QAMAQAL: Mirşahin: “Turan o sözü bizə “sevgili”, “məşuqə” kimi izah etdi”
26 mart 2010 14:00 (UTC +04:00)

QAMAQAL: Mirşahin: “Turan o sözü bizə “sevgili”, “məşuqə” kimi izah etdi”

ANS-in vitse-prezidenti Turan İbrahimovun qalmaqallı köynəyindən danışdı

ANS Müstəqil Yayım və Media Şirkətinin vitse-prezidenti Mirşahin Ağayev ANS TV-də yayımlanan “Günəbaxan” verilişində aparıcı Turan İbrahimovun efirə çıxdığı mayka ilə bağlı açıqlama verib. M.Ağayev Lent.az-a açıqlamasında həmin maykanın hansısa firmaya deyil, şəxsən Turan İbrahimovun özünə məxsus olduğunu bildirib: “Adətən aparıcı efirə çıxarkən, onun geyimi üzərində hansısa firmanın brendi olarsa, ona təbii ki, reaksiya göstəririk. Turan bu maykada çıxarkən əməkdaşlarımız elə biliblər ki, adi yazıdır, onu efirə buraxıblar. Sonra bizə mesajlar gəldi ki, bəs maykanın üzərində yazılanlara diqqət edin. Turan da belə izah etdi ki, siz yazının bu tərcüməsini yox, başqa tərcüməsini nəzərə alın, yəni yazının sonu türk dilinə “sevgilim ol”, “məşuqəm ol” kimi tərcümə olunur. Yəni, “fahişəm ol” söhbəti deyil. Buna baxmayaraq, camaatın mesajları yenə davam etdi. Turan da axırda üstdən daha bir paltar geyinib yazını görünməz etdi, sonra da lətifəni danışdı. O lətifə Azərbaycan xalqı haqqında deyildi. Sadəcə olaraq deyirdi ki, camaatın ağzını yummaqdan ötrü bir yol var, gərək uzunqulağı götürəsən çiyninə. O, heç kəsə uzunqulaq demədi. Sadəcə, əgər doğrudan da onun maykasına yazılan sözlərdə belə bir tərcümə varsa, yanlış varsa, bu adam müəyyən mənada etdiyi səhvi çiyninə alır. Burada da məncə qınanılası bir şey yoxdur. Əsas odur ki, tamaşaçıların rəyinə hörmətlə yanaşaraq, onu efirdəcə dəyişiblər. Məncə, burada elə bir qəbahət də yoxdur”.

Məsələni ümumilikdə “bir “brak”” kimi dəyərlənlirən M.Ağayev hadisə ilə bağlı ANS Müstəqil Yayım və Media Şirkətində hansısa iclas keçirilməsi barədə deyilənləri təkzib edib.

Xatırladaq ki, martın 26-da ANS TV-də yayımlanan “Günəbaxan” verilişində aparıcı Turan İbrahimovun əyninə geyinərək canlı efirə çıxdığı mayka ingilis dilini bilən tamaşaçıları şoka salıb. Aparıcının əynində “İf you want more, just be my WHORE” yazılmış köynək olub. Bu, Azərbaycan dilində “Əgər çox istəyirsənsə, sadəcə fahişəm ol” deməkdir.

Veriliş zamanı studiyada olan çoxsaylı auditoriya arasında yaşlı insanlar, gənc qız və oğlanlar, hətta baş örtülü qadınlar olub.

Saat 10.00-da başlayan verilişin təxminən bir saatı keçəndən sonra Turan İbrahimov efirdə köynəyinin sinəsini əlləri ilə örtməyə məcbur olub. Lent.az-ın əməkdaşı telekanala zəng edib. Özünü təqdim etməyən telekanal əməkdaşı bu barədə prodüserlə danışıb açıqlama verəcəyini deyib. Yalnız bundan sonra, saat 11.23-də reklam çarxının ardınca Turan həmin qalmaqallı köynəyin üstündən yüngül yaz geyimi geyinərək, yazıların üstünü örtüb.

O, “millət mənim maykamdan danışırdı, ona görə də bunu üstdən geyindim. Əslində bunu isti olduğu üçün çıxarmışdım efirdə” deyib. Daha sonra isə o, tamamilə yersiz olsa da, Molla Nəsrəddinin uzunqulaq barədə məşhur lətifələrindən birini danışıb. Molla Nəsrəddin lətifənin sonunda uzunqulağı boynuna mindirir. Lətifəni danışıb qurtardıqdan sonra Turan İbrahimov “Gərək bu millətin ağzını yummaqdan ötrü uzunqulağı boynuna mindirəsən” deyib.

Yeri gəlmişkən, aparıcı Turan İbrahimov özünü dindar, namaz qılan şəxs kimi təqdim edir. İmanlı müsəlmanın belə bir hərəkətə yol verməsi nə qədər təəccüblüdürsə, efirdə belə əxlaqsız ifadələrlə tamaşaçını təhqir etmək o qədər etik qaydalara ziddir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1880

Oxşar yazılar