O, əsil insan idi... - ANIM
18 sentyabr 2012 13:11 (UTC +04:00)

O, əsil insan idi... - ANIM

Məqaləni, lap elə silsiləni hazırlamaq, ən yaxşı halda, işin yarısıdır, harada və necə çap etdirmək – əsas budur. Yaxşı yadımdadır, 1992-si ilin sentyabrında (söz vaxtına çəkər) mənim də qarşımda belə bir problem dururdu. Bir neçə həftə gecə-gündüz işləyib siyasi partiyaların mahiyyəti və fəaliyyəti haqqında silsilə məqalələr hazırlamışdım, çap etdirməyə yer axtarırdım. Həmin dövrdə respublikada 525 qəzet çıxsa da, «Azadlıq» və «Aydınlıq» daha populyar idi. Amma mənə ruhən yaxın olanı «Aydınlıq» idi. Bu qəzeti hər həftə alır, bütün yazılarını oxuyurdum. Məni ən çox maraqlandıran Məmməd Nazimoğlunun siyasi satirası və Mahal İsmayıloğlunun siyasi publisistikası idi. Bu müəlliflərin heç birini şəxsən tanımırdım və yalnız qələmlərilə tanışdım. İkinci söz cəsarəti, fikir rəngarəngliyi ilə seçildiyi kimi, birinci də geniş fantaziyası, orijinal yumoru ilə seçilirdi. Mənim siyasi partiyalar haqqında elmi dildə demək istədiklərimi Nazimoğlu çayçı Məmmədin satirik dili ilə deyirdi. Fərq yalnız onda idi ki, onu hamı başa düşürdü...

Sentyabrın ilıq günlərinin birində cəsarətimi topladım, məqalələrdən birincisini, deyəsən, «Siyasi partiyalar parlamentdə və hakimiyyətdə» idi, götürdüm və «Aydınlıq» qəzetinin Nizami kinoteatrının binasında yerləşən redaksiyasına gəldim. Beşinci mərtəbədə soruşa-soruşa dəhliz boyu otaqları gəzdim. İmkansızlıq həmən hiss olunurdu, otaqlar təmirsiz, mebellər köhnə idi. Baş redaktorun (həmin dövrdə mərhum Babək Hüseynoğlu idi) kabineti başda olsa da, bağlı idi. Mənə dedilər ki, məqalələri baş redaktorun müavini Məmməd Nazimoğlu qəbul edir. Onun dəhlizin ayağında olan (Allahın yanında yeri başda olsun!) otağına gəldim. Qapı açıqdı, otaqda iki nəfər vardı, biri oxuyur, o biri yazırdı. İkinci uzun saçlı, eynəkli idi, birinci saçını qısa vurdurmuşdu, alnı açıqdı. İçəri girib salam verdim, aldılar, yazan tərpənmədi, oxuyan isə ayağa qalxdı, məni gülərüzlə qarşıladı. Bir az ürəkləndim, Məmməd Nazimoğlunu xəbər aldım. Müsahibim gözlərindən gülümsədi, «Əfəndim, ünvana gəlmisiz» dedi. Qəribə müraciətdən çaşdım və tələsik gəlişimin səbəbini açıqladım. Yenə məni heyrətləndirdi, sabaha, biri günə ötürmədi, otur dedi. Təxminən on dəqiqə on səhifəlik yazıya baxdı. Səhv etmirəmsə, Trotskinin «Hakimiyyətə gəlmək istəməyən siyasi təşkilat siyasi partiya adına layiq deyil» fikrini başa çıxardı. Və «Aktual mövzudur, amma bu həftənin maketi tutulub, gələn həftə gedəcək» dedi. Redaksiyadan çıxanda qapıdakı lövhələrə bir də baxdım, «Aydınlıq» sözünü bir də oxudum. Düzü, respublikanın ən populyar qəzetinin redaksiyasında bu səviyyədə qarşılandığıma və yazımın dərhal qəbul olunduğuna inanmırdım. Bu, yuxu kimi idi və mən yalnız sözügedən məqalələr silsiləsi tam çap olunduqdan sonra «Aydınlığ»ın yazarı olduğuma inanmağa başladım. Məmməd Nazimoğlu baş redaktor olduqdan sonra əməkdaşlığımız daha da genişləndi, yoldaşlığımız isə fələk bizi ayırınca davam etdi.

Düşünürəm ki, mətləbə keçmək vaxtıdır. Deyəsən, hələ bir az gecikmişəm. Məmməd Nazimoğlu haqqında yazanlar çox olub, ruhu göyə uçandan sonra lap çox olub. Bu yazıların çoxu vəfatından sonra (2008) işıq üzü görən «Mənim bir dostum vardı...» toplusunda (Allah İlham Abbasovdan razı olsun!) yer alıb. Bəziləri isə mənim kimi gecikib, sonradan ayrı-ayrı mətbu orqanlarında işıq üzü görüb. Bu yazıların demək olar ki, hamısında Məmmədin iki xüsusiyyəti, mən deyərdim ki, qabiliyyəti, xüsusilə qabardılır – onun gözəl qələm ustası və gözəl insan olması. Ona çox yüksək qiymət verənlər, hətta Mirzə Cəlillə müqayisə edənlər var. Məmmədin yazılarını həmişə sevə-sevə oxumuşam, onun Hüseyn Əfəndi və Mətləb Nağı haqqında xatirə yazılarını bu janrın incilərindən sayıram. Amma mən tənqidçi deyiləm, odur ki, bildiyim şeylərdən, onun böyük insan və böyük redaktor olmasından danışmaq istəyirəm. Yuxarıda dediyim kimi, qəhrəmanımın bu keyfiyyətləri elə ilk görüşdəcə məlum olmuşdu. O, olduqca həssas adam idi və insanı hiss etdiyi kimi, yazını da hiss edirdi. Bəli, Məmməd gözəl redaktor idi, yazını korlamadan - müəllifin dəsti-xəttinə və qəlbinə toxunmadan düzəldə bilirdi. Obrazlı desək, yazı (söhbət YAZI-dan gedir) tut ağacı kimi bir şeydir, ondan saz da düzəltmək olar, paz da. Bu prosesdə redaktorun peşəkarlığı üzə çıxır, onun şeirə, ya şairə qulluq etməsi məlum olur. Məmməd, sözsüz, şeirə qulluq edən redaktor idi, o, hətta adi yazıdan «saz» düzəldə bilirdi. Mən buna sonralar, «Xalq qəzeti»ndə işləyəndə yüz dəfə əmin oldum.

Məlum olduğu kimi, mərhum Prezident Heydər Əliyev 1995-ci ildə «Xalq qəzeti»ni öz himayəsinə götürmüş və qəzetin bərpası üçün əsaslı işlər görülmüşdü. Bu missiyanı həyata keçirmək isə həmin dövrdə artıq çapını dayandırmış «Aydınlıq» qəzetinin rəhbərliyinə həvalə olunmuş, Mahal İsmayıloğlu baş redaktor, Məmməd Nazimoğlu isə onun 1-ci müavini təyin olunmuşdu. «Xalq»-ın yaradıcı kollektivini formalaşdırmaq, sonradan baş redaktorun da etiraf etdiyi kimi, Məmmədə tapşırılmışdı. O da təcrübəli qəzetçi kimi mövcud kollektivi dağıtmaq yox, Telman Heydərov, Əlipənah Bayramov, Vahid İmanov, Tahir Rüstəmov kimi peşəkarları saxlamaq və yaradıcı özəyi onların ətrafında qurmaq yolu tutdu. M.Nazimoğlu hələ «Aydınlıq» qəzetinə rəhbərlik etdiyi dövrdə Bakının media mühitində gözəl əlaqələr qurmuşdu. Və bu əlaqələr ona «Xalq qəzeti»nə talantlı insanları, gözəl qələm ustalarını yığmağa imkan verdi. Mahir Nəbili, İttifaq Mirzəbəyli, Nazim Mustafa və bir çox başqaları onun təşəbbüsü ilə redaksiyaya gələn və öz qələmi ilə yüksələn insanlardır. Həmin dövrdə redaksiyaya gənclər də gəlirdi. İndi həmin gənclərin – Səbuhi Məmmədovun, Kamran Bədəlovun, Mehdi Hüseynovun səsi çox yuxarılardan, bəzilərininki hətta dövlət orqanlarından gəlir. Xüsusi olaraq qeyd etmək istərdim ki, onların yüksəlməsində öz qabiliyyətləri qədər də M.Nazimoğlunun xidmətləri olub.

1992 - 93-cü illərdə işlədiyim Elmlər Akademiyasında vəziyyət yaxşı deyildi, maaşlar aşağı idi, vaxtlı-vaxtında verilmirdi. Buna görə mən də bir çoxları kimi Rusiyaya, konkret olaraq, Sverdlovsk vilayətinə getmişdim, orada işləyirdim. Amma Məmmədlə mütəmadi olaraq zəngləşir, əlaqə saxlayırdım. Onların da vəziyyəti yaxşı deyildi, məlum «dozakl» poblemi var idi, «Aydınlıq» qəzeti bağlanmaq üzrə idi. Deyəsən, 1995-ci ilin dekabrı idi, ona zəng etdim, yeni ilini təbrik etmək istəyirdim. Kefi kök idi, dedi «Xalq qəzeti»ndə işləyirik, Mahal baş redaktordur, mən 1-ci müavin. Qəzet hər gün çıxır, biz də hər ay maaş alırıq. İstəyirsən gəl, görək neynirik.

1996-cı ilin yanvarında Bakıya qayıtdım, ertəsi gün «Xalq qəzeti»nə getdim. Məmməd məni «Aydınlıq»da olduğu kimi gülərüzlə qarşıladı. Dedi əvvəl Mahalı təbrik elə, sonra da vaxt itirmə, get evə. Bu gün cümədir, bazar ertəsinə Rusiyada yaşayan azərbaycanlılar, onların problemləri haqqında bir yazı yaz gətir. Söz verirəm, yazı qəbul olunsa, sən «Xalq qəzeti»ndə işləyəcəksən. Doğrudur, biz səni yaxşı tanıyırıq, amma ruslar demiş, «doveryay, no proveryay».

İki gün evdən çölə çıxmadım, «Rusiyada yaşayan azərbaycanlılar» mövzusunda 15-20 qrankalıq (A-2 formatda bir qəzet səhifəsi) sosial analiz hazırladım. Mən Sverdlovskda bir neçə il «Azəri» cəmiyyətinin vitse-prezidenti işləmişdim, mövzu mənə tanışdı, ona görə də babat alınmışdı. Həftənin çərşənbə günü məqalə «Xalq qəzeti»ndə çap olundu, cümə günü mənim əmrim verildi. Növbəti həftənin bazar ertəsi işə çıxdım. Sözümün canı odur ki, M.Nazimoğlu məni Rusiyadan çağırdı, arxamda durdu, işə girməyimə kömək oldu. Həmin dövrdə isə vəziyyət indiki kimi deyildi, ölkədə iş qıtlığı, nağd pul qıtlığı vardı, işə girmək, evə hər ay pul gətirmək özü bir möcüzə idi. Mən tək deyildim, qəzetin adlı yazarlarından bir çoxu (hazırda redaksiyada qalanlar da, başqa sahədə çalışanlar da var) bu sıradandır, M.Nazimoğlunun təmənnasız-filansız «Xalq qəzeti»nə dəvət etdiyi və sözün əsil mənasında, çörək verdiyi insanlardır. Maraqlıdır ki, sadaladığım, bir vaxtlar çiyin-çiyinə çalışdığım həmkarlarımın, demək olar ki, hamısı orta yaşlı insanlardır. İndi görün Məmmədin yaxşılıq etdiyi, çörək verdiyi nə qədər cavanlar var. Axı, o, «Xalq qəzeti»dən sonra «Mentalitet»də, «Şans»da, «Mərkəz»də, «Ulus»da işləyib, neçə yaradıcı kollektivə rəhbərlik edib.

Məmməd haqqında xatirələrim çoxdur, danışıb yaralarımızı qoparmaq istəmirəm. Amma birini danışmasam olmaz. İndi də bu hadisəni xatırlayanda gözlərim yaşarır, ayağa dururam. Səhv etmirəmsə, 2008-in apreli, «Xalq qəzeti»ndə işləyən vaxtlarım idi, işdən sonra qalmışdım, nömrəyə material hazırlayırdım. Birdən qapı açıldı və Məmmədin kölgəsi, bəli, bəli, kölgəsi içəri girdi. Qeyri-ixtiyari ayağa durdum, heyrətimdən qurumuşdum. Məmməd on ildə yüz il qocalmışdı, «Xalq qəzeti»ndə 1-ci müavin olan, xadimə xalanın «gözəl oğlan»ından əsər-əlamət qalmamışdı. Bir nəfəsi idi, o da zorla gedib-gəlirdi. Demirəm ki, Məmmədi çoxdan görmürdüm, yox, çayxanada, yolda arabir görüşürdük, zəngləşirdik, dərdləşirdik. O, gözümüzün qabağında əriyirdi. Amma bir neçə il olardı ki, bizim otağa gəlmirdi. Mən də təəccüblənmədim(!), yer göstərdim, tez çay dəmlədim. Turş konfet vardı, verdim. Şəkərin qurutduğu dodaqlarına stəkanı necə səbirsizliklə apardığını sezdim, dinmədim. O da şərh vermədi. Soruşdu ki, maaşınız nə qədərdir? Dedim qonorarla, filanla üç yüzə çıxır. Məmməd zorla gülümsədi, dedi bəs necə dolanırsız? Cavabım mücərrəd oldu - Allah deyib durmuşuq. Məmməd həmin dövrdə Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru işləyirdi. Dedi, beynəlxalq bir tədbir keçirməliyik, başım yaman qarışıqdır. Qoy qurtaraq, boşalaq, bir zəngləşək. Görək sənə nə kömək edə bilirəm, belə dolanmaq olmaz. Və getdi. Bu, Məmmədin otağımıza son gəlişi oldu. Sonra xəbəri Türkiyədən gəldi. Daha sonra isə...

Və son olaraq. Xəstəliyin əldən saldığı, kölgə kimi qaldığı bir dövrdə Məmməd bizimlə maraqlanırdı, hətta kömək etməyə çalışırdı. Amma o, bizim gözümüzün qabağında əridi, incəldi, getdi. Dünya boyda ürəyi və qabiliyyəti olan insanı itirdik. Kömək etmədik, etmək istəmədik, edə bilmədik...

Qalib ARİF
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2456

Oxşar yazılar