“Aygün Kazımova hansısa konsertə gələndə başına nə isə tuturdular ki, onu heç kim görməsin”
“20 ildir ki, şou-biznesdəyəm. Aygün Kazımova şou-biznesin təməlini qoyanlardandır. Hər şeyin ilki onda olub – keçəl baş, şortik və s. Gənclər indi-indi püxtələşirlər. Amma o vaxt bunları heç kim etmirdi. Xatırlayıram, Aygün xanım hansısa konsertə gələndə başına nə isə tuturdular ki, onu heç kim görməsin. Artıq ajiotaj yaranırdı ki, “nə edib ki, onu göstərmirlər?” Yalnız səhnəyə çıxanda hər şey məlum olurdu. Bunu indi kim edir? Eləsələr də, deyərlər ki, “Buna nə olub? Başı xarab olub?” Şou - biznes bizim kiçik dövlətimizdir. Hər şey bizim düzgün təqdimatımızdan asılıdır”. Bu sözləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan “Kristal” qrupunun rəhbəri Mədinə Məlik deyib. Qrup rəhbəri bildirib ki, bu camiədə olanlar bir-biri ilə dalaşır və insanlar bundan xəbər tutur.
“Qızlarımdan yalan vədlərə aldananlar olub...”
Mədinə Məlik uzun zamandır fəaliyyət göstərən, vaxtaşırı olaraq bəzi səbəblərdən üzvləri dəyişən “Kristal” qrupunda çalışan qızlarla əməkdaşlıq müqaviləsinin imzalanmadığını deyib: “Qızlarla müqavilə bağlamıram, amma lazımdır. Müqavilə hər iki tərəfi məsuliyyətli olmağa vadar edir. Mənim də öhdəlik götürdüyüm məqamlar var. Amma hesab edirəm ki, müqavilə sanki zəncirləmək kimidir. İstəmirəm belə olsun. Həm də düşünürəm ki, sağlam mühitli, özünə güvənən insana etibar etmək olar. Dürüst olmayanla on müqavilə bağlasan belə, xeyri yoxdur. Elə addım ata bilər ki, vidalaşarsan. Qızlarımdan çoxu ailə qurub, solo karyeraya başlayanlar, aldananlar, yalan vədlərə aldanıb əliboş qalanlar da olub”.
"Xanımfason" kişinin sualı
Heç kimə efirə görə qiymət vermədiyini qeyd edən qrup rəhbəri, özünün də bu cür tanınmasını arzulamır. Mədinə xanım bildirir ki, o “Kristal” qrupu ilə tanınmaq istəmir: “Düzdür, bu qrupla tanındım, amma Mədinə olaraq hörmət qazanmaq istəyirəm”.
Uzun illərdir musiqi qrupuna rəhbərlik edən Mədinə Məlik bu işin öhdəsindən gəlməyin heç də asan olmadığını qeyd edib: “Verilişlərin birində mənə belə sual verdilər: “Nə vaxtadək sizə "kişi kimi xanım" deyəcəklər? Xanım elə xanım olmalı deyil?” O sualı verən elə xanımfason kişi idi. Dedim “nə edim, kişilərdə qadınlaşma gedəndə, qadınlarda da kişiləşmə gedəcək də...”
Gülüm: “Minəndə də deyirlər, minməyəndə də...”
“Kristal” qrupunun üzvü Gülüm isə deyib ki, sənət adamlarına münasibət heç zaman birmənalı olmur: “Hamıya şamil etmək olmaz, amma bəzi müğənnilər avtobusa, metroya girəndə selfi çəkirlər. Amma elə müğənnilər, aktyorlar var ki, maşını olmadığı üçün məcburən bu nəqliyyat vasitələrindən istifadə edirlər. Bu halda isə, deyirlər ki, “buna bax, özünü göstərir”. İnsanlarda qəlbiqaralıq var. Minəndə də deyirlər, minməyəndə də”.