Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mircəlil Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, zərərçəkmişin hüquqi nümayəndəsi Nərgiz Şəfiyeva hadisədə iştirak edən ikinci şəxs - "Mercedes-Benz 230" markalı avtomobilin sürücüsü Bəxtiyar Rəhimlinin hansı səbəbdən istintaqdan kənarda qalmasından narazılığını məhkəməyə bildirib:
"Oğlumun ikinci qatili Bəxtiyardır. Eşitdiyimə görə gedib orada-burada deyirmiş ki "Biz artıq işlərimizi həll etmişik, hüquq bizim tərəfimizdədir". İkinizi (təqsirləndirilən M. Əzizlini də nəzərdə tutur) də öləsiniz elə. Gün görməyəcəksiniz".
Zərərçəkənin hüquqi varisi daha sonra bildirib ki, qəzadan sonra oğlunu o halda qoyub heç bir kömək göstərməyiblər:
"Sən ( təqsirləndirilən M. Əzizliyə müraciət edir) görmürsən ki, qarşıda qəzalı maşın var? Kömək etmək bir qırağa dursun, üstəlik özün də qəza törədib mənim evimi yıxmısan, ocağımı söndürmüsən. Mən ona görə uşağımı zülmlə, zillətlə böyütmüşdüm ki, sənin kimi biri ürəyimə dağ çəksin? Təbriz təzə ata olmuşdu, üzümüz təzəcə gülürdü. Onun balasını yetim qoydun. O vaxtdan bir dəfə də ailəmlə maraqlanmamısınız, halımızı soruşmamısız. Amma oğlumun ölümünə səbəb ola-ola utanmadan hələ onu günahlandırırsınız"-deyib.
Növbəti proses 2 sentyabr saat 12:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin 16 avqust tarixində Suraxanı rayonu, aeroport şosesində qeydə alınıb. Belə ki, Təbriz Şəfiyev idarə etdiyi avtomobildə texniki nasazlıq yarandığı üçün onu yolun kənarında saxlayıb və problemi aradan qaldırmağa çalışıb. Həmin zolaqla hərəkətdə olan Mircəlil Əzizlinin idarə etdiyi "Toyota" markalı avtomobil onun maşınının arxa hissəsinə çırpılıb. Zərbənin təsirindən maşının önündə olan Təbriz ikinci zolağa düşüb və Bəxtiyar Rəhimlinin idarə etdiyi "Mercedes"in alt hissəsində qalaraq hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, Mircəlil Əzizli Cinayət Məcəlləsinin 263-1.3 maddəsi (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.