki, dünya irsinə daxil edilmiş İçəri Şəhərin hər bir yerindən görünür. İstər-istəməz İçəri şəhərə zahirən təsir edir. Bu rəhbər qaydaların da əsas məqsədi ondan ibarətdir ki, biz bu kimi məsələləri daha münasib qaydada həll edək. Məsələ ondan ibarət deyil ki, bu alov qüllələri kimi tikililər tikilməsin. Əsla belə deyil. Alov qüllələri kimi tikililər tikilə, digər yeni infrastruktur həyata keçirilə bilər. Əsas məsələlər ondan ibarətdir ki, bu kimi layihələr həyata keçirildikdə dünya irsi siyahısına daxil edilmiş ərazilərə minimum dərəcədə təsir etsin.

- İçəri Şəhərlə artıq tanış olmusunuz. Bu abidənin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- UNESCO-nun ekspertləri son illər ərzində bu qənaətə gəlib ki, İçəri Şəhər Qoruq İdarəsinin rəhbəri çox təqdirəlayiq bir işin öhdəsindən gəlib. Onun da nəzərə almaq lazımdır ki, bu idarə qısa müddətdir ki, fəaliyyət göstərir. Nisbətən gənc rəhbərlikdən və onların gördüyü işdən danışırıq. Burada tərəqqi göz qarşısındadır. Çalışırıq ki, İçəri Şəhərin idarə edilməsindəki boşluqları gələcəkdə aradan qaldırmaqla nəticəni daha da yüksəldək. Biz seminarda da bu boşluqları müzakirə etdik və müəyyən razılığa gəldik.

- Bu boşluqlar nədən ibarətdir? Onların aradan qaldırılması üçün UNİESCO-nun Azərbaycana hansı tövsiyələr irəli sürəcəyi gözlənilir?

- İçəri Şəhəri bulvarla birləşdirmək lazımdır. Bu, çox vacib məsələdir, çünki ölkə üçün bulvar istər mədəni, istər siyasi, istərsə də iqtisadi baxımdan çox böyük sərvətdir. Bunun əhəmiyyətini danmaq qeyri-mümkündür. İçəri Şəhərin özünə gəldikdə, bura mədəni irs baxımından çox böyük əhəmiyyətə malik ərazidir. Ona görə də vacibdir ki, fiziki baxımından, həmçinin digər müstəvidən İçəri Şəhərlə bulvarı birləşdirək. İkincisi, hazırda bütün dünyada hökumətlər iqtisadiyyatlarını ətraf mühitə az ziyan vurmaq şərti ilə inkişaf etdirmək barədə düşünür. Biz buna “yaşıl iqtisadiyyat” deyirik. Bu səpkidə müvafiq işlər gedir. Bizə elə gəlir ki, Azərbaycan da çox yaxın zamanlarda bu istiqamətə qoşula və öz iqtisadiyyatını bu cəhətdən yenidən necə profilləşdirmək barədə fikirləşə bilər. Bu imkan verər ki, Azərbaycan cəmiyyəti artıq ekoloji qərarlar əsasında inkişaf etsin. Dünyada bu yol var.

- İçəri Şəhərdə konservasiya və inkişaf layihələrinin uyğunluğu üzrə UNESCO-nun hesabatı nə zaman hazır olacaq, burada hansı məsələlər öz əksini tapacaq?

- Milad bayramınadək bu hesabatı İçəri Şəhər Qoruq İdarəsinə verməyi nəzərdə tuturuq. Hesabat üç əsas hissədən ibarət olacaq. Birinci hissədə biz İçəri Şəhərin Qoruq İdarəsinin gördüyü işlər haqqında məlumatı qeyd edəcəyik. İkinci hissədə gələcək işlərlə bağlı ümumi mənzərəni açıqlayacağıq. Üçüncü hissədə isə praktiki tövsiyələrdən danışılacaq. Bu tövsiyələrdə göstəriləcək ki, gələcək işləri necə və hansı formada həyat keçirmək olar.

- İçəri Şəhər bir müddət əvvəl Dünya İrs Siyahısından çıxarıldı və ötən il yenidən daxil edildi. İçəri Şəhərdəki vəziyyət bu abidənin yenidən həmin siyahıdan çıxarılma təhlükəsi ilə üz-üzə qoya bilərmi?

- Əslinə qalsa, Azərbaycan Dünya İrs Siyahısına daxil olan ərazilərə malikdirsə, bu yükü üzərində hiss etməli və məsuliyyəti anlamalıdır. Bu məsuliyyət heç zaman itməyəcək və hər zaman qalacaq. Söhbət yalnız İçəri Şəhərdən deyil, digər ərazilərdən də gedir. Gələcəkdə inkişaf elə tərzdə aparıla bilər ki, İçəri Şəhər və digər yerli ərazi Dünya İrs Siyahısına daxil edilməsi üçün zəruri sayılan dəyərləri itirsin. Onda əlbəttə ki, bu ərazi həmin siyahıdan çıxarılacaq. Bu yalnız İçəri Şəhərin deyil, hər bir ərazinin başına gələ bilər. İçəri Şəhər Qoruq İdarəsinin gördüyü işlər müsbətdir, amma risklər qalır. Yəni Dünya İrs Siyahısına daxil edilən hər bir ərazi bu siyahıdan çıxarılma riski ilə üzləşə bilər.

- İçəri Şəhərdə yeni üslubda binaların tikilməsi normaldır?

- Çox vacib bir məsələyə toxundunuz. Seminarda da biz də konkret olaraq, bu məsələni müzakirə etdik. Söhbət yeni tikilən “For Season” mehmanxanasından gedir. Bu mehmanxananın bir hissəsi bilavasitə İçəri Şəhər ərazisinə daxildir. Əslində, mehmanxana əvvəllər bu ərazidə mövcud olan, sonra uçurulmuş binanın yerində tikilib. Bu, beynəlxalq standartlara zidd təcrübədir. Əslində, siz Dünya İrs Siyahısına daxil olan bir ərazidə nəyisə uçurub yerində başqa şey tikmək istəyirsinizsə, uzun bir prosesdən keçməlisiniz. Əvvəlcə icazə üçün müraciət etməlisiniz, müraciətinizdə öz mövqeyinizi əsaslandırmalısınız ki, niyə görə bu uçurulmalı və onun yerində yenisi tikilməlidir. Biz yardım etməliyik ki, “For Season” mehmanxanasının tikilməsi kimi hallar bir daha baş verməsin və vəziyyət elə təkmilləşdirilsin ki, artıq bu kimi halların təkrarlanmasına yer qalmasın.

- İçəri Şəhərdə belə hallar çoxdur?

- Prinsip etibarilə demək istəyirəm ki, İçəri Şəhərin idarəolunması yaxşı səviyyədə təşkil olunub. Belə məsələlərə gəldikdə, bəli, bu xoşagəlməz haldır. Lakin bu məsələlərlə bağlı müvafiq iş görməlisiniz ki, belə hallar təkrarlanmasın. Əks təqdirdə İçəri Şəhər yenidən təhlükədə olan Dünya İrs Əraziləri siyahısına daxil edilə bilər. Onu da deyim ki, belə hallar yalnız Bakıya məxsus hal deyil. Dünyanın bir çox ərazilərində Dünya İrs Siyahısına daxil edilən ərazilərdə belə hadisələr baş verir.

P.S. Qeyd edək ki, müsahibədə səslənənlər Ron Van Oersin şəxsi fikirləridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219

Oxşar yazılar