Əməkdar artist: “Bunu eşidəndə kövrəldim”
10 oktyabr 2012 19:55 (UTC +04:00)

Əməkdar artist: “Bunu eşidəndə kövrəldim”

“Hesab edirəm ki, bu məqamda gəncləri qınamaqdan, onları günahkar çıxarmaqdansa, tamaşalarda dinamikanı artıraq”. Lent.az-ın məlumatına görə, bunu “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na münasibət bildirən Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva deyib.

Gənclər üçün keçirilən festivalı dəstəklədiyini söyləyən əməkdar artist, bunun gənclərin teatra olan marağını daha da artıracağını deyib: “Bu festivalı yalnız alqışlamaq olar. Mən bu festivalın ideya rəhbər millət vəkili Jalə Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm. Ona görə ki, gənclərə hər zaman dəstək olur. Bildiyim qədər keçən il də belə gözəl festival keçirilmişdi, özü də milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuşdu. Mən gənclərə dəstək olan belə layihələrin keçirilməsi xəbərini eşidəndə inanın ki, sevincimdən gözlərim dolur. Çünki hər bir gəncin dəstəyə böyük ehtiyacı var”.

Teatra marağın azalmasından şikayətçi olan həmkarlarından fərqli olaraq Gülüstan Əliyeva əks fikirdə olduğunu deyib: “Qətiyyən azalmayıb. Mənim çalışdığım Akademik Opera və Balet Teatrı, Muğam Teatrı həmişə gənclərlə dolu olub. Səhnə arxasından həmişə baxıb fikir verirəm və görürəm ki, salonda oturub tamaşanı seyr edənlərin 70 faizdən çoxunu gənclər təşkil edir. Elə həmkarlarım arasında da opera, muğama böyük maraq göstərirlər. Hər bir gəncin arzusudur ki, Opera Teatrında Leylini, Məcnunu oynasın. Yaxud da digər klassik əsərlərdə əsas partiyanı ifa etsin. Təbii ki, informasiya və internet əsrində yaşayırıq, sosial həyatda, cəmiyyətdə bir dinamika hiss olunur. Gənclər də bəzən dözümsüzlük, səbisizlik nümayiş etdirirlər. Amma bu fikri də bütün gənclərə şamil etmək olmaz. Dediyim kimi gənclərin əksəriyyəti sənəti sevən və onun fanatı olan cavanlardır. Mən hesab edirəm ki, bu məqamda gəncləri qınamaqdan, onları günahkar çıxarmaqdansa, tamaşalarda dinamikanı artırmalıyıq”.

Əməkdar artist teatr rəhbərlərinə məsləhətlər də verib: “Məsələn, klassik tamaşalarda əvvəlki mizanları dəyişək, quruluşda yeniliklər edək, orkestrovkalar fərqlənsin və s. Məsələn Opera Teatrında “Leyli və Məcnun” operası indiyə qədər dörd quruluşda təqdim olunub. Teatrın rəhbərliyinin də məqsədi bu idi ki, yeni quruluşda dinamika, yeni baxışlar olsun. Çünki tamaşadakı dekorasiyalar 60-70, hətta 80-ci illərdən qalma idi. Bu dekorasiyalar yeniləndi, boş səhnələr götürüldü, fərqli bir görkəmdə tamaşaçılara təqdim olundu. Artıq tamaşada dinamika var və hər kəsin marağına səbəb olur”.

Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. İnformasiya dəstəyi Lent.az İnformasiya Agentliyi, Guney.az portalı və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856

Oxşar yazılar