Vergilər Nazirliyi “Elektron cinayət işi”nin təqdimatını keçirib
10 noyabr 2016 14:50 (UTC +04:00)

Vergilər Nazirliyi “Elektron cinayət işi”nin təqdimatını keçirib

 

Noyabrın 10-da Vergilər Nazirliyi digər dövlət qurumlarının iştirakı ilə “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı təqdimat mərasimi keçirib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Namiq Əliyev bildirib ki, Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işləri artıq başa çatıb.

 

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə təqdimatla çıxış edərək, vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti (VCİAD) tərəfindən aparılan istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi, insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək, nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) “Elektron cinayət işi” modulunun hazırlanıb istifadəyə verildiyini bildirib.

 

“Elektron cinayət işi” modulu barədə tədbir iştirakçılarına ətraflı izahat verən Z.Məmmədzadə bildirib ki, bu - ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.

 

Baş idarə rəisinin sözlərinə görə, “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.

 

Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacağını deyən Z.Məmmədzadə, məsələ ilə bağlı VCİAD-ın müstəntiq və təhqiqatçıları üçün müvafiq treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar