Bu gün xalq artisti Aygün Kazımova “APA-TV”nin “Üç Valet” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, A.Kazımova proqramın aparıcıları İlqar Əlfioğlu, Qabil Abbasoğlu və İlqar Rəsulun suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Aygün xanım xoş gördük. Tanınmış olacağınıza inanırdınız?
- İnanırsınız, bu sənətə yeni gələndə bilirdim ki, kimsə olacam. Amma bu qədər tanınmış biri olacağıma inanmırdım.
- Gələcək barədə inamlı idiniz...
- Gələcəyimi öncədən görmürdüm. Bəlkə də alın yazım idi. Yaşadım. Amma öncədən buna inanmazdım ki, tanınaram. Hər şey alın yazısıdır. Bəlkə burdan çıxacam, elə bir təklif gələcək heç ona da inanmayacam. Hələ indi də düşünürəm ki, heç nə etməmişəm. Çünki hər şey 25 il öncə İlqar Əlfioğluya verdiyim müsahibədən başladı. O, mənim yaradıcılığıma uğur gətirib.
- Öz səsin qulağına nə vaxt çatıb? Yəni səsinin olmasını nə zaman duydun?
- (Bir az düşünür) Dünyasını dəyişmiş Xeyransa Məmmədovanı izləyən zaman, onun “Ana kür” mahnısını zümzümə edərkən hiss etdim ki, səsim var. İlk dəfə o, mənim sənətə olan sevgimi artırıb.
- Səhnədə ilk maneələr nə zamandan başladı?
- Orta məktəbdən. O zaman idmanla məşğul idim, həm də ailədən qadağalar var idi. İstəmirdilər ki, mən müğənni olum. Hətta mənə qoyulan ilk qadağadan danışım. Önəmli bir tədbirdə iştirak etməli idim, amma anam işə qapını bağlayıb getmişdi. Onda biz 5-ci mərtəbədə qalırdıq. Bacımla həyat yoldaşı evdə idi. Onlara dedim ki, qapını açın, açmasanız, mən balkondan düşəcəm. Gördülər ki, fikrim qətidir, qapını açdılar, mən qaçıb getdim.
- İdmanla da məşğul olmusunuz.
- Bəli, mən müğənnilikdən öncə idmanda uğur qazanmışam. Həndbolla məşğul olmuşam. Qapıçı idim. İlk uğurum məktəblər arasında olub. Daha sonra Azərbaycan milli yığmasında qalib olmuşam. Amma musiqiyə olan maraq idmanı üstələdi.
- İlk dəfə toyda çıxışınız yadınıza gəlir?
- Bəli, ilk dəfə Naxçıvanda toyda oxumuşam. Çox həyəcanlı idim. Bacımın yoldaşı dedi ki, bir mahnı oxu. Mən də “Qara göz boy-boy” mahnısını oxudum. O zamanlarda da mənim üçün mahnının sözlərinin önəmi yox idi. Sözlər yadımdan çıxsa da, özümdən uydurub, oxuyurdum. Amma sözləri özümdən uydurmağımı kimsə bilmirdi. Yadımdadı, çoxlu şabaş yığmışdım. Həmin zamana qədər isə 2-3 dəfə ansamblın müşayiəti ilə çıxışım olmuşdu. Amma həmin toydakı ifamdan sonra alqışlandım, məhz həmin alqışlar da məni uçurdu göylərə.
- Sizə bu həyatda örnək kimdir?
- Sənətinin peşəkarı, istənilən peşənin sahibi, amma peşəkar olan insan mənim üçün örnəkdir. Məsələn, dünya ulduzları Madonna, Maykl Cekson, mənim üçün örnəkdir. Heç kim onlar kimi olmayacaq. Madonnanın etdiyi performansı indiki gənclər edə bilməz.
- Bəs Azərbaycanda kimdir örnək?
- Azərbaycandan mənə örnək yalnız Zeynəb Xanlarova olub. O, sənətdə bir inqilab edib. Onun səhnə hərəkətləri, geyimləri, konsertləri yadımdadır. Bütün işləri ilə əvəzolunmazdır.
- Sizdən sonra Aygün Kazımova olacaq?
- Yox, elə birini görmürəm. Təsəvvür etmirəm ki, biri gəlsin. Çünki mən bu sənətdə qazandıqlarımı sənətimə qoyuram. Villa, maşınlar, nəsə almıram. Sənətdən qazandığımı, sənətə qoyuram. Bəziləri məndən soruşurlar ki, villanız var? Deyirəm var, o mənim səhnə işlərim, yeni proyektlərim və albomlarımdır. Elə həmin albomdan birini də bu gün sizlərə verirəm.
- Musiqi təhsiliniz varmı?
- Bəli, mən məktəbi bitirən kimi “Aypara”da oxumuşam. Eyni zamanda bir neçə yerdə musiqi təhsili almışam. Ən əsası, peşəkar sənətçilərlə işləmişəm. Bünövrəm çox möhkəmdir.
- Namiqlə duetləriniz də oldu. Bir az da meyxana janrına yaxın mahnılar ifa etdiniz...
- Mən Namiqdən meyxana öyrənməmişəm. Meyxananın elə bir məqamında Namiqlə duet ifa etdim ki, meyxana yox vəziyyətində idi. Mənim ifamdan sonra meyxana haralara gəlib çıxdı. Qaldı ki, Namiq çox gözəl insan, gözəl meyxanaçıdır. O, məni əvvəllər Azərbaycanın xalq artisti Aygün Kazımova kimi təqdim edirdi. Mən də zarafatla “əməkdar artist adına həsrət qalan Namiq” deyə çağırırdım. Onunla yeddi illik işbirliyimiz və sevgili olduğumuz dövrdə çox şey öyrəndim. Baxmayaraq ki, onunla oxuduğuma görə, tənqid olunurdum. Amma indi görün meyxana hara gəlib çıxdı.
- Bu həyata nələri itirmisiz?
- Valideynlərimi itirmişəm. Onların yerini heç kim verə bilməz.
- Qızınızın müsahibəsi sizi kövrəldib? Niyə?
- Müsahibəsində deyir ki, ərə getməyimi istəyir. Açığı, bu açıqlamasına türklər demiş, çox şaşırdım. İnanmıram ki, o bunu qəlbdən istəyir. Çünki İlqarə qısqancdır. Məni hər kəsə qısqanır. Hətta Zülfiyyə Xanbabayevanı mənə qısqanır. Onun məni xoşbəxt görmək istədiyinə inanıram. Amma ailə qurmaq istədiyinə yox.