Kral, kraliça və böyük biznesin kreditdən başlayan yolu – ARAŞDIRMA –
28 avqust 2011 12:30 (UTC +04:00)

Kral, kraliça və böyük biznesin kreditdən başlayan yolu – ARAŞDIRMA –

İyirmi altıncı söhbət

"İngilis ekspansiyası"na müqavimətin digər iki ocağı da vardı. Onlardan biri Detroyt, digəri Memfisdəydi. Bu iki şəhər qara musiqinin paytaxtına çevrilmişdi. Detroytda lent yazıları "Motown" və "Tamla", Memfisdə isə "Stax" markasıyla çıxırdı.

Motaun fenomeni

Motaunun tarixi Kiçik Berri Qordinin adıyla bağlıdır. O, inadkar, qətiyyətli insan idi. Elə insanlardan ki, saysız-hesabsız uğursuzluqlara baxmayaraq, ruhdan düşmür və günlərin birində nəyəsə nail olur. Qordi həyatı boyu çox işin qulpundan yapışmışdı, hətta Fordun Detroytdakı avtomobil zavodunun konveyeri arxasında da durmuşdu. Avtomobil sənayesinin mərkəzi sayılan bu şəhərdə doğulması, nəhəng zavodda qısa müddət olsa da, işləməsi, Detroytun xalq arasında Motortaun adlandırılması Qordini bir səsyazma studiyası açaraq, adını Motaun qoymağa həvəsləndirir və hər şey də elə bundan başlanır...

Kiçik kredit böyük biznesə yol açır

Kiçik Berri Qordi hələ əllinci illərin axırlarında həvəskar səviyyəsində musiqi bəstələyirdi. 1959-cu ildə isə zövq aldığı bu işlə peşəkar səviyyədə məşğul olmaq, prodüsserliyə başlamaq qərarına gəlir.

1960-cı ilin əvvəlində bankdan kredit götürərək, iki səsyazma şirkəti - Tamla və Motaunun əsasını qoyur.

Özünün ilk kontraktını "Miracles" qrupuyla bağlayır. Yeri gəlmişkən, xatırladım ki, qrupun aparıcı solisti Smoki Robinson az sonra "qara musiqi"nin baş simalarından birinə çevrilir.
Qrupla əməkdaşlıq müqaviləsi imzalanmaqla Qordinin iki şirkətinin cəmi bir ümidverici ansamblı və iki dənə əla bəstəkarı vardı (Qordi Barret Stronqun 1960-cı ildə oxuduğu, Biitlzın ikinci albomuna daxil edilmiş "Money" hitinin müəlliflərindən idi). Heç bir il keçmədi ki, artıq qrupun iki dənə gözəl hiti vardı. Onlardan biri - "Shor Around" Top siyahısında ikinci pilləyə qalxdı. Sonra daha bir ümidverici dəstəylə əməkdaşlıq başlandı və "Marvellets" adlanan bu qrupun "Please Mr.Postman" mahnısı 1961-ci ildə artıq birinci pilləyə yüksəldi...

Markanın hörməti artdıqca, səhnə taleyini onunla bağlamaq istəyənlər də çoxalırdı. Qordi az sonra Detroytda işləri yaxşı getməyən kiçik firmaları almağa başlayır və bu minvalla Ruffin qardaşları (Cimmi və Devid), Lamont Dozier, Brayan Holland kimi musiqiçiləri öz əlinə keçirir. Bu üçlük sonralar dünya musiqisində ən uğurlu müəllif komandası kimi ad çıxarır. Qeyd etmək lazımdır ki, Qordinin markasıyla əməkdaşlıq edənlərin arasında hətta "The Temptations" qrupu da vardı...

Az sonra artıq Motaun hamının hesablaşmalı olduğu nüfuzlu bir gücə çevrildi. Təbii ki, o zamanlar "qaraların" musiqisinə köklənən digər müstəqil firmalar da vardı, amma onların heç biri bazara Motaun qədər hit çıxara bilmirdi. 1963-cü ildə Motaunun artıq dörd dənə milyonluq hiti və onların arasında Meri Uellsin, "Miracles" qrupunun, Balaca Stivi Uanderin də bir mahnısı vardı.

Biitlz Motaunu izləyir

Amma Birləşmiş Ştatların sərhədlərindən kənarda Motaun, onun ulduzları barədə az adam bilirdi. Amma Biitlz qrupunun üzvləri Qordinin addımlarını böyük diqqətlə izləyirdilər. Və məhz onların diqqəti sayəsində 1964-cü ildə vəziyyət dəyişdi. Cəbhə xəttini ilk yaran Motaunun "Supremes" qrupu oldu. Onların üç qızıl diski İngiltərədə birinci üçlüyə çıxdı. Elə həmin il Meri Uellsin "Two Lovers" mahnısı beşinci pilləyə yüksəldi.

Motaun Britaniya bazarındakı yerini 1966-cı ildə birdəfəlik möhkəmləndirdi. Amma hələ 1964-cü ildən İngiltərə musiqisevərləri arasında onu tanımayan tapılmazdı. Motaunun ulduzları sırasında The Temptations, Smoki Robinson, Stiv Uander, Mervin Gaye, Martha and Vandellas və təbii ki, Supremes vardı. Yeri gəlmişkən, qeyd edim ki, adını çəkdiyim sonuncu qrupda 70-ci illərin gələcək meqa-ulduzu Dayana Ross da vardı. Əgər bu parlaq siyahıya gözəl bəstəçilərin də adını əlavə etsək, Motaunun niyə 60-cı illərdə dünyanın ən nüfuzlu səsyazma firmalarının arasında yer tutduğunu anlayarsınız.

Memfisin "soul"u nədir

Müqavimətin üçüncü mərkəzi isə, bayaq dediyim kimi Tennesi ştatının Memfis şəhəri idi. Memfis soulun paytaxtı sayılırdı...

Bəs "soul" özü nədir? Düzünü desəm, bunu sonadək anlaya bilməmişəm, amma qaradərililərin musiqisini tədqiq edənlərin yazdıqlarına əsaslansaq, görərik ki, bu sual onları da uzun müddət düşündürüb. Məsələn, onlardan biri - İan Hoare özünün "The Soul Book" (1975) kitabında yazır: "Soul nədir? Bu terminin yaranma tarixini kifayət qədər dəqiqliklə təsbit etmək olar: 60-cı illərin ortaları. Məhz o vaxt qospel ənənələrinə əsaslanan bəstəkar üslubu ritm-ənd-blüz artistlərinə uğur gətirməyə, yeni aranjeman üslubları yaranmağa, səsyazma texnikasının musiqi istehsalında ayrılmaz tərkib hissəyə çevrilməsi prosesinin qanunauyğunluğu qəbul edilməyə başlamışdı".

Tanınmış musiqi tədqiqatçısının verdiyi bu təyinat mənim üçün qaranlıq qalsa da, elə bilirəm ki, o, soulun sığallı ritm-ənd-blüz olmasına, ən rəngarəng səsyazma texnikasının köməyilə lentə alınaraq, qospelin qanı cuşa gətirən effektinin qorunmasına xidmət etməsinə işarə vurur. Əslində, Motaun da şimalda məhz bununla məşğul idi.

Musiqişünas qeyd edir ki, zaman keçdikcə, bu termin özünün ilkin mənasını itirdi və ondan elə tez-tez istifadə etməyə başladılar. "İndi ən müxtəlif üslublara - Ceyms Branun rəqsindən tutmuş, Roberta Flekin düşündürücü mahnılarına, "Jackson5"ın (pop kralı Maykl Ceksonun qardaşları ilə bir yerdə çıxış etdiyi qrup) uşaq sevincindən tutmuş, "Ohio Players"in caz improvizəsinədək "soul" deyirlər".

Yaxşı, görəsən bütün bu qarmaqarışıqlığı bir nöqtədə birləşdirmək mümkündür? İan Hoare deyir ki, hə. Çünki "soul" adını daçıyan bütün ifaçıları bir məqam birləşdirir: onların hamısı qaradərililərdir. Görünür, musiqidə soul "irqi musiqi"nin, "ritm-ənd-blüz"un sinonimi sayıla bilər.

"Stax"ın əvvəli və axırı

Beləliklə, "soul" sözü "qara" sözünü əvəz etdi. Necə ki, bir zamanlar "qara" sözünü də "rəngli" sözü əvəz etmişdi. Onda belə çıxır ki, 60-cı illərdə ağdərili cavanların sevdiyi musiqini başqa ad tapılmadığından "soul" deyə çağırıblar. Həmin illər soul iki geniş kateqoriyaya ayrılırdı. Birincisinə "ravers" (dəlilik etmək) deyərək, qızışdırıcı rəqs musiqisini; ikincisinə isə "smoochers" (öpüşmək) deyərək, lirik sevgi musiqisini aid edirdilər.

Bu iki kateqoriyada nə vardısa, hamısı soul idi və belə musiqilər "Atlantic", bir də "Stax" firmalarında lentə alınırdı.

Başqa sözlə desək, Detroyt üçün Motaun nə idisə, Memfis üçün də Steks eyni şey idi. Bu marka altında El Cekson, Donald Dann, Stiv Kopper, Buker T.Cons kimi istedadlı musiqiçilər birləşirdi və studiyadan 60-cı illərdə çıxan bütün hitlər onların müşayiətiylə araya-ərsəyə gəlib.

Steks soulun mərkəzi idi və bütün onillik boyu bu adını qoruya bildi. Marka hətta özünün ən böyük ulduzu Otis Reddinqin 1967-ci ilin 10 dekabrında təyyarə qəzasında həlak olmasından sonra da yaşadı...

Amma onilliyin axırlarına yaxın rəqs soulu öz dinamizmini itirdi, lirik soul isə bir az da yumşaldı. Soulun titanları Biitlzın hitlərinin aranjemanına keçdilər və bu addım Steksi dərin böhrana saldı.

1976-cı ildə Steks bağlandı...

Kral və Kraliça

Əgər soulun kral və kraliçasını seçməli olsaq, iki musiqiçinin adını tam əminliklə çəkə bilərik. 60-cı illərdə bu zirvəyə, heç şübhəsiz Ceyms Braun və Areta Frenklin yüksəlmişdi. Bu musiqiçilər bizim dinləyiciyə də yaxşı tanışdır. Onların xidmətlərini sadalamaqla bitməz. Elə buna görə də növbəti söhbətimi məhz səhnədə silinməz iz buraxmış bu iki meqa-ulduza həsr etmək niyyətindəyəm ki, soulun kral və kraliçasını daha yaxşı tanıyaq.

Amma sizinlə bugünlük vidalaşmazdan, daha bir məsələni qeyd etmək istəyirəm. "Biç boyz" qrupuna həsr edilmiş ötən söhbətimizə illüstrasiya kimi təqdim etdiyimiz musiqi çoxlarının xoşuna gəlməyib. Amma bu mahnı haqda fikir yürüdərkən nəzərə alın ki, lent yazısı Brayan Vilsonun ruhi xəstəliyinin tüğyan etdiyi dövrə aiddir və çoxları üçün məhz elə bu baxımdan qiymətlidir. Siz də bu bəstəçiyə həmin salonda alqışlar yağdıran tamaşaçılardan bir az ibrət götürsəniz pis olmaz. Axı sənətiylə bizi zövqün zirvəsinə yüksəldən simalar həmişə yaxşı formada olmurlar və bizim alqışlarımız çox vaxt onların bir mahnısına deyil, bütün yaradıcılığına verilən qiyməti əks etdirir. Elə deyil?...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar